Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:34

Şolts Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququndan danışıb


Nikol Paşinyan və Olaf Şolts
Nikol Paşinyan və Olaf Şolts

Almaniyanın Kansleri Olaf Şolts (Olaf Scholz) Ermənistan-Azərbaycan münaqişəsinin Qarabağ sakinlərinin öz müqəddəratını təyinetmə hüququnu nəzərdə tutan dinc həllinə tərəfdarıdır. Kansler bunu martın 2-də Almaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündən sonra deyib. Məlumatı AzadlıqRadiosunun erməni xidməti yayıb.

“Ermənistan-Azərbaycan sərhədində sabitsizlikdən və Dağlıq Qarabağda humanitar vəziyyətin pisləşməsindən narahatıq. Status kvo davam edə bilməz və xalqın xeyrinə uzunmüddətli həllə ehtiyac var”, – Şolts deyib.

“Ermənistan və Azərbaycanın ərazi bütövlüyü və Dağlıq Qarabağ vətəndaşlarının öz müqəddəratını təyinetmə hüququnu nəzərə alan dinc həll yolu tapılmalıdır. Bu prinsiplər bərabər tətbiq oluna bilər”, – Şolts birgə mətbuat konfransında söyləyib.

Şoltsun bəyanatına rəsmi Bakı, hələlik, reaksiya verməyib. Azərbaycan rəsmiləri daha öncəki bəyanatlarında Qarabağın erməni sakinlərinin ölkənin bütün vətəndaşları ilə eyni hüquqlara malik olduğunu bildirib.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarətini bərpa edib. Ancaq Qarabağda ermənilərin yaşadığı yerlərə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib. Sərhədlər delimitasiya olunmayıb, sülh sazişi imzalanmayıb.

Ermənistan rəsmilərinin son bəyanatları

“Azatutyun” qeyd edir ki, 2020-ci il müharibəsinə qədər ABŞ, Rusiya və Fransanın hazırladığı sülh planlarında Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququnun referendum vasitəsilə həyata keçirilməsi təsbit olunub, Ermənistan hökumətləri də bu prinsipi əsas tutublar.

Son bir ildə isə Paşinyan və hökumətin digər aparıcı rəsmiləri açıq bəyanatlarında bu haqda danışmırlar. Onlar əvəzində “Dağlıq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi”nin tımin olunmasının vacibliyini vurğulayırlar.

Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan fevralın sonunda deyib ki, onun fikrincə, Qarabağ məsələsi sülh müqaviləsinə salınmamalıdır, amma bu, Yerevanın Qarabağ ermənilərinin hüquqlarından imtina etməsi kimi başa düşülməməlidir.

Paşinyan yanvarda bildirib ki, beynəlxalq ictimaiyyət Qarabağı daim Azərbaycanın tərkib hissəsi sayır. Ermənistan müxalifəti və Qarabağ separatçılarının rəhbərliyi bu bəyanatı rədd edib. Qarabağdakı separatçı rejim Yerevanı beynəlxalq arenada “Artsax xalqının öz müqəddəratını təyinetmə hüququ”nu təbliğ etməyə çağırıblar.

Simonyan: 'Hesab edirəm ki, Qarabağ məsələsi sülh sazişinə salınmamalıdır'
Gözlə

No media source currently available

0:00 0:02:47 0:00

Monitorinq missiyasında almaniyalı müşahidəçilər çoxluq təşkil edir

Şolts Avropa ittifaqının başçısı Şarl Mişelin (Charles Michel) Ermənistan-Azərbaycan sülh sazişini irəli aparmaq cəhdlərinə dəstək ifadə edib. O, ötən aydan Ermənistanın Azərbaycanla sərhədində fəaliyyətə başlamış Aİ monitorinq missiyasında almaniyalı müşahidəçilərin çoxluq təşkil etdiyini vurğulayıb.

Rusiya Ermənistanın bu missiyanı xahiş etməsini pisləyib, bunu Qərbin Moskvanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq cəhdlərinin tərkib hissəni adlandırıb. Yerevan isə ənənəvi müttəfiqinin tənqidini rədd edib, Moskvanı təmkinli və sakit olmağa çağırıb.

Paşinyan Berlində deyib ki, Ermənistanla Aİ “monitorinq missiyasını tənzimləyən sənəd” imzalamağı planlaşdırırlar. O, detalları açıqlamayıb.

Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan ötən ay Almaniyaya səfər edib. O zaman onun almaniyalı həmkarı Annalena Baerbok Azərbaycanın Qarabağı Ermənistanla birləşdirən yolun blokadasına dərhal son qoymağa çağırıb. Baerbok blokadanın “fəlakətli” humanitar nəticələri olduğunu deyib.

Bir qrup azərbaycanlı fəal dekabrın ortasından Laçın-Xankəndi yolunda etiraz aksiyası keçirir, Qarabağda filiz mədənlərinin qanunsuz istismarına etiraz etdiklərini deyirlər. Rəsmi Bakı Qarabağ ermənilərinin blokadaya salınması ittihamlarını rədd edir, yolun humanitar məqsədlər üçün açıq olduğunu deyir.

XS
SM
MD
LG