Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:49

Mehman Hüseynov: 'Fahişəxanalar bəs onun nüfuzuna xələl gətirmir?'


Mehman Hüseynov
Mehman Hüseynov

“Facebook” sosial şəbəkəsindəki “Sancaq” səhifəsinin idarəedicisi Mehman Hüseynov noyabrın 3-də yenidən məhkəmə qarşısına çıxarılıb...

“Musa Musayev Nəsimi rayon Polis İdarəsinin rəisidir, deməli, bu rayona nəzarət edən birinci, ikinci adamdır. Məni ittiham edir ki, guya, böhtan atmışam, onun işgüzar nüfuzuna zərbə vurmuşam. Nəsimi rayonu ərazisində rəsmi qaydada 15 fahişəxana fəaliyyət göstərir. Bunun qayğısına niyə qalmır? Bu, Musa Musayevin işgüzar nüfuzuna xələl gətirmir?”, – həbsdə olan bloqqer Mehman Hüseynov belə deyir.

“Facebook” sosial şəbəkəsindəki “Sancaq” səhifəsinin idarəedicisi Mehman Hüseynov noyabrın 3-də yenidən məhkəmə qarşısına çıxarılıb. Bir müddət öncə Bakı Apellyasiya Məhkəməsi onun iki il həbsi haqda hökmü qüvvədə saxlasa da, sonradan Ali Məhkəmə həmin qərarı ləğv elədi. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarıldı. Bu dəfə bloqqerin işinə Əflatun Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Buna da bax: Avropa Məhkəməsi M.Hüseynovun daha bir şikayətini icraata götürdü

CƏZANIN ÜÇDƏ BİRİ ÇƏKİLİB

Məhkəmədə M.Hüseynovun vəkilləri Fuad Ağayev, Fəxrəddin Mehdiyev və Şəhla Hümbətova onun məhkəmə zalındakı səskeçirməz şüşə kabinədən çıxarılıb müdafiəçilərinin yanında əyləşməsi, apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla (şahidlərin dindirilməsi, sübutların araşdırılması və s.) baxılması, onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi haqda vəsatətlər qaldırıblar.

Fəxrəddin Mehdiyev bildirib ki, vəkillər müdafiənin qurulması, müəyyən məsələlərlə bağlı Mehmanla məsləhətləşmək üçün onunla ünsiyyətdə olmalıdır. Lakin Mehman məhkəmə zalında bağlı bir kabinədə saxlanılır.

Buna da bax: Vəkil: ‘Mehman Hüseynov azadlığa çıxa bilər’

Şəhla Hümbətova yada salıb ki, Mehman haqda hökmün qüvvədə saxlanması qərarı ləğv olunub. Bu isə o deməkdir ki, onun haqqındakı hökm qüvvədə deyil. Başqa sözlə, M.Hüseynov hələ də təqsirsiz sayılır: “Bu gün Mehmanın heç bir təqsiri olmadığı halda, həbsdə saxlanmasının 9 ayı tamam olur”.

Fuad Ağayev də hüquqlarını müdafiə etdiyi şəxsin səskeçirməz şüşə kabinədə saxlanmasını pis rəftar kimi qiymətləndirib. Vəkil deyir ki, bloqqer ona verilmiş cəzanın üçdə birindən də çoxunu çəkib, onun vaxtından əvvəl azadlığa buraxılmaq hüququ yaranıb.

Buna da bax: 'Söz və ifadə azadlığı ilə bağlı bütün yaxşı sözlər kağız üzərindədir'

MƏHKƏMƏ İSTİNTAQI

M.Hüseynovun həbsinin səbəbkarı olan polis rəisi Musa Musayevin nümayəndəsi Əlirza Həbilov apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılması və bloqqerin barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi haqda vəsatətlərə etiraz edib. Onun vəkillərinin yanında əyləşməsi məsələsinə isə fikir bildirməyib, məhkəmənin mülahizəsinə buraxıb.

Fuad Ağayev xüsusi ittihamçının nümayəndəsinə Ali Məhkəmənin qərarını xatırladıb:

“Qərarın altıncı səhifəsində yazılıb ki, Mehman Hüseynovla bağlı baş verən pozuntular onun işinə qismən də olsa, məhkəmə istintaqı aparılmaqla baxılmasını şərtləndirir”.

Buna da bax: Almaniyada Mehman Əliyevə dəstək aksiyası keçirilib

Qısa müşavirədən sonra hakimlər məhkəmə istintaqı ilə bağlı vəsatəti təmin edib, digərlərini isə yox.

Ardınca polis rəisinin vəkili danışıb. Ə.Həbilov deyib ki, M.Hüseynov müsahibəsində Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən oğurlandığını, idarədə işgəncələrə məruz qaldığını söyləməklə böhtan atıb, Musa Musayevin işgüzar nüfuzuna zərbə vurub: “Musa Musayev Nəsimi rayon Polis İdarəsinə rəhbərlik edir. Bu idarənin fəaliyyətində qanunsuzluqlar haqda məlumatlar onun işgüzar nüfuzuna xələl gətirir”.

“BİZNESMENDİR Kİ?!”

Bloqqerin vəkili F.Ağayev bununla razılaşmayıb: “Polis rəisinin nə işgüzar nüfuzu? Biznesmendir ki?!”

Buna da bax: 'Bir azdan bu Mehmanı da unudacağıq...' - [media icmalı]

F. Ağayev yanvarın 9-da şəhərin mərkəzində M.Hüseynovun mülki geyimli şəxslərin hücumuna məruz qalması, başına torba keçirilməsi, bir saat maşında başıaşağı vəziyyətdə gəzdirildikdən sonra Nəsimi Rayon Polis İdarəsinə aparılması, orada təhqirlərə, işgəncələrə məruz qalması haqda danışıb: “Əgər Mehmanın bu haqda dedikləri yalandırsa, “Təhlükəsiz şəhər” kameralarının, Mehmana hücum olan yerdəki bank, sığorta şirkəti, kafe və başqa obyektlərin kameralarının görüntülərini təqdim eləsinlər. Polis İdarəsinin qarşısındakı kamera görüntülərini ortaya qoysunlar, sübut eləsinlər ki, yalandır, Mehmanın başında torba olmayıb, əlləri qandallı olmayıb. Bizim o görüntülərə əlimiz çatmır. Ona görə də görüntülərin alınması haqda məhkəmədə vəsatət qaldırdıq. Amma təəssüf ki, məhkəmə vəsatətimizi təmin etmədi. “Təhlükəsiz şəhər” kameraları nə üçündür? Təkcə sürücülərin saatda 60 yox, 80 km sürətlə getdiyini müəyyənləşdirib cərimələmək üçün? Daxili İşlər orqanları öz sərəncamlarında olan görüntüləri ortaya qoymursa, deməli, bu, həqiqətin gizlədilməsinə xidmət edir”.

Buna da bax: Mehman Hüseynovdan xəbər var

“BU, NÜFUZUNA ZƏRBƏ VURMUR?”

F.Ağayev deyir ki, M.Hüseynov heç bir sübut olmadan, Musa Musayev və onun arxasında dayananların bir ərizəsi ilə məhkum edilib.

F.Ağayev xüsusi ittiham qaydasında şikayət verərək, M.Hüseynovun həbsinə nail olan Musa Musayevin özünün məhkəmədə dindirilməsini istəyib: “Müdafiə tərəfi olaraq, biz xüsusi ittihamçını dindirə bilməmişik. O, məhkəməyə çağırılmalıdır”.

Buna da bax:​ 2,9 milyard dollar və 'Azərbaycanın pulyuyan maşını' [jurnalist araşdırması]

Ardınca M.Hüseynov özü ifadə verib. Deyib ki, M.Musayevi tanımır, heç vaxt onu görməyib, müsahibəsində də adını çəkməyib: “Bu adam iddia edir ki, mən onun işgüzar nüfuzuna zərbə vurmuşam. Adının qayğısına qalırsa, çox gözəl. O, polis rəisi olaraq, Nəsimi rayonuna nəzarət edən birinci, ikinci adamdır. Bəs necə olur, Nəsimi rayonu ərazisində rəsmi qaydada 15 fahişəxana fəaliyyət göstərir, amma bu, onun nüfuzuna zərbə vurmur?”

Bu yerdə hakim M.Hüseynovun işin mahiyyəti üzrə danışmadığını əsas gətirib, ona protokol qaydasında xəbərdarlıq edib. Məhkəməni də yarımçıq saxlayıb.

Bloqqerin məhkəməsi noyabrın 10-da davam edəcək.

Buna da bax: Hakim partiyanın namizədi birinci xanım ola bilərmi? [video]

XATIRLATMA

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib. Bundan əvvəl, yanvarın 9-da isə onun oğurlandığı güman edilirdi.

Yalnız yanvarın 10-da məhkəmə önünə çıxarkən, onun Nəsimi Rayon Polis İdarəsinin 22 saylı Polis Bölməsində saxlandığı məlum olmuşdu. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə M.Hüseynov polisə tabe olmamaqda təqsirli bilinərək, 200 manat cərimə edilmişdi.

Buna da bax: Nazir: ‘Oğurluq, soyğunçuluq və quldurluqların açılma faizi yaxşılaşıb’

Jurnalistlər önünə çıxan bloqqer polisdə saxlandığı müddətdə işgəncələrə məruz qaldığını söyləyib. Vəkili isə işgəncə şikayətinin araşdırılmasından ötrü Bakı Şəhər Prokurorluğuna müraciət etmişdi. Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev də M.Hüseynovun işgəncə ilə bağlı dediklərini polisə böhtan sayaraq, xüsusi ittiham qaydasında iddia qaldırıb. Həmin iddia əsasında M.Hüseynov 2 il azadlıqdan məhrum edilib.

Apellyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb. Ancaq Ali Məhkəmə bloqqerin kassasiya şikayətini qismən təmin edib, işi yenidən Apellyasiya Məhkəməsinə qaytarıb.

XS
SM
MD
LG