Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:41

Polis karantin rejiminə görə vətəndaşları cərimələyə bilərmi


Bakıda metro bağlandı. Ölkədə virusa yoluxanların sayı artır
Gözlə

No media source currently available

0:00 0:10:32 0:00

Bakıda metro bağlandı. Ölkədə virusa yoluxanların sayı artır

Son vaxtlar Azərbaycanda hər gün minlərlə adam karantin rejimini pozmaqda suçlanaraq cərimələnir. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, təkcə aprelin 5-dən 6-na qədər 3800 nəfərə polis cərimə kəsib. Cərimələnənlərdən 1881-i Bakıda olub. Daha 6 nəfər isə inzibati qaydada həbs olunub.

Aprelin 3-dən 4-nə qədər isə eyni əsasla 5073 nəfərə cərimə yazılıb, 9 nəfər həbs edilib. Ondan bir gün öncə karantin rejiminə görə cərimələnənlərin sayı 3581, həbs edilənlər isə 10 nəfər olub.

İddia olunur ki, cəzalandırılanlar şəhər və rayonlardakı xüsusi polis postlarından, ara yollardan keçməyə cəhd göstərənlər, qadağalara baxmayaraq, iaşə obyektlərinin fəaliyyətini davam etdirənlər və başqa formada karantin rejimini pozanlar olub.

Bu cəzalar İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən tətbiq olunur. Bu maddədə epidemiya əleyhinə rejimin, həmçinin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər üçün 100 manatdan 200 manata qədər cərimə, yaxud da 1 aya qədər həbs nəzərdə tutulub. Vəzifəli şəxslər üçün cərimənin məbləği 1500 manatdan 2000 manata qədər, hüquqi şəxslər üçünsə 2000 manatdan 5000 manata qədərdir.

Xüsusi rejim tətbiq olunan Bakının son halı
Gözlə

No media source currently available

0:00 0:00:58 0:00

"Məhkəməyə şikayət etmək hüququ tanınmalıdır"

Hüquqşünas professor Xanlar Ələkbərov iddia edir ki, polis karantin rejiminin pozulmasıyla əlaqədar yalnız inzibati xəta protokolunu tərtib edə bilər. Buna görə cəza təyin etmək isə məhkəmənin işidir. Onun sözlərinə görə, polis əməkdaşı qaydanı pozmuş şəxsdən izahat alıb, inzibati xətaya dair protokol tərtib edib, onu rayon məhkəməsinə göndərməlidir.

"Sual oluna bilər ki, pozuntuya yol vermiş şəxsi niyə hadisə yerində cərimələyib, bununla da məsələni operativ şəkildə həll etmək olmaz? İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində həm cərimə, həm də həbs cəzası nəzərdə tutulub. Obyektiv və subyektiv halları nəzərə alıb, hansı cəzanı tətbiq etmək, cərimənin məbləği, həbsin müddəti məsələsinə məhkəmə qərar verə bilər. Hətta məhkəmə inzibati xətanın zərurətdən irəli gəldiyini düşünüb, o işə xitam da verə bilər. Məsələn, ola bilər ki, qaydanı pozan şəxs həmin vaxt maşınında xəstə uşağı klinikaya çatdırmağa çalışırmış...", – X.Ələkbərov AzadlıqRadiosuna bildirib.

Başqa bir hüquqşünas Ələsgər Məmmədli isə deyir ki, polis pozuntuya görə inzibati xəta protokolu tərtib edib, vətəndaşı cərimələsə də, mütləq məhkəmə perspektivi nəzərə alınmalıdır. Hüquqşünasın sözlərinə görə, polisin təyin etdiyi cərimənin ödənilməsini dərhal tələb etmək hüquqi baxımdan doğru deyil: "Mütləq vətəndaşa üst orqana, məhkəməyə şikayət etmək hüququ tanınmalıdır".

Ə.Məmmədli onu da vurğulayır ki, İnzibati Xətalar Məcəlləsinin giriş hissəsində onu tətbiq edəcək orqanlar üçün göstərişlər var:

Ə.Məmmədli
Ə.Məmmədli


"Məsələn, piyada ilk dəfə yol keçərkən qayda pozuntusuna – inzibati xətaya yol verirsə, onu cərimələmək olmaz. Birinci dəfə xəbərdarlıq olunmalıdır. Yox, əgər pozuntunu davam etdirirsə, bu halda cərimə tətbiq edilə bilər. Eləcə də, birinci dəfə inzibati xəta pozuntusuna görə şəxsi həbs etmək olmaz, alternativ cəza verilməlidir".

Xatırlatma

Azərbaycan da, dünyanın bir sıra ölkələri kimi, yeni koronovirusun yayılmasını önləmək üçün məhdudlaşdırıcı tədbirlər görür. Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb.

Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır. Martın 31-dən də aprelin 20-nə kimi paytaxt Bakıda metronun fəaliyyəti dayandırılıb. Həmin gündən qaydaların daha da sərtləşdirildiyi elan edilib. Yalnız bəzi icazəli sahələrdə çalışanların sərbəst hərəkətinə maneə yaradılmayacağı vurğulanıb. Dünən, aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda mağazaya, aptekə gedəndə evdən çıxırlar. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər.

Ölkədə koronavirus infeksiyasına yoluxmuş 641 şəxsdən 44 nəfərin müalicə olunaraq sağaldığı, 7 nəfərin vəfat etdiyi bildirilir.

XS
SM
MD
LG