Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:50

Mehman Əliyev buraxılmadı


Mehman Əliyev
Mehman Əliyev

Avqustun 30-da Bakı Apellyasiya Məhkəməsində "Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin həbs qərarından verilmiş şikayətə baxılıb. Qail Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası apellyasiya şikayətini təmin etməyib.

Qapalı keçirilən məhkəmə haqda AzadlıqRadiosu-na Mehman Əliyevin vəkili Fariz Namazlı məlumat verib.

Buna da bax:​ Hüquq müdafiəçiləri M.Əliyevə görə prezidentə üz tutdular

"Məhkəmədə müdafiə tərəfi ən azı, Mehman Əliyevə verilmiş ittihamların saxta olduğunu sübuta yetirdi. Mehman Əliyevə qarşı ittihamlarla əlaqədar heç əsaslı şübhələr də mövcud deyil. İttiham tərəfi məhkəməyə konkret sübutlar təqdim etməyib. Təəssüf ki, hakimlər ortaya qoyulan sübutlara, arqumentlərə əhəmiyyət vermədilər.

Digər tərəfdən, Mehman Əliyevə ittiham verilən cinayətlər iqtisadi xarakterlidir. Son dövrlərdə praktikada bu cür əməllərə görə həbs hallarına rast gəlməmişəm. Amma Mehman Əliyevə fərqli münasibət, bu cür ittihamlarla barəsində həbs-qətimkan tədbirinin seçilməsi göstərir ki, bu iş sifarişlidir. Yəni Mehman Əliyev sifariş əsasında həbs olunub", – Fariz Namazlı bildirib.

Buna da bax:​ 'Turan' bəyanat yaydı

“ŞAHİDLƏRƏ TƏSİR GÖSTƏRƏ BİLƏR”

Vəkilin sözlərinə görə, istintaq dövründə Mehman Əliyevin həbsdə saxlanmasını istəyən qarşı tərəfin arqumentlərindən biri belə olub ki, işçiləri arasında hörmətə malikdir, bundan istifadə edib şahidlərə təsir göstərə bilər. Amma müdafiəçi bu arqumenti əsassız sayır:

"Mehman Əliyevin daimi yaşayış, iş yeri var, dəfələrlə şahid qismində ifadə verib, istintaqın çağırışlarından heç vaxt yayınmayıb. Sonuncu dəfə də istintaqa çağırılanda könüllü şəkildə gedib, daha sonra şübhəli, ardınca da təqsirləndirilən şəxs qismində cəlb olunub. Yəni Mehman Əliyevin istintaqdan yayınması üçün əsaslı ehtimallar mövcud deyil".

Məhkəmədə Mehman Əliyev özü də iştirak edib. Vəkilin sözlərinə görə, o, ittihamların saxta, həbsinin əsassız və qanunsuz olduğunu bildirib.

Buna da bax:​ Senator Mehman Əliyevin azadlığını istəyir

Fariz Namazlı da hesab edir ki, ümumiyyətlə, "Turan" informasiya agentliyi ətrafında başlanmış cinayət işi də, Mehman Əliyevə qarşı irəli sürülmüş ittihamlar da saxtadır.

Vəkil Mehman Əliyevin həbs qərarından Avropa Məhkəməsinə şikayət göndərəcək:

"Məhkəmə nəzarəti qaydasında şikayət verilmiş işlərdə apellyasiya məhkəməsi son instansiyadır. Bundan sonra ölkə daxilində artıq hüquqi müdafiə vasitəsi mövcud deyil. Ona görə də Mehman Əliyev haqqında həbs qərarından Avropa Məhkəməsinə şikayət edəcəyik. Bu qərar Avropa Konvensiyasının 5-ci maddəsi ilə təminat verilən azadlıq hüququnun pozuntusudur".

XATIRLATMA

Avqustun 25-i Yasamal Rayon Məhkəməsinin qərarı ilə «Turan» İnformasiya Agentliyinin direktoru M.Əliyev haqqında noyabrın 7-nə kimi həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb. Bundan bir gün əvvəlisə o, artıq şübhəli şəxs qismində saxlanmışdı.

Buna da bax: Deputat: 'Mehman Əliyevin həbsinə gərək yox idi...'

Vergilər Nazirliyi avqustun 8-də «Turan» agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. M.Əliyev ittihamları qəbul etmir.

Avqustun 17-də də agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.

«Turan» İnformasiya Agentliyinin kollektivi bəyan edib ki, sentyabrın 1-dən fəaliyyətlərini qeyri-müəyyən bir vaxta kimi dayandırmaq məcburiyyətindədirlər.

Buna da bax:​ 4 tanınmış jurnalist Mehman Əliyevə zamin durur

Avqustun 28-də isə «Turan» İnformasiya Agentliyinin (İA) əməkdaşları Vergilər Nazirliyinin Vergi Cinayətləri İdarəsinə çağırılıblar. Verilən məlumata görə, əməkdaşlar «Turan» İA-ya qaldırılan cinayət işi ilə bağlı şahid qismində dindiriliblər.

Axşam saatlarında isə Vergi Cinayətləri İdarəsinin əməkdaşları agentliyin redaksiyasına gəlib. Onlara agentliyin əməkdaşlarının və vəkil Fuad Ağayevin iştirakı ilə «Turan» İA-nın son bir neçə illik maliyyə sənədləri təqdim edilib.

Buna da bax:

Mehman Əliyev həbsdə qaldı
Gözlə

No media source currently available

0:00 0:01:19 0:00

XS
SM
MD
LG