Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:33

Yeni parklanma qaydaları ilə bağlı: 'Məqsəddə problem var'


Bakıda parklanma qaydalarının pozulmasına qarşı reyd
Bakıda parklanma qaydalarının pozulmasına qarşı reyd

Azərbaycan Nazirlər Kabinetinin "Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği" haqqında qərarına əsasən, iyulun sonunda Bakıda yeni parkinq qaydaları və qiymətləri qüvvəyə minib.

Bakı şəhərinin mərkəzində parklanmanın 1 saatı 1 manat, digər zonalarda 70, 40, 30 qəpik müəyyən edilib. Ödəniş nağdsız şəkildə həyata keçirilir. Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-dək, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmur. Mövcud tələbləri pozan sürücüləri isə 10 manat cərimə gözləyir.

Parklanma ilə bağlı qərar qəbul olunan zaman parkinqdə maşın saxlayan sahibkarlara müəyyən güzəştlər də olacağı ilə bağlı gözləntilər var idi.

"Güzəştdən, hələlik, əsər-əlamət yoxdur"

Amma bir çox kiçik sahibkarlar deyir ki, güzəştdən, hələlik, əsər-əlamət yoxdur. Onlardan Elçin Əliyev AzadlıqRadiosuna bildirib ki, obyekti şəhərin mərkəzində yerləşir: "Qanun qüvvəyə minəndən sonra yalnız parkinqə ayda 300 manata yaxın pul verirəm. Maşınım səkkiz, bəzən 10 saat parkinqdə qalır".

Onun sözlərinə görə, xüsusi güzəşt paketləri hazırlanmalıdır: "Məsələn, hər gün səkkiz saat parkinqdə maşını saxlayan şəxslər üçün abunə haqqı kimi münasib tarif paketləri tətbiq olunsa, yaxşı olar. İndiki tariflər sahibkarlara ziyan vurur. Hər yerdə kiçik sahibkarlara dəstəyindən danışırlar. Bəs bu nədir?!".

"Sahibkarlar üçün güzəşt nəzərdə tutulmayıb"

Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) "Turan"a bildirilib ki, qanunvericilikdə sahibkarlar üçün hər hansı güzəşt nəzərdə tutulmayıb: "Həmin qanun layihəsinin məqsədi Bakıda avtomobil yükünü azaltmaq və ictimai nəqliyyata marağı artırmaqdı. Şəhərin küçə-yol şəbəkəsində tıxacların azaldılması, ictimai nəqliyyatın orta hərəkət sürətinin artması, ikinci, üçüncü cərgələrdə qanunsuz parklanmanın qarşısının alınması, avtomobil nəqliyyatının və onun ətraf mühitə mənfi təsirinin azaldılması parklanma yerlərinin idarə olunmasının əsas hədəfləridir".

Vurğulanıb ki, qiymətlərdə hər hansı dəyişikliklərin edilməsi nəzərdə tutulmur.

"Dünya praktikasına uyğun yanaşma yoxdur"

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, istənilən böyük şəhərdə parkinq şəhər bələdiyyəsinin əsas gəlir mənbələrindən biridir: "Bizdə Bakı şəhər bələdiyyəsi olmadığına görə bugünə qədər hələ də bu məsələ uzanıb. Gah parkinqləri Bakı şəhər İcra Hakimiyyətinə verdilər, gah Bakı Nəqliyyat Agentliyinə, sonradan başqa bir quruma. Hələ də bu məsələdə oturuşmuş, dünya praktikasına uyğun bir yanaşma yoxdur".

O hesab edir ki, tariflər əsnək olmalıdır və zamana, günə, məkana görə dəyişməlidir: "Dəyişən qiymət praktikası olmalıdır ki, vətəndaşlar öz seçimlərini edə bilsinlər".

N.Cəfərlinin sözlərinə görə, meqapolislərdə bələdiyyələr şəhərin girəcəklərində, metro stansiyalarının yanında pulsuz parkinq yerləri təşkil edir ki, vətəndaş maşını ilə şəhərin içinə girməsin: "Bu, ona daha ucuz başa gəlir, çünki şəhəriçi yanacağa sərf etdiyi vəsait ictimai nəqliyyatda xərclədiyindən daha çoxdur. Bizdə belə bir diferensial yanaşma olmadığına görə yeni qaydaları müəyyənləşdirdilər".

"Məqsəd pul qazanmaqdır

İqtisadçının fikrincə, nəticədə əsas məqsəd yenə şəhər nəqliyyat infrastrukturunun yaxşılaşdırılması yox, hansısa bir orqanın daha çox pul yığmasına yönəlib: "Burada məqsədin özündə problem var. Əgər əsas məqsəd kimi şəhərdə sıxlığın aradan qaldırılması olsaydı, yanaşma daha diferensial olmalı idi. Biz onu görmürük".

N.Cəfərli bildirir ki, qanunvericilikdə iş adamları ilə bağlı xüsusi qaydalar nəzərdə tutulmayıb, amma burada da ayrıseçkilik var: "Hətta obyektlər öz mülkiyyətində olsa da, obyektin yanında parkinq sahəsi ictimai məkan sayılır və heç kimə verilmir. Amma bəzən biz əksini də görürük. Yəni, hər hansı iri şirkətlər, holdinqlər var ki, onlar özlərinə ayrıca parkinq qururlar və onlara qarşı hər hansı tədbir görülmür. Adi sahibkarlar isə, əksinə, bundan əziyyət çəkirlər".

XS
SM
MD
LG