Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:31

'Vüsal Ələkbərov işi': Zərərçəkənlər: 'Pulları MTN polkovnikinə vermişik'


"MTN işi". İllüstrasiya. Gündüz Ağayev
"MTN işi". İllüstrasiya. Gündüz Ağayev

Həbsdə olan MTN polkovniki, nazirliyin İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərov deyir ki, ondan qisas alırlar. O, 12 il azadlıqdan məhrum edilməsi haqda hökmü əsassız sayır. Deyir, ətraflı, obyektiv araşdırma getsəydi, əleyhinə ifadə verənlərin yalan danışdığı ortaya çıxardı.

V.Ələkbərovun işinə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır. Noyabrın 30-da keçirilən məhkəmədə sabiq MTN polkovniki deyib ki, günahsızdır, heç kimdən pul almayıb.

Buna da bax: 'MTN işi'ndə zərərçəkən: 'Mütləq Eldar Mahmudov dindirilməlidir'

Amma zərərçəkmiş qismində tanınanlar ona, eləcə də MTN-in İstintaq İdarəsinin rəisi olmuş Mövlan Şıxəliyevə böyük məbləğdə pullar verdiklərini söyləyiblər.

Nizami Kazımov deyir ki, onu saxta ittihamla həbs edib, iki ay saxlayıb, yaxınlarından 2 milyon dollar alandan sonra buraxıblar: “Pul da şəxsən Vüsal Ələkbərova verilib”.

Zərərçəkmiş ona dəymiş ziyanın ödənilməsini, pulunun geri qaytarılmasını istəyir.

Buna da bax: İlham Əliyev: 'İndi bizim təcrübəmiz öyrənilir'

250 min dollarlıq mülki iddia qaldıran başqa bir zərərçəkmiş Elşən Mədətov da söyləyir ki, o pulu V.Ələkbərova verib: “Həmin vaxt Şirvanda zavod rəhbəri idim. “Texnikabank” rəhbərliyini həbs eləmişdilər. Mənim də o bankda pulum var idi. İstintaqı MTN aparırdı. Məni çağırıb hədə-qorxu gəldilər, dedilər ki, istədikləri pulu verməsəm, həbs olunacağam. 250 min dollarımı aldılar. Pulu Vüsal Ələkbərova vermişəm. O hadisədən sonra şəkər xəstəliyi tapdım”.

Daha bir zərərçəkmiş Namiq Rzayev isə təqsirləndirilən MTN polkovnikinə 200 min, onun rəhbəri olmuş general Mövlan Şıxəliyevə isə 300 min manat pul verdiyini söyləyib.

Buna da bax: 'Vüsal Ələkbərov işi': 'Pulları MTN-ə oğlum gətirdi. Məni kameradan çıxardılar'

V.Ələkbərov zərərçəkmişləri yalan danışmaqda suçlayıb. Deyib ki, ona qarşı qərəzlidirlər, qisas alırlar: “”Texnikabank” işinə aidiyyatı olan zərərçəkmişlərdən ikisi o vaxt həbs olunmuşdu. Digərləri isə əksinə, o işdə də zərərçəkmiş idi. Çox çalışdım ki, “Texnikabank” rəhbərliyi bu adamların pulunu ödəsin. Görünür, o vaxt pullarını ala bilmədiklərinə görə məni günahkar sayırlar. Ona görə də mənə qarşı qərəzlidilər, məndən qisas alırlar”.

O, həmçinin Bakı Hərbi Məhkəməsində onun işi üzrə getmiş məhkəmə iclaslarının protokolları ilə tanış ola bilmədiyini deyib. Məhkəmədən iclas protokollarını oxuması üçün şərait yaradılmasını istəyib. Amma onun bu vəsatəti baxılmamış saxlanılıb.

Buna da bax: Agentlərə verilməsi adı ilə pullar...

MTN polkovnikinin məhkəməsi dekabrın 14-nə qalıb.

Xatırlatma

V. Ələkbərov CM-nin 182 (hədə-qorxu ilə tələbetmə), 294 (sübutları saxtalaşdırma), 311 (rüşvətalma) və 341-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma) maddələri ilə təqsirli bilinərək, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, Vüsal Ələkbərovun polkovnik rütbəsi də əlindən alınıb, həmçinin istintaq dövründə üzərinə həbs qoyulmuş bir sıra əmlakları da müsadirə olunub.

XS
SM
MD
LG