Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:31

MTN generalı: 'Evə axtarışa gedəndə 20-30 nəfərlik qrup təyin edirlər'


DTX maskalıları
DTX maskalıları

Həbsdə olan MTN generalı, Antiterror Mərkəzinin keçmiş rəisi Elçin Quliyev həm də nazirliyin Situasiya Mərkəzinin rəis müavini olmuş, polkovnik Malik Mustafayevin intiharında və onun qardaşı Mətləb Mustafayevin qanunsuz həbsində suçlanır.

Elçin Quliyevin avqustun 22-də keçirilən məhkəməsində Mustafayev qardaşları ilə bağlı məsələ araşdırılıb.

Elçin Quliyev və Antiterror Mərkəzində onun tabeliyində işləmiş Azər Mehdiyevin işinə Bakı Hərbi Məhkəməsində Elbəyi Allahverdiyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Buna da bax:​ 'MTN işi': 'Eldar Mahmudovun oğlu Fransada şərab zavodu açır'

“Yoldaşım “Quran” kitabını verdi ki...”

Avqustun 22-dəki məhkəmə iclasında Mustafayev qardaşlarının bacısının həyat yoldaşı Tofiq Hümbətov dindirilib. O, qaynı Malik Mustafayevin iş yeri olan MTN-də ona qarşı haqsızlıqlara görə özünü öldürdüyünü deyib. İfadəsində isə, əsasən, o biri qaynı Mətləbə görə onların evində aparılan axtarışdan danışıb. Şahidin sözlərinə görə, evlərinə axtarışa gələn MTN əməkdaşları öncə səhvən qonşunun evinə gediblər: “Küçədə çoxlu maşın vardı. Qonşular dedi ki, deyəsən, vəhhabilərlə bağlı əməliyyat keçirilir. Sonradan məlum oldu ki, səhv əməliyyatmış. Axşamtərəfi qarajda idim, qəfildən qaramaskalılar daxil oldu. Dedilər ki, Mətləbə görə bizim evdə axtarış aparacaqlar. Yoldaşım “Quran” kitabını onlara verdi ki, evə heç nə atmayacaqlarına and içsinlər. Biri çıxıb harasa zəng elədi, qayıdanda dedi ki, “qorxmayın, heç nədən də narahat olmayın”. Bizimlə yanaşı, qardaşımgilin də evini axtarmışdılar. Mətləbə aid yaddaş kartı və sənəd axtarırdılar. Axtarış dörd saat çəkdi, heç nə tapmadılar”.

Biri gül-çiçəklə, biri silahla...

Təqsirləndirilən MTN generalı Malik Mustafayevin işdə ona qarşı haqsızlıqlara görə intihar etməsi fikri ilə razılaşmır. Elçin Quliyev məhkəmədə deyib ki, Malik Mustafayev qardaşı Mətləbə görə özünü öldürüb. Onun sözlərinə görə, Mətləb Mustafayev də qanunsuz silah saxladığına görə həbs olunmuşdu.

Buna da bax:​ Həbsdəki MTN generalı: “Elə qaçardım, izimi-tozumu da tapa bilməzdilər”

Mustafayevlərin bacısının evinə çoxsaylı maskalıların göndərilməsinə gəlincə, Elçin Quliyev belə izahat verib: “Evə axtarışa gedəndə 20-30 nəfərlik qrup təyin edirlər. Çünki bilmirsən ki, axtarışa gedəndə səni necə qarşılayacaqlar. Biri gül-çiçəklə qarşılayar, biri “Quran”la, başqa biri silahla...”.

İş üzrə zərərçəkmiş qismində tanınan Mətləb Mustafayev MTN generalının yalan danışdığını, onda qanunsuz silah olmadığını və şərlənərək həbs olunduğunu söyləyib.

MTN-də Mustafayev qardaşlarından nə istəyiblər?

İttihamda Mustafayev qardaşları haqda yazılıb ki, MTN polkovniki olmuş Malik Mustafayev nümunəvi xidmətlərinə görə dəfələrlə mükafatlandırılıb, dövlət təltiflərinə layiq görülüb. Elçin Quliyev 2014-cü il sentyabrın 6-da onu öz otağına çağıraraq, 4 saata yaxın söhbət edib, ona qardaşı Mətləbin əməllərindən şikayətlənib. Deyib ki, Mətləb Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri üzrə 2 saylı ərazi şöbəsinin baş məsləhətçisi vəzifəsindən çıxarılandan sonra müxtəlif dövlət orqanlarına, mətbuata şikayət məktubları göndərir. Ardınca da Malik Mustafayevə təklif edib ki, qardaşı Mətləb dövlət orqanlarında yüksək vəzifə tutan, sahibkarlıqla məşğul olan şəxslərin fəaliyyəti haqda onlara da məlumat versin.

Buna da bax:​ MTN polkovniki: 'Evin sənədi heç yerdə girov saxlana bilməz. Bu qanunsuzdur'

Bir neçə gün sonra isə Elçin Quliyev müavini İlqar Əliyev (həbsindən iki ay sonra təcridxanada intihar edib - red.) vasitəsi ilə Mətləb Mustafayevin özünü də MTN-ə çağırtdırıb.

İttihamda yazılıb ki, Elçin Quliyev hər iki qardaşı “cinayətkar” adlandırıb, ləyaqətlərini alçaldıb. Sentyabrın 13-də isə Malik Mustafayev MTN-dəki xidməti vəzifəsindən azad edilib.

Bundan dərhal sonra Elçin Quliyev Malik Mustafayevi yenidən xidməti otağına çağırıb və ona qardaşının evindən silah tapıldığını deyib. Amma müəyyən şərtlər daxilində ona kömək etməyin mümkün olduğunu da söyləyib. Şərt isə bu olub ki, Mətləb Mustafayev müəyyən məmurların sahibkarlıq fəaliyyəti, əmlakı barədə məlumat verməli və bu da videolentə alınmalıdır. Bundan sonra İlqar Əliyevin otağında qardaşları görüşdürüblər. Mətləb Mustafayev təklifdən imtina edib. Ardından onun barəsində həbs qərarı verilib.

Buna da bax: 'MTN işi'ndə zərərçəkənlərin intihar cəhdləri [yenilənib] [fotolar]

Malik Mustafayev isə həmin il noyabrın 3-də yaşadığı evdə özünü asaraq intihar edib.

Mətləb Mustafayev 2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum hadisələrdən bir müddət sonra həbsdən çıxıb.

Elçin Quliyev özü də Malik və Mətləb Mustafayev qardaşları ilə görüşdüyünü inkar etmir: “Mətləb Mustafayevə qardaşının MTN-də hörmətli şəxs olduğunu dedim, mənzilində aşkar olunmuş silahla bağlı məlumat əldə etməyə çalışdım. Bildiyimə görə, Malik Mustafayev Mətləblə bu barədə söhbət etsə də, o, silahı haradan alması barədə məlumat verməyib”.

Elçin Quliyev və işçisi olmuş Azər Mehdiyevin məhkəməsi sentyabrın 8-də davam edəcək.

Buna da bax:​ MTN polkovniki: 'Şeytan maşını işə düşüb, daha dözə bilmirəm...'

Xatırlatma

2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum hadisələrdən sonra nazirliyin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev bu vəzifədən azad olunaraq, MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi. Amma bu vəzifədə təxminən bir ay işləyəndən sonra o da həbs olundu.

MTN generalı rüşvətalma, vəzifə səlahiyyətlərindən sui-istifadə və başqa əməllərdə suçlanır.

XS
SM
MD
LG