Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:46

Əyalət müəllimləri nə vaxt yada düşəcək?


Cəlilabadın Muğanlı kənd məktəbi
Cəlilabadın Muğanlı kənd məktəbi

“Məktəb psixoloqları üçün imtahan nəzərdə tutulur? Ən çox əziyyət çəkən də bizlər, ən az məvacib alan da… 150 manata ailə dolandırmaq olar? Xahiş edirik bizləri də nəzərə alasınız... Bu müraciəti tək öz adımdan yox, həmkarlarım adından bildirirəm”, - Şaiq Mahmudov adlı sosial şəbəkə istifadəçisi Təhsil nazirliyinin rəsmi Facebook səhifəsində belə yazır.

O, müəllimlərin noyabr-dekabr aylarında aparılacaq diaqnostika-qiymətləndirməsini nəzərdə tutur.

Azad Haciyev adlı müəllim yazır ki, bəs Ağdam və cəbhəyanı rayonlar nə vaxt yada düşəcək? Onun fikrincə, cəbhəboyu rayonların müəllimləri diaqnostik qiymətləndirmədən ilk növbədə keçməlidirlər.

Buna da bax:​ 'Normal müəllim'ə maaş müəmması

“Paytaxt-rayon müəllimləri arasında niyə fərq qoyursunuz?”

Hikmət Məmmədov adlı istifadəçi nazirliyin Facebook səhifəsində öz fikirlərini bölüşərək deyir ki, ötən il diaqnostik qiymətləndirməyə dair sərəncam verilsə də, bəzi bölgələrdə bu proses hələ də aparılmayıb və nəticədə, əyalət müəllimi ilə paytaxt müəllimi arasında əməkhaqqı fərqi yaranıb: “Nəyə görə mən - 250, Bakıdakı müəllim 500 manat almalıdır? Necə bəyəm, məndən artıq dərs keçir? Əksinə, əla şəraitdə yaşayır, gözəl nəqliyyatdan istifadə edir, məktəbdə avadanlıq var”.

Lalə Qurbanova da şikayət səsini ucaldanlardandır: “Bəs mənim günahım nədir? 58 balla Ağdamda qaçqın məktəbinə düşmüşəm. İndi də deyirlər, Ağdamda qiymətləndirmə olmayacaq? Niyə müəllimlər arasında fərqli maaş yaradırsınız?”.

Buna da bax:​ ​Azərbaycan müəlliminə niyə belə az maaş verir? (Fotoqalereya)

Günel Kərimli adlı müəllim də diaqnostik qiymətləndirmənin Şəkidə aparılmamasından gileylidir: “Niyə Şəki yoxdur? Nə qədər çətinmiş diaqnostik qiymətləndirmə? Necə olur ki, TQDK üç gün müddətində bütün abituriyentlərdən imtahan götürür, Təhsil nazirliyi müəllimlərdən götürə bilmir? Ayrı-ayrı fənlər üzrə keçirilsəydi (qəbul imtahanları kimi), bu proses çoxdan bitmişdi”.

Bakıdakı ilk diaqnostik qiymətləndirmədən sonra keçid balını toplayan müəllimlərin maaşında bəlli dəyişikliklər olub. Paytaxt məktəblərinin birində çalışan Mənsurə Əhmədova AzadlıqRadiosu-na deyir ki, maaş artımı dərs yükünə və iş stajına görə artıb: “Hardasa 27 faiz artıb. Əvvəl 300 alırdımsa, indi 380 manat alıram”.

“26 rayon və şəhərdə keçiriləcək”

Təhsil nazirliyindən AzadlıqRadiosu-na bildirilib ki, bu ilin noyabr-dekabr aylarında ölkənin 26 rayon və şəhərinin dövlət ümumi təhsil müəssisələrində müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. Ötən il diaqnostik qiymətləndirmə aparılan rayon və şəhərlərdə çalışan və müxtəlif səbəblərdən qiymətləndirməyə qatıla bilməyən və ya işə yeni qəbul edilən müəllimlərə də qiymətləndirməyə qatılmağa şərait yaradılacaq.

Buna da bax:​ 'Direktorlar pul alıb özləri müəllimləri işə götürür' [Media icmalı]

Nazirlik bildirir ki, diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən, müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların “dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq, eləcə də həmin müəllimlər inkişaf yönümlü təlimlərə” cəlb ediləcəklər.

“Maaşı artırılan müəllimlərin sayı 100 minə çatacaq”

Nazirlikdən verilən məlumatda qeyd olunur ki, ötən 2 ildə Bakıda və ölkənin 12 bölgəsindəki dövlət ümumi təhsil müəssisələrində çalışan 60 minə yaxın müəllimin diaqnostik qiymətləndirilməsi keçirilib və onların həftəlik dərs yükü norması 1.5 dəfə, aylıq vəzifə maaşı isə 2 dəfə artırılıb: “Növbəti diaqnostik qiymətləndirmədən sonra maaşı artırılan müəllim sayının 100 minə çatacağı nəzərdə tutulur”.

Bəs diaqnostik qiymətləndirmənin maaşa təsiri nə qədərdir? Təhsil Nazirliyindən deyirlər ki, diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin maaşı Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” 2016-cı il 11 iyul tarixli 270 nömrəli qərarına əsasən müəyyənləşdirilir.

Buna da bax:Lənkəranda müəllimlərdən pul yığılır?

“Əslində, maaş artmadı”

Nabatəli Qulamoğlu
Nabatəli Qulamoğlu

Təhsil eksperti Nabatəli Qulamoğlunun fikrincə, diaqnostik qiymətləndirmə nəticəsində əmək haqlarının artması ümidləri özünü doğrultmayıb. Ekspert bunu manatın dəyərdən düşməsi ilə izah edir və deyir ki, əvəzində diaqnostik qiymətləndirmədən keçən müəllimin dərs yükü artaraq 18 saata qalxdı: “Hardasa 33 faiz qalxmalıydı, amma birinci devalvasiyada manat 33 faiz ucuzlaşdı, əmək haqları 10 faiz qalxdı, ikinci devalvasiyada yenə manat ucuzlaşdı, maaşsa 10 faiz qaldırıldı. Nəticədə nə baş verdi? Bu gün qiymətləndirmədən keçən müəllim daha çox işləyir, iş vaxtı çoxalıb, amma maaş dəyər baxımından aşağı düşüb”.

“Əvvəlcə məqsəd başqaydı”

Nabatəli Qulamoğlu xatırladır ki, diaqnostik qiymətləndirmə ölkənin təhsil sahəsində kadr potensialını yaxşılaşdırmağa yönəlmişdi: “O zaman təhsil naziri bəyanat vermişdi ki, ilkin diaqnostik qiymətləndirmədən keçməyənlərə öz üzərində işləmək şansı veriləcək, ikinci dəfə minimum balı toplamasalar, o zaman təhsil sistemindən uzaqlaşdırılacaqlar”.

Buna da bax:​ Kənd müəlliməsi: «Sinif otağı elə darısqaldı ki, paltarım alışdı»

Nabatəli Qulamoğlu: 'Diaqnostik qiymətləndirmə nəticəsində əmək haqlarının artması ümidləri özünü doğrultmadı'
Gözlə

No media source currently available

0:00 0:01:41 0:00
Direct-ə keçid

Ekspertin gümanına görə, ya sosial narazılıqdan çəkindilər, ya da hər hansı səbəbdən maaş məsələsi ilə kifayətləndilər. Nabatəli Qulamoğlu düşünür ki, müəllimlər bilik və bacarıqlarına görə ələkdən keçirilsəydilər, 25-30 faizinin dərs demək hüququ olardı: “Öz üzərində işləmək möhlətindən sonra da minimum balı toplamayanlar avtomatik işdən çıxarılsaydılar, diaqnostik qiymətləndirmənin bir əhəmiyyəti olardı... Qiymətləndirmə elə aparılsaydı, yerdə qalan müəllimlərin maaşını gözəçarpan məbləğdə artırmaqla yüksək iş stimulu yaratmaq olardı”.

XS
SM
MD
LG