Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:24

Öncə «Moskva» otelinə əlvida deyildi, indi də ada...


«Moskva» oteli
«Moskva» oteli

-

«Qafqaz Trans Service» şirkəti «Sanqaçal Qaradağ Neft və Qaz Terminalı» MMC-nin ona birləşdiyini elan edib.

Terminal 2007-ci ildə Xəzəryanı ölkələrin dənizdən çıxardığı neft və kondensatın Qara dəniz limanlarınadək nəqlini təmin etmək məqsədilə qurulub. Dövlətə məxsus «Azərbaycan İnvestisiya Şirkəti» (AİŞ) ASC-nin də terminalda 25 faizlik payı var.

ÖDƏNƏN MƏBLƏĞ İNDİYƏDƏK QARANLIQ QALIR

İşlərə başlanarkən, tikintiyə «Azersun Holding»lə birgə 164 milyon dollar sərmayə qoyulmasına dair planlar açıqlanmışdı (http://goo.gl/jqgPBF). Bunun 36 milyon dollarını «Qafqaz Trans Service» MMC yatıracaqdı. O da bəyan edilmişdi ki, terminalın ötürmə gücü illik 40 milyon tona çatdırılacaq.

2012-ci ilin sonunda layihə uğurla gerçəkləşdirildiyindən, AİŞ terminaldakı payını tərəfdaşına satdı. Amma paya görə «Qafqaz Trans Service» MMC-nin dövlətə ödədiyi məbləğ indiyədək qaranlıq qalır.

Bir müddət sonra terminalın səhmləri ləğv edildi. İndi isə artıq müstəqil şirkətdən söhbət getmir. Birləşmədən sonra «Qafqaz Trans Service» MMC-nin kapitalı 40 milyon manata yüksələcək.

«ALOV QÜLLƏLƏRİ» «MOSKVA»NI SÖKDÜRDÜ

Bir müddət öncə Azərbaycanın ən iri istehlak malları distribütor şirkəti olan «Sun Food Service» MMC «Azersun Holding»ə aid «Sun Food» MMC-ni içində «əritdiyini» açıqlasa da, hələ ki, birləşmə sona çatdırılmayıb.

Bir vaxtlar Bakının möhtəşəm turist qəbulu məkanlarından sayılan «Moskva» mehmanxanasının yerində artıq Bakının rəmzlərindən birinə çevrilmiş «Alov Qüllələri» ucaldılıb. Sökülən otelin fiziki yoxluğundan sonra indi adı da tarixə qovuşur.

«Alov Qüllələri»nin mülkiyyətçisi – «AZINKO Development» («AZINKO Holding» qrupunu daxildir) şirkəti «Moskva Mehmanxanası» ASC-nin ona qoşulması haqda məlumat yayıb.

2006-cı ilin sonunda - dövlət bu mehmanxananı AZINKO-ya satarkən, şirkət səhmdar cəmiyyətinə 157 milyon manat sərmayə yatıracağına dair öhdəlik götürmüşdü. Sonrakı dövrdə sərmayələr 350 milyon dollara yüksəlib.

On il öncə «Moskva Mehmanxanası» ASC-nin ümumi nominal dəyəri 1 milyon 838 min 192 manat olan səhmlərinin 99.98 faizini AZINKO əldə etmişdi. Səhmlərin qalan hissəsi, yəni 141 ədədi mehmanxananın 15 nəfər keçmiş işçisinə məxsus idi.

İŞÇİLƏR SİMVOLIK PAYA SAHİB OLDULAR

«Turan» agentliyinin məlumatına görə, dövlət əmlakı satıcısı özəlləşdirmənin gedişində əmək kollektivi üzvlərindən cəmi 80 ədəd dövlət özəlləşdirmə çeki qəbul edib. Səhmlərin almaq hüququna sahib 28 işçidən 15-i bu hüququndan yararlanmışdı. «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Qanuna əsasən, həmin işçilər mehmanxana səhmlərinin 15 faizini ala bilərdi. Bundan ötrü dövlətin onlara verdiyi 4 özəlləşdirmə çekindən başqa daha 2 min 723 ədəd çek təqdim edilməliydi. Söhbət 76 min 356 ədəd özəlləşdirmə çekindən gedirdi. Bu, ozamankı qiymətlərlə təxminən 300 min manat demək idi. Nəticədə, işçilər səhmdar cəmiyyətində simvolik paya sahib oldular. Halbuki son nəticədə AZINKO-nun 99.98 faiz səhm üçün dövlətə 50 min ədəd özəlləşdirmə çeki və 1 milyon manat pul ödədiyi bildirildi.

«Moskva Mehmanxanası» ASC-nin ləğvi və səhmlərinin dövriyyədən çıxarılması barədə məlumat verilməyib. Qanunvericiliyə görə, bu məlumatı Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatların elektron açıqlanması sistemi yaymalıdır.

XS
SM
MD
LG