Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 03:54

Şiə paştunlar Novruzu belə keçirir


Paraçinarda Novruz şənliyi, mart, 2023-cü il
Paraçinarda Novruz şənliyi, mart, 2023-cü il

Pakistanın paştun icması Novruz bayramını, yeni il və baharın gəlişini qeyd edir. Minlərlə kişi nağara sədaları altında rəqs edir.

Novruz İran və Orta Asiyadan başqa Əfqanıstanda da qeyd olunur.

Ancaq Pakistanın şimal-qərbindəki mənzərəli Xayber Paxtunkva əyalətinin paytaxtı Kurramda, Paraçinarda bayramın bu cür keçirilməsi Pakistanda yaşayan 35 milyonluq paştun əhalisi üçün adi hal deyil. Əfqanıstanda yaşayan paştunlardan fərqli olaraq, Pakistandakı paştunların çoxu Novruzu qeyd etmir.

"İndi Novruz burada böyük bayramdır. Biz bayramı təzə paltarlar geymək, rəqs etmək və qonaqlarımıza yeddi cür xörək təklif etməklə keçiririk”, – Kurramda bir yaşlı tayfa başçısı AzadlıqRadiosunun “Radio Maşaal” xidmətinə deyib.

O deyir ki, bu bayram Paraçinara 1970-ci illərin sonlarında Əfqanıstandan gəlib. 1978-ci ildə Əfqanıstanda kommunist çevrilişindən sonra çox sayda əfqan qaçqını Kurrama köçüb.

“Bu, dini bayram deyil”

Əksər paştunlardan fərqli olaraq Paraçinar sakinləri şiədir. Artıq neçə nəsildir ki, onlar burada farsdilli şiə hazara xusi icması ilə birlikdə yaşayırlar. Yerlilər Paraçinar sakinlərinin çoxunun aid olduğu turi və banqaş kimi paştun tayfalarının Novruz bayramını qeyd etməyi hazara xusilərdən öyrəndiyini deyirlər.

Onlar şiə olduqları üçün İrandakı şiə məbədlərini ziyarət edirlər. Şiə din xadimləri də təhsillərini İranda alır.

"Bu, dini bayram deyil, ancaq həm də düşünürük ki, bu, İslamın ruhuna zidd deyil”, – şiə din xadimi Maulana Xayal Husseyn Daniş söyləyir.

Daniş deyir ki, bəzi şiələr üçün bu bayramın dini anlamı da var; onlar bu bayramın Məhəmməd peyğəmbərin kürəkəni Əlinin müsəlmanların xəlifəsi elan olunduğu tarixlə bağlı olduğuna inanırlar.

"Əhəmiyyətli məbədlərdə bayraqların qaldırılması bunun simvolik qeyd olunmasıdır”, – Daniş “Radio Maşaal”a deyib.

Səbəblər

Mütəxəssislərin sözlərinə görə, Pakistanda yaşayan əksər paştunların Novruzu bayram etməməsinin səbəbi təkcə son 50 ildə paştun icmaları arasında fundamentalist sünni islamın yayılması deyil. Britaniya imperiyasının regiona gəlişi və SSRİ-nin Orta Asiyada möhkəmlənməsi bugünkü Pakistan və Əfqanıstanda yaşayan paştun icmaları arasında mədəni bağların qırılmasına səbəb olub.

"Novruz XX əsrə qədər qeyd olunub. [Peşəvərdəki] Qissa Xvani bazarı Orta Asiya ilə aktiv ticarət apardığı və əlaqə saxladığı dövrdə bizim o regional mədəni oxşarlıqlarımız olub. Ancaq stalinist dəmir divar bizim Orta Asiya ilə bütün bağlarımızı kəsib”, – siyasətçi və bu sahəni araşdıran ziyalı Əfrasiyab Xattak bildirir.

Qissa Xvani və ya hekayəçilər bazarı Kayber Paxtunxva əyalətinin Pişəvər hissəsində məşhur bazardır. Bura əsrlərlə Orta Asiya ilə ticarətin əsas mərkəzi olub.

Britaniya imperiyasının dəyişiklikləri

XX əsrin əvvəllərində Britaniya imperiyası Hindistanda bütün paştun ərazilərinə nəzarət edirdi. Bugünkü Xayber Paxtunxva və Bəluçistan əyalətləri bura daxildir. Rusiyanın Orta Asiyadan Hindistana əl uzatmasının qarşısını almaq üçün, Britaniya Əfqanıstanı bufer dövlətə, Hindistandakı paştun ərazilərinin bir hissəsini isə Əfqanıstanla birlikdə yeni bir bufer əraziyə çevirdi.

Britaniyalılar başqa dəyişikliklər də etdilər. Onlar Əfqanıstanda istifadə olunan hicri günəş təqvimini qreqorian təqvimi ilə əvəz etdilər. Paştu və dari dillərini isə ingilis dili ilə əvəzlədilər.

Xattakın sözlərinə görə, buna baxmayaraq, Novruzun qeyd olunması 1960-cı illərin əvvəllərinədək davam edib.

"1980-ci illərdə əfqan cihadı dövründə sələfilik və təkfiriliyin gəlişi demək olar bütün yerli bayramları, o cümlədən Novruz ənənələrini ciddi aşındırıb”, – o söyləyir. Regiondakı ultrapuritan sünni sektalar bu cür bayramları qeyri-islami hesab edirlər.

XS
SM
MD
LG