Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:24

'Moskva Bakıdan maksimum güzəşt əldə edənə qədər...'


Prezident İ.Əliyev Rusiyanın xarici işlər naziri S.Lavrovu qəbul edir. 21 noyabr 2020
Prezident İ.Əliyev Rusiyanın xarici işlər naziri S.Lavrovu qəbul edir. 21 noyabr 2020

Noyabrın 21-də Rusiya Federasiyasının xarici işlər və müdafiə nazirləri - Sergey Lavrovla Sergey Şoyqu bölgəyə səfər ediblər. Onlar əvvəlcə Ermənistan paytaxtı Yerevana, daha sonra isə Azərbaycan paytaxtı Bakıya baş çəkiblər.

Yerevanda

Yerevanda Rusiya xarici işlər naziri S.Lavrovun baş nazir Nikol Paşinyanla görüşündə azərbaycanlı qaçqınların Qarabağa qayıtması xatırladılıb. Müdafiə naziri S.Şoyqu da Ermənistandan olan həmkarı ilə üçtərəfli bəyanatı və atəşkəs rejiminin pozulmasına yol verilməməsini müzakirə edib. Üstəlik, Rusiya və Ermənistan müdafiə nazirlərinin Qarabağda Rusiya sülhməramlılarının fəaliyyətini tənzimləyən sənəd imzaladıqları bildirilir...

Baş nazir N.Paşinyan Yerevanda Rusiya nümayəndə heyətini qəbul edir. 21 noyabr 2020
Baş nazir N.Paşinyan Yerevanda Rusiya nümayəndə heyətini qəbul edir. 21 noyabr 2020

Bakıda

Bakıda keçirilən görüşdə prezident İlham Əliyev S.Şoyquya deyib: "Bizim fikrimizcə, bəyanatın müddəaları uğurla həyata keçirilir və bu, həm Azərbaycan tərəfinin, həm də Ermənistan tərəfinin çoxillik münaqişəyə son qoymağa və siyasi nizamlama mərhələsinə çıxmağa hazır olduğunu bir daha nümayiş etdirir".

Rusiya xarici işlər naziri S.Lavrov da prezidentlə görüşdən sonra jurnalistlərə deyib ki, Azərbaycan və Ermənistan tərəfləri ilə birlikdə həyata keçirəcəkləri bir sıra konkret istiqamətlər müzakirə edilib: "Başqa istiqamətlər arasında biz BMT sisteminə daxil olan beynəlxalq təşkilatların, Beynəlxalq Qırmızı Xaç Komitəsinin rusiyalı sülhməramlılarla, humanitar müşahidə mərkəzi ilə birgə çalışaraq humanitar problemlərin həllinə fəal cəlb edilməsində maraqlıyıq".

O deyib ki, bu işin daha səmərəli olması barədə Azərbaycan prezidentinin konkret təklifləri var və onları maraqla müzakirə ediblər. Amma S.Lavrov təkliflərin detallarını açıqlamayıb.

Bağlı qapılar arxasında nə danışıldığı isə məlum deyil.

Ə.Oruclu
Ə.Oruclu

"Putin planı..."

Politoloq Ərəstun Oruclu AzadlıqRadiosuna bildirib ki, təəssüf ki, sənədin imzalanmasından sonra ən pis gözləntilər gerçəkləşir: "Rusiya tərəfinin qoşunların yeridilməsindən öncə və sonrakı davranışını müqayisə etsək, burada dinamika açıq-aşkar Azərbaycanın xeyrinə deyil. Ona görə də üçtərəfli bəyanatın imzalandığı andan başlayan "Putin planı" regionda bütün proseslərin idarə edilməsi üçün çox mühüm dayaq nöqtəsi kimi lazım idi".

Ə.Oruclu hesab edir ki, məlum sənəd Rusiyanın əl-qolunu açır: "Bu gün Moskva Azərbaycana bir neçə istiqamətdə təzyiq göstərir. Onlardan biri təkcə Ermənistanla deyil, həm də Qarabağda marionet qondarma rejim ilə daha sıx əməkdaşlıqdır. Görünür, Rusiya xarici siyasəti qarşısında qoyulmuş vəzifələrə nail olunması növbəti və daha vacib mərhələyə keçir".

"... Bu təzyiqlər davam edəcək"

Onun fikrincə, sülhməramlılarla bağlı məsələlərin Bakıda deyil, məhz Yerevanda müzakirə edilməsi Azərbaycana təzyiq üsullarından biridir: "Moskva Bakıdan maksimum güzəşt əldə edənə qədər bu təzyiqlər davam edəcək. Bu ondan xəbər verir ki, Azərbaycan təcili Rusiya ilə qarşılıqlı fəaliyyət üzrə plan qurmalıdır. Burada Rusiyadan gözlənilən istisnasız bütün variantlar və nüanslar nəzərə alınmalıdır. Təbii ki, bir plan azdır və o, yaranmış vəziyyətdə Azərbaycanın strategiyasının işlənib hazırlanması üçün baza ola bilər. Bu planda ilk və ən vacib bənd Türkiyə ilə hərbi əməkdaşlıq üzrə praktiki addımların atılması olmalıdır".

İ.Vəlizadə
İ.Vəlizadə

Politoloq İlqar Vəlizadə də "Turan" agentliyinə qeyd edib ki, danışıqlar haqda rəsmi məlumatlar azdır: "Lakin aydındır ki, nizamlanma prosesinin detallarının - qaçqınların, sülhməramlı qüvvələrin yerləşdirilməsinin razılaşdırılması gedir".

"İndi özlərinə gəlirlər və üstünlük əldə etmək istəyirlər"

Müdafiə naziri S.Şoyqu ilə Ermənistan tərəfi arasında sazişin imzalanmasına toxunan İ.Vəlizadə güman edir ki, bu, Ermənistan silahlı qüvvələrinin regiondan çıxarılmasına həsr olunub. Onun fikrincə, məhz ona görə də Rusiya nümayəndə heyəti Azərbaycan tərəfi ilə sənədlər imzalamayıb:

"Belə təəssürat yaranır ki, Ermənistan tərəfi bəyanatı imzalamaqla getmiş qatara çatmağa cəhd edir, düzəlişlər etməyə çalışır. Nikol Paşinyan bəyanatı imzalayanda Ermənistan çaşqınlıq içində idi, indi özlərinə gəlirlər və üstünlük əldə etmək istəyirlər. Sergey Lavrovun sözlərindən aydın olur ki, o, Yerevanda onları Bakının azad edilmiş rayonlara azərbaycanlıların qaytarılması niyyətinə hazırlayıb. Ermənistanın Dağlıq Qarabağda nəsə saxlamaq cəhdləri Azərbaycan və Türkiyə tərəfindən neytrallaşdırılacaq".

İ.Vəlizadə daha sonra da deyib: "Kəlbəcər və Laçın rayonları qaytarıldıqdan sonra onların Azərbaycanın qalan hissəsi ilə əlaqəsini təmin etmək lazımdır və bu trafik Qarabağın erməni əhalisinin olduğu və Rusiyanın nəzarətində olan hissəsindən keçəcək. Buradan da Qarabağın dağlıq hissəsindən keçən kommunikasiyaların təhlükəsizliyi ilə bağlı danışıqlar mövzusu yarana bilər".

İlham Əliyev: Razılaşmada Putinin imzası...
Gözlə

No media source currently available

0:00 0:01:22 0:00

Milli Məclisin deputatı Eldar İbrahimov da agentliyə deyib ki, Yerevan və Bakıda aparılan danışıqlar barədə televiziyada deyilənlərdən başqa ictimaiyyətə heç bir məlumat verilməyib. O, Rusiya nümayəndə heyətinin öncə Yerevana getməsində, sonra danışıqların Bakıda davam etdirilməsində siyasi əhəmiyyət görmür.

Xatırlatma

Sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik ümumilikdə Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Noyabrın 20-də razılaşmaya əsasən, Azərbaycan ordusu Ağdam rayon mərkəzinə daxil olub. Kəlbəcər rayonu isə noyabrın 15-nə qədər qaytarılmalı olsa da, bu proses 10 gün uzadılıb.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG