Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:39

'Parnik'çilər təşvişdə: 'Mazut satışı da dayanıb, dedilər qiymət qalxacaq'


İstixanalar
İstixanalar

Azərbaycan ilin birinci rübündə tərəvəz ixracından 14,1 milyon manat qazanıb. Kənd Təsərrüfatı Nazirliyi bunun ötən ilin eyni dövründəkindən çox olduğunu bildirir.

Şəmkirli fermer Şahin Nəcəfovsa heç nikbin deyil: “Yəqin ki, ixrac azalacaq, belə getsə, qışda tərəvəz əkib-becərməyə maraq öləcək”. Onu pessimist nota kökləyən səbəb qazın qiymətinin 100 faiz bahalaşmasıdır. Fermer Azərbaycana bəlli miqdarda valyuta gətirə bilən, kənd təsərrüfatında gəlirli sahələrdən biri sayılan istixanaların fəaliyyətinin indən belə genişlənəcəyinə inanmır: “Qazın bir kubmetri 10 qəpik olanda, fermer bir hektarlıq istixanaya 6-7 min manat qazpulu ödəyirdi. Soyuq havalarda bu məbləğ 8-10 minə qalxıb. İndi belə çıxır ki, həmin məbləğ də, azı, 2 dəfə çoxalacaq”.

Buna da bax:​ Bu ilin 10 ayında idxal da, ixrac da azalıb

Fermerlər hökumətdən güzəşt gözləyir

Şahin Nəcəfovun sözlərinə görə, qazın bahalaşması istixanaların işinə ciddi təsir göstərəcək və əlavə xərclər maya dəyərini yüksəldəcək. Fermer hökumətin bu sahədə istixana sahiblərinə güzəşt etməli olduğunu düşünür. Onun fikrincə, günün müəyyən saatlarında qaz verilişinə güzəştli rəqəm tətbiq edilməlidir.

Şahin Nəcəfov: 'Qazın bir kubmetri 10 qəpik olanda, fermer bir sotluq istixanaya 6-7 min manat qazpulu ödəyirdi,,,'
Gözlə

No media source currently available

0:00 0:01:00 0:00
Direct-ə keçid

“İstixana iş yerləri deməkdir”

Şəmkirli fermer ölkəyə valyuta gətirə biləcək bir sahəyə marağın get-gedə öləcəyindən rahatsızdır: “İstixana kənd yerlərində iş yerləri deməkdir, üstəlik, məhsul ixrac olunduğundan, ölkəyə xarici valyuta gətirə bilir. Elə buna görə bir çoxu həvəslənib bu sahəyə sərmayə qoydu”. Fermer əlavə edir ki, Azərbaycanın xiyar-pomidoru daha çox Rusiya bazarına çıxarılır. O bazar rəngarəngdir, Çindən tutmuş İrana, Türkiyəyədək Rusiya bazarına məhsul gətirənlər var: “İndi Rusiya özü də aqrar sektora ciddi dəstək verməyə başlayıb. Daxili bazarda yerli məhsul hesabına da bolluq yaranacaq. Türkiyə ilə münasibətlər düzəldiyindən, bura qonşu ölkədən də axın olacaq. Belə bir rəqabətə bu maya dəyəri ilə Azərbaycan məhsulu necə davam gətirəcək? Mən hələ sərhəddə yaradılan süni gömrük problemlərindən danışmıram...”.

Buna da bax:​ 'Azərbaycan ərzağa olan tələbatının yalnız yarısını ödəyə bilir'

“Deyirlər, mazut da qalxacaq...”

Mazut çənləri
Mazut çənləri

Samuxda istixana işinə yenicə sərmayə qoyan Elnur Əliyev çaşqınlıq içindədir. Onun sözlərinə görə, istixananı işə salmaq üçün qaz xəttinin çəkilişi uzun sürəcəyindən, ilk ili mazutdan istifadəyə qərar veriblər: “10 ton alıb gətirdim, iki gün sonra getdim ki, yenə alım, dedilər, mazut satışı dayanıb, qiymət qalxacaq. Satmadılar, indi qalmışıq belə, neyləyək? Hələ ki, mazut gölündən kustar üsulla yığıb gətirən adamlardan alırıq”.

Elnur Əliyev bu işə 100 min manatdan çox pul xərclədiklərini deyir və əlavə edir ki, bu iş son ümid yerləridir: “Hər sahədə itirə-itirə gəlib burda dayandıq. Gələn il qazdan istifadə edəcəyik. Nə qazanacağıq, heç bilmirəm”.

Buna da bax:​ İstixanaların qazlaşmasına 30-40 min manat istəyirlər

“Fermerə yardım var”

Kənd Təsərrüfatı Nazirliyindən AzadlıqRadiosu-na deyirlər ki, fermerlərə yetərincə yardım göstərilir, subsidiyalar, o cümlədən, yanacağa subsidiya və gübrələr verilir. Enerji mənbələrində qiymət artımına dair hər hansı güzəştlə bağlı, hələlik, nazirlikdə müzakirə aparılmayıb. Nazirlik onu vurğulayır ki, Azərbaycan məhsulu ekoloji cəhətdən təmiz və keyfiyyətcə yüksək olduğundan, dünya bazarında özünə mütləq alıcı tapacaq. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən alınan məlumatdır.

Buna da bax:​ İlham Əliyev: 'Sahibkarlığa dəstək davam edəcək'

“Maya dəyəri bahalaşacaq”

Natiq Cəfərli
Natiq Cəfərli

Təbii qazın qiymətinin iki dəfə qalxması, elektrik enerjisinin 55 faizədək bahalanması istixanaların işinə böyük zərbə vuracaq. İqtisadçı Natiq Cəfərli belə düşünür. Onun sözlərinə görə, istixanalarda yetişdirilən məhsulların maya dəyəri, istər-istəməz, bahalaşacaq: “Xarici bazara çıxarılacaq məhsulların rəqabət qabiliyyəti azalacaq. Daxili bazarda isə qiymətlər artacaq”.

İqtisadçı deyir ki, istixana məhsullarının maya dəyərinin təxminən 50 faizi enerji xərcləridir. Bu üzdən, məhsulun dəyərində 50 faiz artım gözləniləndir. Natiq Cəfərlinin fikrincə, artıq dünya bazarına yetərincə ekoloji təmiz məhsullar çıxarılır və Azərbaycanın bu imiclə bazara bahalı məhsul çıxarmaq şansı yoxdur: “Azərbaycan pomidor-xiyarı Rusiya bazarına çıxır, bu bazara Latın Amerikasından da pomidor gətirilir. Maya dəyəri baha başa gələcəksə, bu məhsul rəqabətə necə davam gətirəcək?”.

Natiq Cəfərli: 'Maya dəyəri baha başa gələcəksə, bu məhsul rəqabətə necə davam gətirəcək?”'
Gözlə

No media source currently available

0:00 0:00:53 0:00
Direct-ə keçid

Buna da bax:​ Azərbaycanda yığılan meyvənin 16 faizi xaricə satılır

Türkiyə fermerə hər cür dəstək verir

Azərbaycan məhsuluna Rusiya bazarında rəqib olan Türkiyə fermeri məhsulun maya dəyərini necə tənzimləyir? Türkiyənin “Doktar” - Tarımın Doktoru Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Serap Öztürk deyir ki, fermerlərə hökumətdən böyük dəstək gəlir. Onun sözlərinə görə, fermerlər nağd puldan tutmuş aqromühəndis məsləhətinədək dəstək alırlar: “Aqrar sahədə müxtəlif dəstəklər var. Əkilən məhsuldan, işin özəlliyindən asılıdır. Məsələn, örtüaltı səbzə istehsalında biotexnik, bioloji mücadilə dəstəyi verilir. Kimsə istixanasının sahəsini böyütmək istəyirsə, ya təmir etdirəcəksə, bu zaman uyğun qurumdan dəstək ala bilir”.

Serap Öztürk deyir, yardımlar hər 10 sota olmaqla, nağd pul şəklində sahibkarın hesabına keçirilir: “Hər 10 sota işlədilən mazut və digər yanacaq üçün 11 lira (6 manat - red.) verilir”.

O, hökumətin yardımından kənd təsərrüfatı məhsullarının ixracatçılarının da yararlandığını söyləyir və əlavə edir ki, məhsulunu xarici bazarda tanıtmaq istəyən sahibkar reklam və hətta bu yöndə təhsil üçün də yardım ala bilir.

Serap Öztürk: 'Türkiyədə fermerlər nağd puldan tutmuş aqromühəndis məsləhətinədək dəstək alırlar'
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00
Direct-ə keçid

Buna da bax:​ Ekspert: «Aqrar sahə SOS siqnalı verir»

Təyyarə olayı üzündən Rusiya ilə pozulan münasibətlər düzələndən sonra Türkiyə bu ölkəyə meyvə ixracatını artırıb. Yerli medianın məlumatına görə, son bir neçə ayda Rusiyaya portağal ixracı ötən illə müqayisədə 27; naringi ixracı 41 faiz artıb.

Azərbaycan fermeri düşünür ki...

İndi azərbaycanlı fermer Şahin Nəcəfov düşünür ki, illərlə əziyyət çəkib qurduğu bu işin Azərbaycanda gələcəyi olacaq, ya yox. O, AzadlıqRadiosu-na müsahibəsində fikrini belə bitirir: “Bir halda ki hökumət enerji sektorunda qiymət artırır, manatın məzənnəsini sərbəst buraxıb, heç olmasa, bəzi güzəştlər barədə düşünməklə yanaşı, Azərbaycan fermerinin digər ölkə bazarlarına çıxmasına da yardım göstərsin, dəstək versin”.

XS
SM
MD
LG