Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:27

'Manat ucuzlaşdıqca İrana gedənlər çoxalır'


Astara gömrüyünün giriş qapılarından biri
Astara gömrüyünün giriş qapılarından biri

Noyabrın 19-da İrana gedən Türkiyə vətəndaşı Aydın Cisim Astara Gömrük İdarəsində vəfat edib. Son illər Astara gömrüyündə 4 ölüm hadisəsinin baş verdiyi bildirilir. Xəsarət alanların sayının daha çox olduğu deyilir...

4 qapı

Astara Gömrük İdarəsinin önündəyik. Şahidlərin dediklərinə görə, Türkiyə vətəndaşı Aydın Cisim İrana keçməkdən ötrü növbəyə durub.

Buna da bax: Astara gömrük keçid məntəqəsində basa-bas

Əslində, bəziləri heç ona növbə deməyi düzgün saymırlar.

İrana getməkdən ötrü Astara gömrüyünün 4 qapısından keçmək lazımdır. Birinci qapını keçənlər zala daxil olur və orda gözləməli olurlar. Qapı hər 3-4 saatdan bir açılır. Nəticədə basabas yaranır. Şahidlərin deməsinə görə, Aydın Cisim də belə sıxıntıya düşüb. Adının çəkilməsini istəməyən bir şahid deyir ki, hadisə ani oldu:

Astara gömrük keçid məntəqəsi
Astara gömrük keçid məntəqəsi

“Dedilər ki, bir nəfər ayaq altda qalıb”.

“Qapı açıldı, adamlar hərəkətə keçdi, basabas yarandı. Dedilər ki, bir nəfər ayaq altda qalıb. Onu kənara çəkdilər. Halsız idi. Polis təcili yardıma zəng etdi. Dedilər gəlirik. Təcili yardım gömrüyün bir addımlığındadır. Gec gəldilər. Hətta polis ikinci dəfə onlara zəng etdi. Onlar gələndə artıq, ölmüşdü. Ətrafdakılar onları qınadılar ki, gec gəlmişsiniz.”

Astara Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsində bizə bildirdilər ki, telefon zəngi onlara səhər saat ona işləmiş çatıb. Onlar da hadisə yerinə gediblər. Gecikmə halı olmayıb.

Buna da bax: Astara və Biləsuvar gömrüyündə gördüklərimiz

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübə və Tədris Birliyinin Astara rayon şöbəsindən isə bildirdilər ki, Aydın Cismin ölümü ilə bağlı rəyi Bakı verəcək. Onu da qeyd etdilər ki, məhrumun üstündə 6 adda ürək dərmanı olub. Ehtimal edilir ki, Aydın Cisim oksigen çatışmazlığı nəticəsində vəfat edib.

“İrana getmək müsibətdir...”

Camal İbrahimov
Camal İbrahimov

Astara şəhər sakini Camal İbrahimov deyir ki, İrana getmək müsibətdir:

“Təqaüddə çıxmışam. İki dəfə ürəkdən əməliyyat olunmuşam. Pensiya azlıq edir. Ürəyi müalicə etmək üçün dərmanları ala bilmirik. Məcburuq, ayda 1-2 dəfə İrana gedək, oradan dərmanları alaq. Bizə nisbətdə orda dərmanlar həm keyfiyyətli, həm də ucuzdur. 3-4 ay olar ki, İrana getmək mümkün deyil. Dərmanlar yoxdur. Ürəkdə fəsadlar başlanıb. Adam çoxluğundan o taya keçmək mümkün deyil. ”

Camal İbrahimov deyir ki, Astara gömrüyündə qaydalar Beynəlxalq normalara uyğunlaşdırılmalıdır:

Buna da bax: Türkiyə vətəndaşı Astara gömrüyündə ölüb

“O taydan 3 qutu siqaret gətirirlər ”

“Hər gün mindən yuxarı adam keçid məntəqəsinin önündə toplaşır. Əksəriyyəti İranlı iş adamına məxsus Çin sənaye mallarını o taya aparıb pul alırlar. O taydan 3 qutu siqaret gətirirlər. Hər adam 40-50 manat pul tutur...”

O bununla bağlı müxtəlif qurumlara rəsmi qaydada müraciət etdiklərini deyir:

Astara Gömrük Keçid Məntəqəsi, 2012
Astara Gömrük Keçid Məntəqəsi, 2012

“Nəticə yoxdur.”

İrandan qayıdan Astara şəhərin digər sakini Həsənağa Məmmədov hesab edir ki, gömrükdə bilərəkdən ağır şərait yaradırlar:

İran gömrüyü ilə Azərbaycan gömrüyünün fərqi

“İranda adamları qəbul edib yola salmaq üçün iki adam olur. Bizdə 10-15 nəfər üstümüzə tökülür. Qayda da yox. İranın gömrüyün qapısı həmişə açıqdır. Gələn adam dərhal içəri girir və sənədlərini təqdim edir. Bizdə qapıları bağlayırlar. Qapının qarşısında min nəfər yığılandan sonra qapını açırlar. Onda basabas düşür. İnanın ki, cəhənnəm qapısıdır. Hər kəs ölə bilər.”

“Manat dəyərdən düşdükcə...”

İş adamı Fayıq Cəfərov deyir ki, insanları İrana əsasən kasıbçılıq üzündən gedirlər. O deyir ki, manat dəyərdən düşdükcə sərhəd məntəqəsinin önündə adamların sayı artır. Onun deməsinə görə, oxşar vəziyyət 90-cı illərin əvvəllərində müşahidə edilib.

Manat
Manat

Türkiyə vətəndaşı Aydın Cismin ölümü ilə bağlı Astara Gömrük İdarəsindən münasibəti öyrənmək mümkün olmadı.

Ölüm hadisəsi ilə bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

Gömrük məntəqəsində süründürməçilik və başqa qanunsuzluqlarla bağlı şikayətlərə də idarədən münasibət öyrənə bilmədik. Orada suallarımıza cavab vermədilər. Ancaq Dövlət Gömrük Komitəsinin rəsmiləri mətbuata açıqlamalarında belə şikayətləri elə də əsaslı saymırlar. Onların deməsinə görə, qanunvericiliyin tələblərini pozmayan vətəndaşlar heç də gömrükdə maneələrlə üzləşmirlər.

XS
SM
MD
LG