Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:37

'Mərkəzi Bankdan üç aydır cavab ala bilmirəm'


Mərkəzi Bank
Mərkəzi Bank

Son dövrlər banklarla vətəndaşlar arasındakı məhkəmə çəkişmələrinin predmetlərindən biri saxta kredit müqavilələri iddiasıyla bağlıdır. Bu mübahisələrdə söhbət böyük məbləğdə (bir neçə yüz minlik) kreditlərdən gedir. Bank iddia edir ki, həmin kredit verilib və ödənilməsini tələb edir, qarşı tərəf isə bildirir ki, müqavilə saxtadır, ona kredit verilməyib.

Məcburi köçkün Təranə Ərizanova deyir ki, saxtakarlıq üzündən Bakıdakı evini də itirmək təhlükəsiylə üzləşib. Onun sözlərinə görə, "Muğanbank" onlara vermədiyi kreditin əvəzində evlərini müsadirə etdirir.

240 min manatı 300 min dollar ediblər...

T.Ərizanovanın həyat yoldaşı Bəxtiyar Abbasov sahibkardır. Həyat yoldaşının sözlərinə görə, o, daha iki şərikiylə birlikdə 2007-ci ildə "Muğanbank"dan 240 min manat kredit götürüb. Əvəzində T.Ərizanovanın adına olan öz evini və daha iki ortağının ailələri ilə birlikdə yaşadıqları evi girov qoyublar:


"Krediti 32 faizlə götürmüşdük. Ödənişlərdə çətinlik çəkirdik, problem yaranırdı. 7 ay sonra danışıqlar oldu, bank razılaşdı ki, illik 13 faizlə 7 illik eləsinlər. O zaman 240 min manat 300 min dollar eləyirdi. Əvvəlki müqaviləni də dəyişib, 300 min dollarlıq müqavilə elədilər".

2017-ci ildə isə bank onların və daha iki şəriklərinin girov qoyduqları evlərin hərraca çıxarılıb satılması barədə məhkəmədə iddia qaldırıb. İddia olunub ki, 300 min dollarlıq kredit müqaviləsinin 240 min manata aidiyyəti yoxdur, o pul ayrı verilib və kredit ödənilməyib.

T.Ərizanova isə deyir ki, yalandır, onlara ikinci dəfə 300 min dollar pul verilməyib: "Birinci krediti ödəməkdə çətinlik çəkən adama bir ilin içində ikinci dəfə 300 min dollar kredit verməzlər axı, məntiq var. Yoldaşıma müqavilənin dəyişdirildiyini deyib, qol çəkdiriblər, indi də ondan istifadə edirlər. Bankdan pulu verəndə məxaric qəbzinə qol çəkdirirlər. Biz də o sənədi tələb edirik. Deyirik ki, 300 min dolları vermisinizsə, məxaric orderini ortaya qoyun. Qoya bilmirlər, çünki yoxdur, ola da bilməz".

Fərqli məhkəmə qərarları

Üç ildir ki, tərəflər arasında məhkəmə çəkişməsi gedir. Bu mübahisəyə bir dəfə Nərimanov rayon Məhkəməsi, iki dəfə Bakı Apellyasiya Məhkəməsi, bir dəfə də Ali Məhkəmə baxıb. İndi iş yenə Ali Məhkəməyə gəlib çıxıb. Aprelin 20-nə təyin edilsə də, ölkədə COVID-19 pandemiyasıyla əlaqədar xüsusi karantin rejiminə görə məhkəmə təxirə salınıb.

Bakı Apellyasiya Məhkəməsi elə məxaric orderinin olmamasına görə bankın iddiasını rədd edib. Bank Ali Məhkəməyə şikayət verib. Bu instansiyada həmin qərar ləğv olunub və yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılıb. İkinci dəfə isə apellyasiya məhkəməsi bankın xeyrinə qərar çıxarıb. İndi də ev sahibləri Ali Məhkəməyə üz tutub.

T.Ərizanova gileylənir ki, üç aydır Mərkəzi Bankdan da konkret cavab ala bilmirlər: "Özüm ikinci qrup əliləm, qan xərçəngiyəm. Kimlərsə bankın pullarının başına oyun açıb, indi bizim kimilərdən çıxmaq istəyirlər. Düşdüyümüz durumla əlaqədar vitse-prezidentə məktub yazmışdım. Oradan katibliyin rəisi Altay Həsənov məsələnin araşdırılması üçün Mərkəzi Banka məktub göndərib. Mərkəzi Bank da fevralın 12-də bizə yazıb ki, "hazırda araşdırma aparılır, sizə məlumat veriləcək". Üç aydır heç bir xəbər yoxdur. Bizim üçün əsas məxaric orderidir, onu ortaya qoysunlar".

"Muğanbank"dan isə T.Ərizanovanın iddiasının həqiqətəuyğun olmadığını, 300 min dollarlıq kredit müqaviləsində onun həyat yoldaşının imzası olduğunu bildirirlər.

T.Ərizanova isə deyir ki, həyat yoldaşına müqavilələrin dəyişdiyini (restrukturizasiya) deyib, o müqaviləyə imza atdırıblar.

XS
SM
MD
LG