Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:31

«Şahmar Mövsümovun seçilməməsi məni çox təəccübləndirdi»


Qubad İbadoğlu
Qubad İbadoğlu

-

Hazırda ABŞ-ın Dyuk Universitetinin professoru vəzifəsində çalışan Qubad İbadoğlu yenə «Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü» təşkilatının (MSŞT) beynəlxalq idarə heyətinə tamhüquqlu üzv seçilib. Onun fəaliyyət müddəti 2016-2019-cu illəri əhatə edəcək. Q.İbadoğlu qurumda Azərbaycanı Avrasiya regionunda təmsil edəcək tək nümayəndə olacaq. Məsələ burasındadır ki, Dövlət Neft Fondunun icraçı direktoru, MSŞT üzrə Hökumət Komissiyasının sədri Şahmar Mövsümov bu dəfə idarə heyətinə seçilməyib. Q.İbadoğlu AzadlıqRadiosuna müsahibəsində idarə heyətinə seçkilərdən və Azərbaycanın bu təşkilatda gələcək taleyindən danışıb.

- Sizcə, Şahmar Mövsümovun Ukraynadan olan həmkarına uduzması nədən qaynaqlanıb?

- Əvvəla, bunu bildirim ki, MSŞT istər məzmunca, istərsə coğrafiyaca get-gedə genişlənməkdədir. Bu, təkcə ondan irəli gəlmir ki, ABŞ, Böyük Britaniya, Norveç kimi dünya nəhəngləri təşəbbüsə önəm verərək üzv olurlar, həm də ondan irəli gəlir ki, mədən sənayesi sektorlarına təsirlər çoxalır. Hazırda bu təşəbbüsə üzv olan ölkələrin sayı 49-dur. Onlardan 31-i MSŞT-nin tamhüquqlu, 18-i namizəd üzvüdür. Almaniya, Fransa, Avstraliya və Kanada da tezliklə bu təşəbbüsə qoşulmaq niyyətlərini bildiriblər. Hazırda seçilən beynəlxalq idarə heyəti yeni tərkibdə 2016-2019-cu illərdə fəaliyyət göstərəcək. Hökumətlərin, vətəndaş cəmiyyəti nümayəndələrinin seçkisi zamanı regional təmsilçilik nəzərə alınır. Azərbaycan Avrasiya regionuna daxildir. Bizim regiondan hökumət və vətəndaş cəmiyyətindən, uyğun olaraq bir əsas və bir əvəzedici şəxs seçilir. Köhnə tərkibdə Dövlət Neft Fondunun icraçı direktoru, MSŞT Komissiyasının sədri Şahmar Mövsümov Avrasiya regionuna daxil olan üzv dövlətlərin hökumətlərini, mənsə vətəndaş cəmiyyətini təmsil edirdim. Hər ikimizin əvəzedicisi Qazaxıstandan hökumət və vətəndaş cəmiyyəti nümayəndələri idi. Bu dəfə Ukrayna hökumətinin nümayəndəsini əsas və Qazaxıstan hökumətinin nümayəndəsini əvəzləyici heyətə seçdilər. Vətəndaş cəmiyyətinə gəlincə, Avrasiya regionundan mən əsas heyətə, ukraynalı həmkarımsa əvəzedici heyətə seçildi. Hökumət nümayəndələri daha öncə seçildiyindən Şahmar Mövsümovun seçilməməsi məni çox təəccübləndirdi. Axı Şahmar müəllim idarə heyətinin ən fəal üzvlərindən sayılırdı və beynəlxalq səviyyədə MSŞT prosesinə xeyli töhfə vermişdi. Bu baxımdan onun nəyə görə seçilməməsini şərh edə bilmərəm.

- Orada Azərbaycanı tək təmsil etmək hər hansı üstünlük gətirir, yaxud təhlükə törədir?

- Mən 3 ildir ki, MSŞT-nin beynəlxalq idarə heyətində əsas üzv kimi fəaliyyət göstərib xeyli təcrübə toplamışam. Növbəti dönəm mürəkkəb və önəmli dövrü əhatə edir. Avrasiya regionunu təmsil edən tək Azərbaycan nümayəndəsi kimi, bu, həm məsuliyyətimi artırır, həm də yükümü çoxaldır. Ötən heyətdə birgə fəaliyyətimiz zamanı bir çox məsələlərdə aramızda fikir ayrılığı olsa da, elə məsələlər var ki, Ş.Mövsümovla eyni mövqedən çıxış etmişik. Məsələn, Ermənistanın üzvlüklə bağlı müraciətinin idarə heyətində müzakirəsi zamanı məhz birgə mövqedən çıxış etdik. MSŞT beynəlxalq katibliyinin açıqlama verməsinə nail olduq. Açıqlamada deyilirdi ki, Ermənistan hökumətinin hesabatları yalnız bu ölkənin tanınmış sərhədləri çərçivəsindəki fəaliyyətinə aid ola bilər. İşğal olunmuş ərazilərdə fəaliyyət, birbaşa və ya dolayı yolla, bu hesabatlara salına bilməz. Çox böyük ehtimalla idarə heyəti yeni tərkibdə Ermənistanın üzvlük məsələsinə də baxacaq. Ermənistanın MSŞT-yə üzv olmasına dair danışıqlar 3 il öncə başlanıb. Bu danışıqlar, demək olar, yekun mərhələyə çatıb. Təbii ki, belə milli və dövlət maraqlarının qorunması istiqamətində fəaliyyəti davam etdirəcəyəm. Amma biz hələ ötən idarə heyətində də gördük ki, bu tip məsələlərdə hökumətlə vətəndaş cəmiyyətinin eyni mövqedən çıxış etməsi lazımi nəticələrə gətirib çıxarır.

- Bu il aprelin 15-də Azərbaycanın öhdəliklərinin qiymətləndirilməsi başlanacaq…

- Bu, geniş və çoxçalarlı dəyərləndirmə olacaq. Qiymətləndirmə hesabatı əsasında Azərbaycanın bu təşkilat qarşısında öhdəliklərinin icrası müzakirə olunacaq və ölkənin statusu yenidən dəyərləndiriləcək. Xatırladım ki, ötən il yerli vətəndaş cəmiyyətinin bu təşəbbüsdə iştirak imkanlarını dəyərləndirən beynəlxalq faktaraşdırıcı missiyanın hesabatı əsasında ölkənin öhdəlikləri qiymətləndirilmiş və idarə heyətinin 15 aprel 2015-ci il tarixli toplantısında Azərbaycanın statusu tamhüquqlu üzvdən namizəd səviyyəsinə endirilmişdi. Daha sonra idarə heyəti Azərbaycan hökumətinə birillik islahedici plan təqdim etmişdi. Bu ilin aprelində islahedici planın müddəti başa çatır və bundan sonra idarə heyətində onun icrası ilə bağlı yenidən müzakirələr aparılacaq və Azərbaycanın statusuna dair təkrar qərar veriləcək.

- Sizcə, nə gözlənilir?

- Əsas qiymətləndirmə predmeti bu təşəbbüsdə vətəndaş cəmiyyətinin iştirakı olacaq. Bu istiqamətdə vəziyyət ağır olaraq qalır. Bildiyiniz kimi, son 2 ildə vətəndaş cəmiyyəti institutları ciddi çətinliklərlə qarşılaşır. Beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanları məhdudlaşıb, bir qrup yerli QHT-nin bank hesabları hələ də bağlıdır, onlara əsassız vergi cərimələri qoyulub. QHT nümayəndələrinin sərhəd məntəqələrində xüsusi yoxlamalardan keçirilməsi davam edir, bəzi ictimai fəallar ölkəni məcburən tərk edib, bəzilərinə ölkədən çıxış qadağı qoyulub, tanınmış QHT liderləri hələ də həbsdədir. Ayrıca «Mədən sənayesində şəffaflığın artırılması»QHT Koalisiyasının üzvlərinin də bu qəbildən çoxsaylı problemi qalır. Halbuki MSŞT-nin sədri xanım Clare Short ötən il oktyabrın 8-də prezident İ.Əliyevlə görüşəndə ona söz verilmişdi ki, bu problemlər həll olunacaq. Amma bu istiqamətdə işlər ləng gedir və problemlərin həllinə ikili yanaşma mövcuddur. Məsələn, 2014-cü ilin iyununda mənim və İdarə Heyətində təmsil etdiyim İqtisadi Tədqiqatlar Mərkəzinin bank hesabları bağlanıb, həmin ilin avqustunda hesablarımıza həbs qoyulub, ofisimizdə axtarış aparılıb, maliyyə-mühasibat sənədləri müsadirə edilib və təşkilata əsassız olaraq böyük məbləğdə cərimə yazılıb. Məhkəməyə müraciət etmişik, Vergilər Nazirliyi cavabdeh kimi çıxışdan imtina edib ki, bizim bu işdən xəbərimiz yoxdur, biz nə yoxlama aparmışıq və nə də cərimə hesablamışıq. Bütün bunlar azmış kimi, bu günlərdə Nazirlər Kabineti QHT fəaliyyətinin öyrənilməsi haqqında qaydaları təsdiqləyib. Yenə də ümidimizi itirmirik, çünki artıq hər şey Azərbaycan hökumətinin öz öhdəliklərinə necə əməl etməsindən asılı olacaq. Az da olsa, vaxt var. Hökumət bu istiqamətdə ciddi qərarlar qəbul edəcəksə, problemlərin həllinə nail olacaqsa, o halda MSŞT idarə heyəti Azərbaycanın statusunu qaytara bilər. Əks təqdirdə, Azərbaycanın qurumdakı fəaliyyəti dayandırıla və ya ölkəmiz hətta üzvlükdən çıxarıla bilər.

- Sizin bu məsələyə münasibətiniz necədir?

- Azərbaycandan olduğuma və maraqlar toqquşması yaratdığına görə, səsverməyə qatıla bilməyəcəyəm. Amma müzakirələrdən əvvəl çıxış edib öz fikirlərimi bölüşəcəyəm. Mənim mövqeyim o zamana olan durumun dəyərləndirilməsi əsasında formalaşacaq. Vəziyyət necə olacaqsa, elə də təqdim edəcəyəm, qərarı isə idarə heyəti qəbul edəcək.

- Bu quruma üzvlük dövlətlərə nə verir ki?

- Bu quruma üzvlük Azərbaycana çox şey verir. Əvvəla, Azərbaycan ictimaiyyəti neft gəlirləri barədə vaxtaşırı məlumatlandırılır. İndi əlimizdəki 33 milyardlıq ehtiyatımızın formalaşmasında və saxlanmasında bu təşəbbüsün az rolu olmayıb. Yoxsa indi o pullar da xərclənmişdi. Digər tərəfdən Azərbaycana investorların cəlb edilməsində MSŞT-nin rolu böyük olub. Ötən il Azərbaycan hökuməti «bu təşəbbüsü tərk edə bilərik» bəyanatını verəndə, yalnız BP kimi investorlar deyil, həm də Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı kimi kreditorlar da narahatlıqlarını dilə gətirdilər. Azərbaycan iqtisadiyyatının investisiya və kreditlərə indi daha çox ehtiyac duyduğunu nəzərə alsaq, MSŞT-də fəaliyyətimizi davam etdirməyin strateji maraqlarımıza uyğunluğu da şübhə doğurmaz.

XS
SM
MD
LG