Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:25

ABŞ müdafiə naziri Kiyevdə Moskvanı ittiham etdi


ABŞ və Ukrayna müdafiə nazirləri Lloyd Ostin (sağda) və Andrey Taran
ABŞ və Ukrayna müdafiə nazirləri Lloyd Ostin (sağda) və Andrey Taran

ABŞ müdafiə naziri bildirir ki, onun səfərindən məqsəd Ukraynanın ərazi bütövlünə sarsılmaz dəstək ifadə etməkdir

ABŞ-ın Kiyevdə səfərdə olan müdafiə naziri Lloyd Ostin Ukraynanın şərqində müharibənin başlanması və davam etməsinə görə Rusiyanın məsuliyyət daşıdığını bəyan edib.

"Bu müharibəni Rusiya başlayıb, dinc tənzimləməyə mane olan da Rusiyadır”.

Ostin bu sözləri Ukraynanın müdafiə naziri Andrey Taranla birgə keçirdiyi mətbuat konfransında verib.

Kiyevə ayaq basan kimi yazdığı tvitdə ABŞ müdafiə naziri bildirir ki, onun səfərindən məqsəd Ukraynanın ərazi bütövlünə sarsılmaz dəstək ifadə etmək və onun Rusiyanın gələcək təcavüzülərinin qarşısını almasına kömək etməkdir.


Ukraynanın NATO üzvlüyü perspektivlərindən danışan Ostin deyib ki, bu üzvlüyə heç bir “üçüncü ölkənin” veto qoymaq hüququ yoxdur.

Ukraynanın ABŞ-a güvəni azalmayıb

NATO rəsmi olaraq qapılarının Ukraynanın üzünə açıq olduğunu bəyan edib, lakin Kiyevə bugünədək üzvlük danışıqlarının başlanması üçün hərəkət planı verilməyib.

Rusiya Ukraynanın mümkün NATO üzvlüyünə qəti etiraz edir. Bu yaxınlarda prezident Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib ki, Ukraynanın NATO üzvlüyünə yaxınlaşdığı təqdirdə Moskva “aktiv hərəkətlərə” keçməli olacaq.

Ukrayna müdafiə nazirinin sözlərinə görə, danışıqlar zamanı ABŞ və Ukrayna arasında müdafiə əməkdaşlığının möhkəmləndirilməsi üçün “yol xəritəsi” və Qara dənizdə təhlükəsizlik məsələsi müzakirə olunub.

Andrey Taran qeyd edib ki, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması Kiyevin Birləşmiş Ştatlara etibarlı müttəfiq kimi güvənini azaltmayıb.

ABŞ-dan 60 milyon dollarlıq dərman və silah gəlib

Xəbər verildiyinə görə Ukrayna oktyabrın 18-də ABŞ-dan dava-dərman və silah-sursat yükünün ikinci dəstini alıb.

60 milyon dollarlıq bu yardımın göstərilməsi Ukrayna prezidentinin bu yaxınlarda ABŞ-a səfəri zamanı razılaşdırılmışdı.

Ukraynanın şərqində münaqişə 2014-cü ilin yazında, Rusiya Krımı ilhaq etdikdən az sonra başlanlıb.

Ukrayna və Qərb əmindirlər ki, Moskva Donbasdakı rusiyayönlü separatçılara silah, texnika və canlı qüvvə ilə birbaşa dəstək verir.

Ukrayna Rusiyanı separatçıların nəzarətində olan ərazilərini işğal etməkdə ittiham edir.

Moskva bu münaqişədə hər hansı iştirakını israrla danır.

XS
SM
MD
LG