Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:39

Nazim Bəydəmirliyə yeni ittiham verilib


Nazim Bəydəmirli
Nazim Bəydəmirli

Həbsdə olan iş adamı, keçmiş deputat Nazim Bəydəmirliyə qarşı ittihamın ağırlaşdırıldığı deyilir.

Bu barədə onun vəkili Aqil Layıc məlumat verib.

O, qeyd edib ki,yeni ittihama görə, 1996-cı ildə N.Bəydəmirli Rusiya Federasiyasının Lipetsk şəhərində kimdənsə hədə qorxu ilə pul tələb edib:

"Nəticədə hədə-qorxu ilə tələb etmənin alt bəndinə əsasən, hədə-qorxu təkrarən tələb etmə maddəsilə, yəni cinayət məcəlləsinin 182.2.2-ci maddəsiylə yenidən ittiham irəli sürülüb".

Söhbət həmin bənddə eyni əməlin təkralanmasından gedir.

Vəkil bildirib ki, Bəydəmirli özü ittihamların hamısını qondarma hesab edir.

Müdafiə tərəfinin bildirməsinə görə, Nazim Bəydəmirli hesab edir ki, o ekologiya məhbusudur və həbsinin səbəbi Söyüdlü hadisələrini pərdələmək üçündür.

Vəkilin dediklərinə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Bundan əvvəl hüquq müdafiəçisi Rüfət Səfərov bildirmişdi ki, ona gələn məlumata görə, Nazim Bəydəmirli əlavə cinayət işinin açılacağı ilə bağlı təhdidlər alıb.

Onun sözlərinə görə, bu təhdidlərin Bəydəmirlinin özünü “ekologiya məhbusu” adlandırması ilə bağlı olduğu deyilir.

Amma rəsmi qurumlar hüquq müdafiəçisinin açıqlamasına münasibət bildirməmişdilər.

Həbsi...

Nazim Bəydəmirlini bu il iyulun 4-də Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi saxlayıb.

Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsilə (xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) ittiham irəli sürülüb. Həmin maddənin qeyd edilən bəndləri üzrə 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Məhkəmə onun barəsində ilkin olaraq 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. Bəydəmirli ittihamı rədd edib, onu uydurma adlandırıb və hüquqi əsasının olmadığını bildirib.

Xatırlatma

İyunun 20-də Söyüdlü sakinləri "Gədəbəy" yatağından qızıl hasilatı və emalı şirkətinin çirkab suları üçün ikinci süni gölün qurulmasına etiraz ediblər. Polis etirazlara müdaxilə edib, 10 nəfərə yaxın şəxsin xəsarət aldığı və rəsmi olaraq beş nəfərin inzibati həbs olunduğu deyilir.

İyulun 11-də prezident İlham Əliyev hökumətin müşavirəsində Söyüdlüdəki etirazlardan danışarkən polisin davranışını müdafiə edib, kimsənin polisə ləkə vurmasına imkan verməyəcəyini deyib. O, vətəndaşların qanuna tabe olmalı olduğunu vurğulayıb.

Prezident habelə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitlə bağlı məsələdə ən azından səhlənkarlıq etdiyini deyib.

Bu çıxışdan iki gün sonra rəsmi olaraq Söyüdlüdə qızıl yatağının istismarının müvəqqəti dayandırıldığı açıqlanıb.

XS
SM
MD
LG