Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 19:48

'Şikayətə başladım, 4 gün sonra vaqonu yandırdılar'


Köçkünlərin vaqonları (arxiv fotosu).
Köçkünlərin vaqonları (arxiv fotosu).

“Obyekti sökdülər, başladım şikayətlərə... Şikayətlərimə görə məni cəzalandırmaq üçün, üstəlik, obyektin avadanlıqlarını içərisinə yığdığım kənardakı vaqona da od vurdular”.

2-ci qrup müharibə əlili Bəkir Bayramov AzadlıqRadiosu-na danışır ki, ailə üzvlərinin 10 nəfərindən 8-i 1 və 2-ci qrup əlillərdir. Özü və iki qardaşı müharibə əlili, qalanları mülki əlillər... Üstəlik də, faciələr, uğursuzluqlar ailəni, az qala, qarabaqara izləyir.

Buna da bax:​ Yekəxana sakinləri örüş yerlərinin satılmasından danışır

TİKİLİNİN SÖKÜLMƏSİNƏ QƏRAR VERİLİB

Qubadlıdan məcburi köçkün olan Bayramovlar ailəsi 2009-ci ilədək Dövlət Neft Akademiyasının 1 saylı tələbə şəhərciyində məskunlaşıbmış. Həmin il qaldıqları otaqda baş vermiş partlayışda yanan ailə üzvlərinin həyatını zorla xilas ediblər. Onları Masazırda köçkünlər üçün inşa olunmuş şəhərciyə köçürəndən sonra Abşeron rayon icra hakimiyyətinin o vaxtkı başçısı Zakir Fərəcovla görüşən ailə üzvləri acınacaqlı durumda olduqlarını bildirirlər. Keçmiş başçı da ailənin sosial problemlərinin həllinə töhfə olaraq 2013-cü ildə Masazırda torpaq sahəsi ayrılması barədə işçilərinə şifahi göstəriş verir. Bayramovlara 3 sot torpaq sahəsi ayrılır. Sənədləşmə ərəfəsində Zakir Fərəcov işdən çıxarılaraq Sumqayıt şəhər icra hakimiyyətinə təyin olunur. Abşeron rayon icra hakimiyyətinin yeni başçısı əvvəlki başçı tərəfindən verilmiş torpaq sahəsindəki tikilinin sökülməsi barədə tapşırıq verir.

Əlil davam edir:

“Həmin torpaq sahəsi elə şəhərciyin qarşısında idi. Başçı bizə o sahəni ona görə vermişdi ki, kiçik bir obyekt tikib başımızı saxlayaq. Çünki bir ailənin 8 üzvü əlil olduğundan heç yerdə işləyə bilmirdik. Heç dava-dərman almağa da pul tapmırdıq. Biz orda zorla kiçik bir çayxana tikdik, başımızı saxlamağa başladıq. Sənədləşmə işləri Abşeronun memarlıq şöbəsində idi. Zakir Fərəcov gedəndən sonra sənədləşmə işimizi əngəlləməyə başladılar, bizi get-gələ saldılar. Ötən il aprelin 12-də isə qəfil ağır texnikaları töküb çayxananı sökdülər. İçərisindəki avadanlıqları zorla çıxarıb elə çayxananın yanındakı vaqona yığdıq. Mən həmin gündən şikayətlərə başladım. 4 gün sonra vaqonu da yandırdılar”.

Buna da bax:​ Zabrat sakinləri: 'Siz deyin, burda insan yaşayarmı?'

“VAQON QƏSDƏN YANDIRILIB”

Bəkir Bayramovun deməsinə görə, vaqon qəsdən yandırılıb:

“Bütün qurumlara yazdım ki, icra hakimiyyəti 8 əlil üzvü olan köçkün ailəsinin gözünü dikdiyi yeganə çörək yeri olan çayxananı söküb. İcra hakimiyyətindən xəbərdarlıq etdilər ki, şikayətləri dayandırım. İçərisində avadanlıq olan vaqonun yandırılmasında icra hakimiyyətinin işçilərindən şübhələnirəm. Fövqəladə Hallar Nazirliyinin rəyində də göstərilib ki, vaqonda elektrik, qaz xətti olmayıb, altında maşın təkəri yandırmaqla vaqon alışıb”.

Bəkir Bayramov hesab edir ki, Abşeron rayon icra hakimiyyəti polisin işi obyektiv araşdırmasına mane olur.

Buna da bax:​ 'Mənə qalsa, üstümdən traktor da keçsə, çıxan deyiləm'

Faktla bağlı Abşeron rayon polis şöbəsində cinayət işi başlanıb. Şöbədən “Qaynar xətt”ə bildirilib ki, hazırda bu işin istintaqını müstəntiq İlkin Kərimov aparır. Şöbədən verilən məlumata görə, B. Bayramov baş prokurorluğa, daxili işlər nazirliyinə dəfələrlə müraciət edib. Lakin polis hadisəni obyektiv araşdırmaqda davam edir. Hadisənin qəsdən, yaxud təsadüfdən törədildiyi barədə istintaq başa çatandan sonra məlumat veriləcək.

“BAŞ PROKURORLUĞA VƏSATƏT VERSİN”

Hüquqşünas Vaqif Alıyev deyir, əgər vətəndaş istintaqın hadisə baş verən ərazidə davam etdirilməsini istəmirsə, buna görə baş prokurorluğa şikayət şəklində yox, vəsatət şəklində müraciət etməlidir:

“Vətəndaşın istintaqın həmin şöbədə aparılmasına etiraz etmək üçün kifayət qədər əsasları var. Məsələn, əgər o, eyni rayonun icra hakimiyyətindən şübhələri barədə istintaqa bildiribsə, bu zaman istintaqın obyektiv aparılmaması qənaətində haqlı ola bilər. Düşünə bilər ki, yerli icra hakimiyyəti istintaqı aparan orqana təsir edə bilər”.

Buna da bax:​ Köçkün əlil nə üçün çayxana açmaq istəyirmiş?

Hüquqşünasın sözlərinə görə, vətəndaş bu əsaslarıyla da baş prokurorluq qarşısında vəsatət qaldırıb işin başqa ərazi üzrə polis şöbəsinə, yaxud prokurorluğa alınıb verilməsini tələb edə bilər.

XS
SM
MD
LG