Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:58

“Maaşların verilməsində problemlər yarana bilər”


Arxiv fotosu
Arxiv fotosu

►"Mərkəzi Bank iqtisadiyyatı pulla təmin etmək barədə ciddi düşünməlidir"

Azərbaycanda son 1 ildə dövriyyədə olan nağd pulun həcmi 47 faizdən çox azalıb. APA informasiya agentliyi xəbər verir ki, təkcə noyabrda dövriyyədə olan nağd pulların həcmi 256,8 milyon manat və ya 4,28 faiz azalıb.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyev AzadlıqRadiosuna milli valyutanın maliyyə bazarında həcminin azalması səbəblərindən danışır:

– Məsələyə biz iki məqamdan yanaşmalıyıq: birinci odur ki, nağdsız dövriyyənin artması pulun nağd dövriyyəsini azaldır və bu, müsbət hal sayıla bilər. İkincisi odur ki, manatın inflyasiyasının qarşısını almaq üçün pul kütləsinin bazara axınını məhdudlaşdırır. Azərbaycanda məhz bu baş verir. Mərkəzi Bank bazara dollar buraxır və əvəzində manat kütləsini bazardan yığışdırır. Son bir ildə pul kütləsi Azərbaycanda iki dəfəyə qədər azalıb. Əgər 1 il əvvəl 12 milyard idisə, indi 6 milyarddır. Mərkəzi Bank manatı yenidən dövriyyəyə buraxmaq üçün banklara manatla kredit verməlidir. Amma bu, baş vermir.

Samir Əliyev
Samir Əliyev

– Bəs manatı yenidən dövriyyəyə qaytarmamağın hansı problemləri yarana bilər?

– İqtisadiyyatda zəruri pul olmur, banklar kredit verməyə vəsait tapmır, sahibkarlar isə kredit ala bilmir. Kredit ala bilmədiyi üçün biznesini inkişaf etdirə bilmir. Bu da iqtisadi durğunluq yaradır, iqtisadi aktivlik azalır. Bu gün Azərbaycanda bu hadisə baş verir: Mərkəzi Bank inflyasiyanı, qiymət artımını cilovlamaq üçün pul məhdudiyyəti yaradır, bununla qiymət artımının qabağını ala bilir, ancaq eyni zamanda iqtisadi durğunluğa səbəb olur.

Buna da bax: Sumqayıtda etirazlar- [Video]

– Bəs inflyasiyanın qarşısını almaqla yanaşı həm də iqtisadi fəallığa necə nail olmaq olar?

– Mərkəzi Bank iqtisadiyyatı pulla təmin etmək barədə ciddi düşünməlidir. Öz resurslarından istifadə edib ölkə iqtisadiyyatına, kiçik və orta sahibkarların ucuz kreditlə təmin edilməsi mexanizmini ortaya qoymalıdır.

– Samir bəy, banklarda əmanətlər sürətlə dollarlaşmağa doğru gedir. Bu hansı problemlər yaradacaq? Belə çıxır ki, banklar, istər-istəməz, artıq krediti dollarla verməli olacaq, çünki dövriyyəsində milli valyuta yox, dollar olacaq.

– Əslində bu gün ümumi əmanətlərin 70 faizdən çoxunu dollar təşkil edir. Banklar bu gün krediti dollarla verməkdə maraqlıdır. Bunun bir səbəbi devalvasiyadırsa, digər səbəbi də manat çatışmazlığıdır. Bu gedişlə əgər pul kütləsinin məhdudlaşdırılması davam edərsə, maaşların verilməsində problemlər yarana bilər.

Buna da bax: Köçkün ailə yanmış evdə yaşamağa məcburdu

– Manatın qıtlığı onun dəyərini artıracaq, ya əks proses gedəcək?

– Manat qıtlığı inflyasiyaya təsir göstərir, yəni bazarda bu gün manat çox olsaydı, inflyasiya daha çox olardı. Düzdür, manat qıtlığı onun dəyərinə müəyyən qədər təsir göstərəcək, amma bu, əhəmiyyətli təsir deyil. Manatın dəyərinə əsas təsir göstərən amil neftin qiymətidir. Neftin dünya bazarında qiyməti düşdükcə, manat da dəyərini itirəcək. İndi Mərkəzi Bank çətin vəziyyətdədir: ya inflyasiyanı tənzimləməyi, qiymətləri sabit saxlamağı, ya da sahibkarlığı, iqtisadi aktivliyi dəstəkləməyi seçməlidir. Hər ikisinin də fəsadları var. Sahibkarlığı dəstəkləsə, qiymətlər artacaq, əhali əziyyət çəkəcək. İnflyasiyanı tənzimləməkdə davam etsə, bir müddət sabitlik yaranacaq, iqtisadi aktivlik olmasa, bu da nəticə etibarilə sonda sosial vəziyyəti pisləşdirəcək. Ona görə də fikrimcə, Mərkəzi Bank bazarda pul qıtlığı yaratmaqdansa, öz səlahiyyətlərindən istifadə etməklə sahibkarlığı dəstəkləməli, iqtisadi subyektləri manatla təmin etməlidir.

XS
SM
MD
LG