Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:41

Mehman Hüseynovun işi apellyasiyaya qaytarıldı


Mehman Hüseynov
Mehman Hüseynov

Həbsdə olan bloqqer, Facebook-da 30 mindən artıq izləyicisi olan «Sancaq» səhifəsinin sahibi Mehman Hüseynovun işi yenidən apellyasiya məhkəməsinə qaytarılıb. Sentyabrın 29-da Ali Məhkəmədə Əli Seyfəliyevin sədrlik etdiyi hakimlər kollegiyası bu haqda qərar çıxarıb.

14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan M.Hüseynov məhkəməsində iştirak etmək istəsə də, onu Ali Məhkəməyə gətirməmişdilər. Baxmayaraq ki, Ali Məhkəməyə iştirakının təmin olunması üçün ərizə də göndərmişdi.

Ali Məhkəmənin bugünkü iclasında bloqqerin ərizəsi müzakirəyə çıxarılsa da, təmin olunmayıb. Hakimlər belə nəticəyə gəlib ki, Mehman məhkəməsində iştirak istəyini yetərincə əsaslandırmayıb.

HƏBSİN KÖKÜNDƏ NƏ DAYANIR

Məhkəmədə o da bəlli olub ki, M.Hüseynov vəkili Elçin Sadıqovun hazırladığı və özünün də imzaladığı kassasiya şikayətindən imtina edir. Bu haqda da Ali Məhkəməyə ərizə göndərib. Yazıb ki, digər vəkilləri Fuad Ağayev və Şəhla Hümbətovanın hazırladığı şikayətə baxılmasını istəyir.

***Buna da bax-Vəkil: 'Mehman Hüseynov azadlığa çıxa bilər'

Bloqqerin bu ərizəsi isə təmin olunub.

Ardınca vəkillər çıxış edib. F.Ağayev Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin M.Hüseynova qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia, ona səbəb olan müsahibə və ondan əvvəl bloqqerin başına gələnlər haqda ətraflı danışıb:

«Mehman Hüseynovun həbsinin kökündə yanvarda Mərdanov qardaşları və Həzi Aslanov küçələrinin kəsişməsində baş vermiş hadisə dayanıb. Həmin gün mülkigeyimlilər Mehmanın başına torba keçirib, maşına mindirib, bir saat şəhərdə gəzdirəndən sonra Nəsimi Rayon Polis İdarəsinə aparıblar. Bu müddətdə, ondan sonra idarədə də başından torba çıxarılmayıb. Orada məruz qaldığı iztirablardan halı pisləşib, təcili yardım çağrılıb. Ertəsi gün məhkəməyə çıxarılaraq cərimələnib. Qərarda da yazılıb ki, guya Mehman başqa biri ilə dalaşaraq, inzibati xətaya görə saxlanılıb. Mehman da məhkəmədən sonra çıxıb onu gözləyənlərə, jurnalistlərə əslində nə baş verdiyini danışıb. Həmin müsahibəsində də bircə dəfə də Musa Musayevin adını çəkməyib. O, heç bu adamı tanımayıb. Amma Musayev Suraxanı Rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldıraraq, CM-nin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə onun cəzalandırılmasını tələb edib».

Mehman Hüseynov: "Rəisin yanında ürəyim getdi"
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00

POLİS RƏİSİ BU CÜR İDDİA QALDIRA BİLMƏZ

Vəkil polis rəisinin sözügedən iddiası əsasında M.Hüseynovun iki il azadlıqdan məhrum edilməsinə dair hökmün qanunsuz və əsassız olduğunu deyib və əlavə edib ki, bu cür şikayətlərdə böhtan və ya təhqir konkret şəxsin özünə yönəlməlidir. Amma heç yerdə M.Musayevin adı çəkilmir. Polis rəisi rəhbərlik etdiyi quruma görə kimisə məhkəməyə verə bilməz.

***Buna da bax-Mehman Hüseynov: 'Məni uzatmışdılar, biri də üstümdə oturmuşdu'

«Müdafiə tərəfi istər Suraxanı Rayon Məhkəməsində, istərsə də Bakı Apellyasiya Məhkəməsində proses boyu ağır vəziyyətə salındı. Bu işdə araşdırılması mümkün olan bütün sübutlar qarşı tərəfin əlində olub. Biz deyirik ki, yaxşı, polis rəisi Mehmanın söylədiklərinin böhtan olduğunu iddia edir, o zaman polis idarəsinin giriş-çıxışında, Mehmanın aparıldığı Post-Patrul Xidməti maşınında çəkilən kamera görüntüləri məhkəməyə təqdim olunsun, görək ki, dedikləri yalandır. Görək ki, onu başında torba ilə gətirməyiblər idarəyə. Amma bu haqda vəsatətlərimiz təmin olunmadı. Təəssüf edirəm ki, Mehman Hüseynova qarşı əməliyyatda aşağı instansiya məhkəmələri də iştirak etdi», – F.Ağayev belə deyib.

QƏRARI YEDDİ AYDIR ALA BİLMİRLƏR

Müdafiəçi çıxışının sonunda M.Hüseynov haqqında cinayət işinə xitam verilməsi, onun azadlığa buraxılması haqda qərar çıxarılmasını istəyib.

Digər vəkil E.Sadıqov aşağı instansiya məhkəmələrində M.Hüseynovun işinə baxılarkən qanunvericiliyin tələblərinin pozulmasından, Suraxanı Rayon Məhkəməsində hətta müdafiə çıxışına hazırlaşmaq üçün vaxt verilməməsindən danışıb:

Mehman Hüseynov 2 il həbs cəzası aldı
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00

«İddia ərizəsinin surətini Mehman bu günə qədər almayıb. Suraxanı Rayon Məhkəməsində hazırlıq iclasının qərarı üç gün ərzində bizə verilməli idi, yeddi ay keçib, hələ də verilməyib. Biz xüsusi ittihamçı Musa Musayevi dindirmək hüququndan məhrum edildik. Məhkəmə onu çağırıb dindirmədi».

***Buna da bax-Mehman Hüseynovun vəkili: 'Müstəntiq yazıb ki, qan ləkələri..'

Bloqqerin daha bir vəkili Fəxrəddin Mehdiyev Mehmanın tanınmış jurnalist olduğunu, foto və video reportajlarında ölkədəki neqativ halları, korrupsiyanı, məmurların sərvətlərini ifşa etdiyini xatırladıb. Bu fəaliyyətinə görə M.Hüseynovun bundan öncə də dəfələrlə təqiblərə məruz qaldığını deyən vəkilin sözlərinə görə, həbsi də həmin təqiblərin davamıdır:

«Adamın başına gətirilənləri danışmasına görə həbs olunması biabırçılıqdır».

«AZƏRBAYCANDA OLAN SÖZ AZADLIĞI HEÇ YERDƏ YOXDUR»

Polis rəisinin nümayəndəsi Əlirza Həbilov isə qarşı tərəfin kassasiya şikayətinin əsassız olduğunu deyib və təmin olunmamasını istəyib. Bildirib ki, kassasiya şikayətində Ali Məhkəmədən edilən xahiş də prosessual normalara uyğun deyil:

«Kassasiya şikayətini oxuyanda fikirləşdim ki, yəqin, Mehman Hüseynov yazıb, vəkillər də imzalayıb. Suraxanı Rayon Məhkəməsinin hökmünə apellyasiya məhkəməsi baxıb və qüvvədə saxlayıb. Ali Məhkəmə onu ləğv edə bilməz. Ali Məhkəmə apellyasiya məhkəməsinin qərarından verilən şikayətə baxır».

M.Hüseynovun jurnalist fəaliyyətinə görə cəzalandırılması haqda deyilənlərlə razılaşmayan vəkil söyləyib ki, Azərbaycanda olan söz azadlığı dünyanın heç yerində yoxdur.

Ə.Həbilovun çıxışından sonra hakimlər müşavirəyə gedib və təxminən beş dəqiqə sonra bloqqer və müdafiəçilərinin kassasiya şikayətinin təmin olunmadığını, amma Bakı Apellyasiya Məhkəməsinin M.Hüseynovla bağlı 12 aprel 2017-ci il tarixli qərarının ləğv olunduğunu elan edib. Qərara əsasən, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.

XS
SM
MD
LG