Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:29

Ev istəyən Qarabağ veteranını ayaqyalın polisə aparıblar


Məğrub Bədəlsoy
Məğrub Bədəlsoy

«İyulun 20-si axşam Nizami rayon Polis İdarəsinin 24 saylı polis bölməsinin əməkdaşları evimə soxularaq məni bölməyə apardılar. Polis hücumuna məruz qalmışam».

Bunu Qarabağ müharibəsi veteranı, əlili Məğrub Bədəlsoy bildirib.

M.Bədəlsoy deyir ki, ayaqqabılarını belə geyməyə imkan verməyiblər. Polis bölməsində bir az saxlanandan sonra isə Nizami rayon Polis İdarəsinin rəisinin yanına aparılıb. Onun deməsinə görə, polislərin qanunsuz evinə daxil olması, ayaqyalın bölməyə gətirilməsi şikayətinə idarə rəisi sərt cavab verib:

«Mənə dedi ki, bunu onun göstərişi ilə ediblər, mənimlə kobud davrandı, tez-tez aksiya keçirməklə onlara problem yaratdığımı dedi. Məni dövlətin əleyhinə çıxmaqda ittiham etdi».

Müharibə əlili deyir ki, rəisə dövlətin əleyhinə çıxmadığını, konstitusion hüquqlarından yararlanmaq istədiyini bildirib.

***Buna da bax-İlham Əliyev: 'Jurnalistlər mənim köməkçilərimdir'

M.Bədəlsoyun deməsinə görə, bundan sonra xəbərdarlıq edilərək sərbəst buraxılıb.

O bildirib ki, bu davranışa cavab olaraq iyulun 21-də Prezident Administrasiyasının önündə təkbaşına «Vətəndaşlıqdan və hakimiyyətdən imtina edirəm!» şüarı qaldıraraq narazılığını bildirib.

Hökumətin jurnalistə ev verməsinə necə baxırsız? [Bakıda sorğu]
Gözlə

No media source currently available

0:00 0:01:19 0:00

Polisə aparılmasının səbəbinə gəlincə isə, o bunları deyib:

«Bir qrup Qarabağ əlili, şəhid ailəsi Prezident Yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun ofisinin qarşısında etiraz aksiyası keçirmək barədə xəbərdarlıq ediblər. Onların başlıca şikayəti əlil-jurnalistlərin siyahıdan kənarda qalmasıdır. Onlar deyirlər ki, əvəzində dövlət orqanlarının bir neçə evi olan məmurları mənzillə təmin ediliblər».

M.Bədəlsoy vurğulayır ki, bu barədə informasiyanı yaydığına görə onu polisə aparıblar. Müharibə veteranının deməsinə görə, polisə aparılaraq zorakılıqla üzləşdiyindən aksiya təxirə salınıb.

Nizami rayon Polis İdarəsinin 24 saylı polis bölməsindən bu şikayətlə bağlı sualımızı dinlədikdən sonra bizə idarə ilə əlaqə saxlamağı tövsiyə etdilər. Nizami rayon Polis İdarəsindən isə bildirdilər ki, suallara yalnız Daxili İşlər Nazirliyinin mətbuat xidməti cavab verə bilər.

***Buna da bax-Mehman Əliyev: 'Jurnalist hökumətdən nəsə alırsa...'

Nazirliyin mətbuat xidmətindən isə şikayətə münasibət almaq baş tutmayıb.

KOMİSSİYA TƏNQİDLƏRİ QƏBUL ETMİR

Mənzil məsələsi üzrə sənəd qəbuluna dair Komissiyadan (Komissiya Mətbuat Şurası və Prezident Yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun üzvlərindən təşkil edilib) bildiriblər ki, M.Bədəlsoy da mənzildən ötrü onlara müraciət edib.

Onun mənzil almamasına ayrıseçkilik yox, sənədlərinin qaydasında olmaması səbəb olub:

«Bu adam komissiyaya KİV-lərdə jurnalist olmasını təsdiqləyən əmək kitabçası verməyib. Əmək kitabçısı əvəzinə guya ayrı-ayrı KİV-lərdə çalışmasına dair vəsiqələrin surətlərini təqdim edib. Bu isə mənzil alınması üçün toplum sənədlər kriteriyasına uyğun gəlmir və ona görə ona mənzil verilməyib».

Komissiyadan deyiblər ki, dövlət orqanlarının bir neçə evi olan məmurlarına mənzil verilməsi ilə bağlı deyilənlər isə həqiqəti əks etdirmir.

Jurnalistlər üçün tikilmiş bina
Jurnalistlər üçün tikilmiş bina

XATIRLATMA

İyulun 20-də Bakıda prezident İlham Əliyevin iştirakı ilə jurnalistlərə tikilən yeni binada evlər paylanıb. 255 jurnalistə ev verilib. 4 il əvvəl, 2013-cü ildə də jurnalistlərə dövlət pulsuz ev paylayıb. İyulun 19-da isə prezident İ.Əliyev jurnalistlərə yeni binanın tikilməsindən ötrü 5 milyon manat pul ayırıb.

Ancaq bəzi müstəqil jurnalistlər dövlətdən ev almağı düzgün saymırlar. Onların fikrincə, Azərbaycan kimi azadlıqların boğulduğu ölkədə bu, jurnalistləri hakimiyyətdən asılı vəziyyətə salır. Üstəlik, Azərbaycanda hazırda 10-dan çox jurnalist, bloqqer həbsdədir. Bəzi həmkarlarının fikrincə, onlar məhz peşə fəaliyyətlərinə görə həbs ediliblər.

Hərçənd, hakimiyyət təmsilçiləri belə fikirləri qəbul etmirlər. Onlar isə deyirlər ki, həmin şəxslər peşələrinə görə yox, törətdikləri əmələ görə məsuliyyətə alınıblar.

Hər il iyulun 22-də Azərbaycanda Milli Mətbuat Günü qeyd edilir. 141 il əvvəl həmin gün Azərbaycanda ilk müstəqil qəzet – «Əkinçi» işıq üzü görüb.

XS
SM
MD
LG