Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:49

'Ciddi narazılıqlar olacaq'


Qubad İbadoğlu
Qubad İbadoğlu

«Məcburi köçkünlərdən ötrü vahid aylıq müavinətin təyin edilməsi onların dolanışığını çətinləşdirəcək».

İqtisadçı Qubad İbadoğlu belə hesab edir.

Ölkə başçısının «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında» fərmanını şərh edən iqtisadçı deyir ki, böhran, müharibə dövründə belə qərarı verən hökumət onun risklərini də gözaltına almalıdır.

HAKİMİYYƏT BÖHRANIN YÜKÜNÜ AZTƏMİNATLILARIN ÜZƏRİNƏ QOYUR

«Tarix göstərir ki, yoxsullar və yaşayışı zəif olanlar sabitliyi daha çox pozurlar. Bunu əsas götürən bir çox ölkələrdə - xüsusilə də böhran dövrlərində - aztəminatlı və həssas qrupların sosial təminatı əlavə dəstək paketləri hesabına daha da gücləndirilir. Çünki böhranın daha çox vurduğu təbəqə yoxsullar olur. Azərbaycanda isə əksinə, mövcud hakimiyyət hazırkı böhranın yükünü aztəminatlı və həssas qrupların üzərinə qoyur», - iqtisadçı qeyd edir.

Buna da bax-Deputat: 'Müavinətləri çox verməyin faydası yoxdur' [video]

Q.İbadoğlu məcburi köçkünlərə nəzərdə tutulan 36 manat vahid aylıq müavinətin yalnız onların yemək xərclərinə çatacağını düşünür: «Son 2 ildə sürətlə artan ərzaq və dərman preparatlarının qiymətləri məcburi köçkünlərə yemək xərci üçün aylıq müavinətin artırılmasını, onsuz da, zərurətə çevirmişdi. Lakin məcburi köçkünlərə veriləcək vahid aylıq müavinət həm yemək xərcini və həm də tarifləri bahalaşan kommunal xərcləri qarşılamalıdır. Məcburi köçkünlərin ay ərzində 150 kVt/saat elektrik enerjisindən, 45 kubmetrə qədər qazdan pulsuz istifadə etmək hüququndan məhrum edilməsini də nəzərə alsaq, ayda 36 manatın ayrılması bu qrupa daxil olan böyük əksəriyyətin dolanışığını daha da pisləşdirəcək».

NAZİRLƏR KABİNETİNİN TƏSDİQLƏDİYİ QAYDALAR…

Q.İbadoğluna görə, vahid aylıq müavinətin şamil ediləcəyi kontingentin sayını Nazirlər Kabinetinin də azaltması ciddi narazılıq doğuracaq:

Buna da bax-Köçkün: 'Evsiz kənarda qalıb, evi olana birini də verirlər'

«24-25 il bundan əvvəl yurdundan didərgin düşən məcburi köçkünlərin bir ailə üzvünə məxsus evdə məskunlaşması onun bu statusdan məhrum edilməsi üçün əsas sayıla bilməz».

XATIRLATMA

Prezident İlham Əliyev yanvarın 23-də «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında» fərman imzalayıb. Həmin sənədə əsasən, məcburi köçkünlərə, onlara bərabər tutulan şəxslərə yemək xərci müavinəti, kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər dayandırılır.

Bunun əvəzinə onlara hər ay 36 manat məbləğində vahid aylıq müavinət veriləcək.

Rəsmilər, dövlət mediası bu fərmanı məcburi köçkünlərə diqqət və qayğının təzahürü kimi təqdim edir.

XS
SM
MD
LG