Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:26

Obamanın kitabındakı şübhələr


D.Tramp və B.Obama
D.Tramp və B.Obama

"The Los Angeles Times" qəzetində Barak Obamanın bu ay çapdan çıxmış "Vəd olunmuş torpaq" (A Promised Land) adlı memuar kitabı haqda rəy dərc edilib. Müəllif Eli Stokols yazır ki, kitabı oxuyan zaman sanki Obamanın özünün özü ilə söhbət etdiyinin şahidi olursan. O öz ambisiyasını, verdiyi bütün qurbanların buna dəyib-dəymədiyini sorğulayır, qürurla administrasiyasının nailiyyətləri arasında var-gəl edir, kifayət qədər iş görüb-görmədiyi barədə şübhələr səsləndirir. Obamanın bütün dəyərlərini rədd edən Tramp dövründə yazılmış bu kitab Amerika siyasətinin hazırkı durumu, Amerikanın "vəd olunmuş torpaq"a çatıb-çatmayacağı haqda şübhələrlə doludur.

Seçki həyəcanının ilk qığılcımı

Obamanın prezidentliyinin yalnız ilk iki il yarımını əhatələyən bu 701-səhifəlik kitab ikihissəli memuarın birinci hissəsidir. Məqalənin müəllifi bu memuarın prezident memuarlarından fərqləndiyini, hətta müəyyən ədəbi dəyəri olduğunu yazır.

Müəllif yazır ki, oxucular Obamanın məyusluq ifadəsinin onun prezidentlik dövründə, yaxud indi keçirdiyi hissləri əks etdirdiyini anlamaqda çətinlik çəkə bilərlər.

Qeyd edilir ki, bu qeyri-müəyyənlik xüsusi məqsəd daşımaya bilər, ancaq kitabda Donald Trampdan yan keçilməsi məqsədsiz görünmür. Obama ta 672-ci səhifəyədək onun adını çəkmir.

Hadisələrin xronoloji ardıcıllıqla sıralandığı kitabın ilk 200 səhifəsi gələcək prezidentin gənc yaşlarını əhatə edir. Burada onun Demokratlar Partiyasının Milli Qurultayına 2004-cü ildə etdiyi yaddaqalan müraciəti haqda xatirələrini də görürük. Bu çıxış dörd il sonra onu Ağ Evə aparacaq seçki həyəcanının ilk qığılcımı idi.

Obama yazıçı, Çexiyanın keçmiş prezidenti Vatslav Havelin ona ölkənin gözləntilərini böyütmək lənəti haqda xəbərdarlıq etdiyini xatırlayır və kitabda bu lənətin özünü göstərməyə başlamasından yazır.

"Bəzən özünü çox pis hiss edirsən"

Obama vəzifələrinin icrasına 2009-cu ilin yanvarında, 2008-ci ilin avqustunda başlamış iqtisadi böhranın ortasında başlayıb. Həmin vaxt o, ölkənin bank və avtomobil istehsalçılarını böhrandan xilas etmək üçün 787 milyard dollarlıq dövlət paketinin Konqresdən keçməsinə nail olmalı idi. Ancaq respublikaçı millət vəkillərini buna inandırmaq asan olmamışdı. Obama öz inadkar sadəlövhlüyünü, parlamentin mühafizəkar hissəsinin qərəzli olmasına inanmadığını xatırlayır.

Böhranın dərinləşməsini önləmək üçün vergi ödəyicisinə məxsus milyardlarla dolları ikrah doğuran bankların xilasına xərcləmək ona ilk dərsini verib. "Bəzən özünü çox pis hiss edirsən və edə biləcəyin ən yaxşı şey tünd bir içki içib bir siqaret yandırmaq olur", – Obama yazır.

Obama prezidentliyinin ilk iki ilində köməkçilərindən məsləhət istəməsini, öz iddialı platformasından məyus olsa da, onu həyata keçirmək yolundakı qətiyyətini xatırlayır. O, həmçinin administrasiyasının gözlənilməyən H1N1 epidemiyasına, Meksika körfəzində neft boru kəmərinin partlaması və "Ərəb baharı"na səliqə ilə hesablanmış reaksiyalarını yada salır. Məqalədə deyilir ki, bu, oxucuda prosesdən qaynaqlanan idarəçilik üçün qəribə nostalgiya hissi yarada bilər.

Obamacare

Obamanın ən ciddi nailiyyətləri Demokratların parlamentin hər iki palatasında çoxluq təşkil etməsi sayəsində mümkün olub. O, öz kitabında Konqresdə yerlərini itirmək bahasına olsa belə, "Obamacare" tibb xidməti proqramının keçməsinə səs verən millət vəkillərinin cəsarətini xüsusi qeyd edib. "Bizim aramızda neçə nəfər bu cür sınaqla üzləşir – daha böyük məqsəd üçün uzun zaman arzusunda olduğu karyerasını risk altında qoymağa məcbur olur?", – o yazır.

Obama kitabında özünün ata kimi roluna, anası və nənəsini itirməsi haqda xatirələrinə də, əməkdaşlarını tərifləməyə də yer ayırıb. Ancaq onun bəzi dünya liderləri, o cümlədən Rusiya prezidenti Vladimir Putin haqda məzəli təsvirləri çox maraqlıdır.

Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin tibbi sığorta qanununu sona qədər dəstəkləyəcəyini deməsindən sonra Obama köməkçilərindən birinə belə deyib: "Mən o qadını sevirəm".

Nobel Sülh Mükafatına layiq görüldüyünü öyrənəndə isə reaksiyası belə olub: "Nəyə görə?".

XS
SM
MD
LG