Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:34

Əmanətlərlə bağlı yenilik. Ekspert şərh edir.


Azerbaijan -- Manat (national currency)
Azerbaijan -- Manat (national currency)

İyulun 2-də yerli media Azərbaycan qazının Avropaya nəqli vəziyyəti, əmanətlərin yuxarı hədlərinin azaldılması, kəskin hava dəyişmələrinin aqrar sahəyə təsirindən yazır.

Az faizlə əmanət, baha faizlə kredit

“Oxu.az”da “Banklar 100 manatın 67 manatını bir vətəndaşdan alıb, digərinə yüksək faizlə verir". adlı məqalə diqqət çəkir.

Sayt Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) iyulun 1-dən milli valyutada olan qorunan əmanətlərin illik faiz dərəcəsinin yuxarı həddini 10 faiz, xarici valyutada isə 2,5 faiz müəyyən etməsini, bunun əmanətçilərə mənfi-müsbət təsirini (indiyə kimi müavfiq olaraq 15 və 3 faiz idi – “oxu.az”.) iqtisadçı-ekspert Vüqar Bayramovla müzakirə edir.

İqtisadçının sözlərinə görə, qorunan əmanət faizlərinin yuxarı həddinin azaldılması birbaşa banklarda depozitlər üzrə dividentlərin son bir ildə milli valyutada qorunan əmanətlərin faiz dərəcəsinin 33 faiz azaldılması ilə bağlıdır:

“Artıq iyulun 1-dən banklarda yerləşdiriləcək milli valyutada yalnız 10 faiz və daha aşağı divident hesablanan əmanətlər qorunacaq. Qorunan əmanət faizlərinin yuxarı həddinin azaldılması birbaşa banklarda depozitlər üzrə dividentlərin son bir ildə aşağı düşməsi ilə bağlıdır. Hazırda aparıcı banklar manat üzrə əmanətlərə 7 faiz divident təklif edirlər”.

Ekspert əmanət faizləri azalsa da, kredit faizlərinin hələ də yüksək olaraq qalmasına diqqət çəkir. O, Mərkəzi Banka istinadən deyir ki, kredit qoyuluşları 12 milyard 861 milyon, əhalinin əmanətləri isə 8 milyard 622 milyon manatdır.

“Bu, o deməkdir ki, əmanətlər kredit portfelinin 67 faizini təşkil edir. Sadə müqayisə aparsaq, banklar kredit kimi təklif etdikləri hər 100 manatın 67 manatını vətəndaşın özündən alıb, sonra yüksək faizlə digər vətəndaşımıza verirlər.

Sistem əhəmiyyətli banklarda manatla depozitlərə 7 faiz təklif olunsa da, kredit faizləri 29 faizədək yüksəlir. Deməli, bank bir vətəndaşdan 7 faizlə əmanət cəlb edib onun üzərinə 22 faiz əlavə edərək, digər vətəndaşımıza kredit kimi təklif edir”, - ekspert söyləyir.

V.Bayramov deyir ki, Fondun qərarına əsasən iyulun 1-dən banklarda yerləşdirilən və 10-faizdən yuxarı təklif edilən əmanətlər qorunmur, yəni vətəndaş 11 faizlə banka kredit qoyubsa və bank müflis olursa, o zaman depozit qorunmuş hesab edilməyəcək. Ekspertin qənaətincə, vətəndaşlar əmanət qoyan zaman bunu nəzərə almalıdırlar.

“Bütövlükdə, bu gündən etibarən bankda yerləşdirilən və 10 faizdən çox divident təklif edən heç bir milli valyutada olan əmanət sığortalanmayacaq. Bu baxımdan vətəndaşlarımızın öz vəsaitlərini qorunan depozit kimi yerləşdirməsi daha məqsədəuyğundur”, - Vüqar Bayramov nəzərə çatdırır.

Qaz boruları nəqlə hazır

“Azərbyacan” qəzetinin məqaləsi belə adalnır: “TANAP Avropaya qaz nəqli üçün tam hazırdır”.

Məqalədə deyilir ki, “Cənub qaz dəhlizi”nin ən böyük hissəsi olan (TANAP) 2019-cu il iyulun 1-dən Azərbaycan qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib.

“Dəhlizin son hissəsi olan Transadriatik (TAP) boru kəməri də tamamlandıqdan sonra Azərbaycanın "Şahdəniz-2” layihəsi çərçivəsində çıxarılan təbii qaz TANAP və TAP kəmərləri vasitəsilə Avropaya nəql ediləcək, ölkəmizin gəlirlərini artıraraq, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcək”, - yazıda qeyd olunur.

Eyni zamanda TANAP-ın tarixə Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun və ən geniş diametrli təbii qaz boru xətti kimi daxil olduğu deyilir.

Ərdəhanın Posof qəsəbəsindən başlayaraq Türkiyə ərazisi boyunca 20 şəhərdən, 67 qəsəbə və 600 kənddən keçən və Ədirnənin İpsala qəsəbəsində Avropaya çatan 1850 kilometrlik boru xətti Azərbaycan qazını Transadriatik boru kəməri vasitəsilə Avropaya nəql edəcək.

“Azərbaycan” yazır ki, Türkiyə-Yunanıstan sərhədində TANAP-la birləşəcək TAP-da işlər tamamlandıqdan sonra Azərbaycan qazı gələn ildən Avropaya nəql olunacaq.

“Azərbaycan bu gün bütün dünyaya bir daha göstərmişdir ki, biz nəinki ölkə daxilində, həm də xarici ölkələrdə mürəkkəb transmilli layihələri vaxtında və yüksək səmərə ilə yerinə yetirməyə qadirik”, - qəzet SOCAR-ın prezidenti Rövnəq Abdullayevdən sitat gətirir.

Yada salınır ki, TANAP-ın hüquqi bazası 2012-ci ildə yaradılıb, layihə təxminən 7 milyard dollara başa gəlib.

TANAP boru kəmərinin səhmdarları SOCAR və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin birgə müəssisəsi olan “Cənub Qaz Dəhlizi” QSC (51 faiz), BOTAŞ (30 faiz), BP (12 faiz) və "SOCAR Türkiyə” Enerji A.Ş (7 faiz) şirkətləridir.

Meyvəçiliyə dəyən iqlim zərbəsi

“Havaların kəskin dəyişməsi kənd təsərrüfatında fəsadlara yol açdı”, bu haqda “Modern.az” yazır. Sayt son iki gündə havaların kəskin dəyişməsi və kənd təsərrüfatının müxtəlif sahələri üçün ciddi risk yaratması haqqında Kənd Təsərrüfatı Nazirliyinin eksperti Nicat Nəsirli ilə danışıb.

N. Nəsirli hava dəyişkənliyini “bitkilər üçün stres amilləri” adlandıraraq ayrı-ayrı sahələr üzrə müşahidə olunan faktiki vəziyyəti açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, mövsümün bu çağında yağıntıların düşməsi, havada nəmlik normasının artması meyvəçilikdə, xüsusən alma ağacları üçün təhlükəli xəstəlik olan “dəmgil”in aktivləşməsinə səbəb olur, gilasa mənfi təsir göstərir.

“Ağacın üzərində qalan, yığılmamış gilasa yağış dəyərsə, çatlama əmələ gəlir və məhsulun əmtəə görünüşü itir”, - ekspert izah edir.

N.Nəsirlinin sözlərinə görə, xəstəliyə qarşı əlavə kimyəvi mübarizə tədbirləri məhsula çəkilən xərcləri də yüksəldir, üzümçülükdə isə temperaturun qəflətən yüksəlməsi məhsulun keyfiyyətinə mənfi təsir göstərir.

Ekspert deyir ki, hava şəraitinin kəskin dəyişməsi əkinçilikdə - xüsusilə biçində ciddi fasilələr yaradır: “Tam yetişərək biçilmə mərhələsinə çatmış taxıl sahələrində yatma, dən tökülməsi kimi fiziki itkilərə gətirib çıxarır. Mövsümi becərmə işləri gedən qarğıdalı, şəkər çuğunduru sahələrində güclü küləklə müşayiət olunan qeyri-sabit hava şəraiti məhsuldarlığı aşağı salır”.

N.Nəsrilinin dediyinə görə, belə hava şəraiti yeganə heyvandarlıq üçün olduqca əlverişlidir: “Hazırda müşahidə olunan hava iri və xırda buynuzlu heyvanlarda, eyni zamanda quşçuluqda ideal sayılır. Heyvanlarda bədən temperaturunun aşağı düşməsi nəticəsində yemin həzmə getməsi artır, heyvan daha iştahla yeyir və özünü bir növ komfortlu hiss edir”.

XS
SM
MD
LG