Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:38

Əfqan Muxtarlının həbs müddəti artırıldı


Ə.Muxtarlı
Ə.Muxtarlı

Bu gün, oktyabrın 13-ü Nəsimi Rayon Məhkəməsi jurnalist Əfqan Muxtarlının həbs müddətini artırıb. Məhkəmə qapalı keçirilib.

Proses haqda AzadlıqRadiosuna jurnalistin vəkili Elçin Sadıqov məlumat verib.

Vəkilin bildirdiyinə görə, jurnalistin həbs müddətinin artırılması ilə bağlı məhkəməyə Baş Prokurorluğun təqdimatı və cinayət işi üzrə müstəntiqin vəsatəti daxil olub. Onlar Ə.Muxtarlının həbs müddətinin 2017-ci il dekabrın 29-dək artırılmasını istəyiblər.

Ə.Muxtarlının özü də prosesdə iştirak edib. Vəkilinin bildirdiyinə görə, jurnalist çıxış edib və həbs müddətinin artırılmasına gərək olmadığını deyib.

Ə.MUXTARLI: «MƏNİM HEÇ YERƏ QAÇMAQ FİKRİM YOXDUR»

«Mənim heç yerə qaçmaq, istintaqdan yayınmaq fikrim yoxdur. Sona qədər ölkədə qalıb mübarizə aparacağam, təqsirsiz olduğumu sübut edəcəyəm, məni oğurlayanların məsuliyyətə cəlb edilməsini nail olacağam», - vəkilin bildirdiyinə görə, Ə.Muxtarlı məhkəmədə söyləyib.

***Buna da bax-Əfqan Muxtarlının xanımı dördyaşlı qızı ilə birlikdə Gürcüstanı tərk edib

E.Sadıqov da çıxışında həbs müddətinin artırılmasından ötrü əsasların olmadığını, təqdimatın rədd edilməsini istəyib.

Məhkəmə isə təqdimatı qismən təmin edib. Ə.Muxtarlının həbs müddəti dekabr ayının 29-na kimi yox, 20-dək uzadılıb.

Vəkilin verdiyi məlumata görə, hakimlər bunu «Meydan TV»nin rəhbər işçiləri ilə bağlı açılmış cinayəti işinin istintaqından ötrü prosessual müddətin elə dekabrın 20-də başa çatması ilə əsaslandırıb.

E.Sadıqov məhkəmədən sonra qərarı qanunsuz saydıqlarını, apellyasiya şikayəti verəcəklərini bildirib.

***Buna da bax-'Həbsim Gürcüstan hökumətinə də sərf edirdi'- Əfqan Muxtarlı

XATIRLATMA

Jurnalist Əfqan Muxtarlı Gürcüstandan oturum izini alıb. Ancaq bu il mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Bakıdakı rəsmi qurumlarsa onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıldığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.

Ə.Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunur. Bu yaxınlarda isə bu cinayət işinin «Meydan TV»nin rəhbər işçilərinə qarşı açılmış cinayət işi ilə birləşdirildiyi açıqlanmışdı.

Ə.Muxtarlı son iki ildə Gürcüstanda yaşayırdı. Azərbaycanda təqib olunduğunu bildirən jurnalist bir sıra araşdırma yazılarının müəllifi idi.

Ə.Muxtarlı ilə bağlı Gürcüstanda da istintaq aparılır. İş əvvəlcə bu ölkənin Daxili İşlər Nazirliyində olub, sonra prokurorluğa verilib. Gürcüstan baş naziri və daxili işlər naziri Ə.Muxtarlı olayında yerli hüquq-mühafizə orqanlarının iştirakını təkzib edib. Bununla belə, istintaq yekunlaşana qədər Daxili İşlər Nazirliyi və gömrükdə iki şəxs tutduğu vəzifədən uzaqlaşdırılıb.

«Meydan TV»nin rəhbər işçiləri ilə bağlı ötən ilin əvvəlində cinayət işi açıldığı bəlli olmuşdu. Onda ittihamları qəbul etməyən «Meydan TV»nin rəhbəri Emin Milli AzadlıqRadiosuna bunları demişdi:

«Artıq bəlli olub ki, «Meydan TV»nin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.2.2 (külli miqdarda vergidən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi açılıb. Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində 152006048 saylı cinayət işinin istintaqı aparılır».

XS
SM
MD
LG