Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:36

Avropa yazda gözlənən yeni miqrant axınını önləməyə çalışır


►"Sərhədsiz Həkimlər" Avropa Birliyinin miqrantların qarşısını almaq cəhdlərini tənqid edir

Associated Pressin verdiyi xəbərə görə, "Sərhədsiz həkimlər" humanitar təşkilatı (MSF) çərşənbə axşamı bildirib ki, bir sıra Avropa Birliyi dövlətlərinin miqrantların qarşısını almaq cəhdləri minlərlə insanı təhlükə qarşısında qoyub və miqrant qaçaqçıları üçün daha çox iş imkanı yaradıb.

Təşkilat öz hesabatında qeyd edir ki, sərhədlərin bağlanması və siyasətin sərtləşdirilməsi sığınacaq və iş axtaran insanları Avropaya girmək üçün başqa yollar axtarmağa vadar edəcək.

MSF Avropa Birliyini Avropaya gəlmək üçün daha çox qanuni yollar açmağa və insanlara Türkiyə-Yunanıstan sərhədində sığınacaq üçün müraciət etməyə icazə verməyə çağırıb.

Keçən il Avropa Birliyinə bir milyondan çox miqrant gəlib, amma onlar heç də həmişə xoş qarşılanmayıb.

Avropa Birliyinin Mərkəzi Avropada yerləşən dörd üzvü, Vışeqrad dördlüyünə (V4) daxil olan Çexiya, Macarıstan, Polşa və Slovakiya sığınacaq axtaran 120000 miqrantın 28 üzv dövlət arasında paylaşdırılmasına qarşı olduğunu bir daha təsdiq ediblər. Onlar Şengen zonasının xarici sərhədlərində ciddi nəzarət yaradaraq bütün qaçqınların qeydiyyatdan keçirilməsinə çağırıblar.

Sloveniya və Serbiyanın rəsmiləri bildiriblər ki, əgər Avstriya ölkəyə qaçqın axınını azaltsa, bu domino effekti verəcək və Balkanlardan keçən miqrant dəhlizində gərginliyə səbəb olacaq.

Buna da bax: Enerji sektorunda kütləvi ixtisarlar

Bu iki ölkənin xarici işlər nazirləri bu yaz gözlənilən yeni miqrant dalğası başlayana qədər AB-ni böhrandan çıxış planı hazırlamağa çağırıblar.

Niderlandın Heesch şəhərində nümayişçilər hökumətin 500 qaçqın üçün sığınacaq tikmək planına etiraz ediblər. Polislə toqquşmalar tələfatsız ötüşüb.

AB-nin baş miqrasiya rəsmiləri bildiriblər ki, bir ay ərzində Yunanıstanda və İtaliyada miqrantların AB-nə axınına daha yaxşı nəzarət etmək və onları təhlükəsizlik yoxlamasından keçirmək üçün xüsusi məntəqələr yaradılmalıdır.

Bu məntəqələr yeni gələnləri qeydiyyatdan keçirməli, onların barmaq izlərini və barələrindəki başqa məlumatı toplamalıdır. Sığınacaq almaq üçün heç bir şansı olmayanlar tezcə evə göndərilməli, digərləri isə daha bərabər qaydada AB dövlətləri arasında paylaşdırılmalıdır.

Almaniyanın "Süddeutsche Zeitung" qəzeti Miqrasiya üzrə Komissar Dimitris Avramopoulosdan sitat gətirərək yazıb ki, qaçqın axını birdən-birə dayanmayacaq və sözügedən məntəqələrin tez işləməsini təmin etmək çox vacibdir.

XS
SM
MD
LG