Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:46

Yunuslar məhkəmədə susdu...


"Leyla Yunus yemək yeyə bilmir"
Gözlə

No media source currently available

0:00 0:01:50 0:00

"Leyla Yunus yemək yeyə bilmir"

►Leyla Yunus sanki “donmuş” halda onunla üzbəüz oturmuş Arif Yunusa baxırdı.

Prosesdən sonra Arif Yunus müsahibə verməkdən imtina edib

Yunusların budəfəki – dekabrın 7-də keçirilən məhkəməsi həmişəkindən fərqlənirdi. Əsas fərq isə hər prosesdə bir-birinə sarılıb dərdləşən Yunusları bir-birindən ayıran şüşə qəfəs idi. Bir müddət əvvəl yaşadığı yeri tərk etməmək şərtilə evə buraxılan Arif Yunus vəkillərinin yanında oturmuşdu. Əli əsalı, gözüyaşlı Leyla Yunus isə yenə də şüşə qəfəsdə idi. Həm də prosesə gələnlərə heç bir mesaj ötürməsin deyə yenə də proses iştirakçıları Leyla Yunus qəfəsə salınandan sonra zala buraxıldılar.

Prosesdə vəkillər çıxış etdilər. Elçin Sadıqov apellyasiya şikayətini müdafiə etdiyini bildirdi. Dedi ki, müdafiə etdiyi şəxslə bağlı irəli sürülən ittihamların heç biri öz təsdiqini tapmayıb. Vəkil Yunusların hər ikisinə bəraət verilməsini istədi və bildirdi ki, əgər bəraət verilməzsə, heç olmasa, Leyla Yunusun səhhəti nəzərə alınaraq onun barəsindəki həbs qətimkan tədbiri dəyişdirilsin.

Buna da bax: Bu uşaqları tanıdınızmı? (İnfoqrafika)

“3 MADDƏ ÜZRƏ İTTİHAMLARA MÜDDƏTİ KEÇDİYİNƏ GÖRƏ XİTAM VERİLMƏLİ İDİ"

Daha sonra vəkil Ramiz Məmmədov çıxış etdi. Dedi ki, apellyasiya şikayətini müdafiə edir:

“Məhkəməyə müraciətimdə də Leyla Yunusla bağlı təqsirsizlik prezumpsiyasının pozulduğu, onun qanunsuz həbs olunduğu, ittihamların sübuta yetirilmədiyini qeyd etmişəm. Birinci instansiya məhkəməsində “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” təşkilatı zərərçəkən kimi tanınıb. Bu səhvə bir daha yol verilməməlidir. Biz əsaslandırmışıq ki, bu təşkilatı zərərçəkən kimi tanımaq olmaz və məhkəmədə bu təşkilatın nümayəndəsinin də iştirak səlahiyyəti olmamalıdır. Onun etibarnaməsinə baxmaq kifayətdir, görəsiz ki, həmin etibarnamə ona Bakı Ağır Cinayətlər Məhkəməsində iştirak etmək üçün verilib, bu məhkəmədə iştiraka görə yox. 192-ci maddə ilə bağlı demək istəyirəm ki, təşkilatın yalnız qeydiyyatdan keçmədən göstərdiyi fəaliyyət məsuliyyət yaradır. Əgər qeydiyyatdan keçibsə, vergi ödəyibsə, cinayət məsuliyyəti nəzərdə tutula bilməz. 213-cü maddəyə gəlincə, qrantlarla bağlı bütün müqavilələrdə vergi ödəmələri nəzərdə tutulmayıb. Azərbaycanın ABŞ-la müqaviləsi var ki, o müqavilədə dövlət rüsumundan azad olunma məsələsi öz əksini tapıb. Cinayət Məcəlləsinin 320-ci maddəsi – sənədlərin, bank çek kitablarının saxtalaşdırılması ilə bağlı ittihamlar isə, hətta qəbul olunsa belə, onların cinayət məsuliyyətinə cəlb olunma müddəti başa çatıb. Qanunda bu müddət 3 il göstərilir, həmin sənədlər isə 2002-ci ilə aiddir. İstər 213, istər 192, istərsə də 320-ci maddələrlə bağlı cəlb etmə müddəti başa çatdığına görə bu ittihamlara xitam verilməlidir. 178-ci maddəyə gəlincə isə, biz dəfələrlə qeyd etmişik ki, cinayət işində zərərçəkən yoxdur. Pulun sahibləri donor təşkilatlardır. Həmin pulların Sülh və Demokratiya İnstitutuna aidiyyatı yoxdur, o, sadəcə bir müddət bu pulları özündə saxlayıb. Qrant müqavilələrinin qarşılığında konkret işlər görülüb və bu işlərin əvəzi ödənib. Qrant müqavilələri 2012-ci ilədək bağlanıb və fəaliyyətə yönəldilib. Leyla və Arif Yunusların öz hesablarına pul köçürmələri isə 2014-cü ildə olub. Yəni çek kitabları 2012-ci ildə banka təhvil verilib və sözügedən pullar, sadəcə, onların bir öz hesablarından digər öz hesablarna köçürülən pullardır, qrant müqavilələrinə heç bir aiddiyyatı yoxdur. Donor təşkilatların da bununla bağlı heç bir şikayəti, iradı yoxdur. Hesab edirəm ki, Leyla Yunusun ittihamlarla bağlı heç bir təqsiri yoxdur və barəsində bəraət hökmü verilməlidir”.

Leyla və Arif Yunuslar
Leyla və Arif Yunuslar

Digər vəkil Elçin Qəmbərov da Leyla Yunusa qarşı ittihamların nə istintaq zamanı, nə də birinci instansiya məhkəməsində sübuta yetirilmədiyini qeyd etdi. O da müdafiə etdiyi şəxs barədə bəraət hökmünün verilməsini istədi.

Buna da bax: "Bank of Azerbaijan bağlansın!" tələbi

“TƏŞƏKKÜRÜMÜ YALTAQLIQ HESAB ETMƏYİN”

Arif Yunusun vəkili Əfqan Məmmədov müdafiə etdiyi şəxs barədə məhkəmə hökmünün qərəzli və ədalətsiz olduğunu dedi:

“Hazırda Arif Yunus barədə həbs qətimkan tədbirinin dəyişdirilməsinə görə sizə təşəkkür edirəm. Bu, bizim ürəyimizdə bir qığılcım yaradıb ki, onun barəsində ədalətli hökm çıxarılacaq. Xahiş edirəm, təşəkkürümü yaltaqlıq və ya başqa məna vermədən səmimi olaraq qəbul edəsiz. İttihamların hüquqi izahını vermək istəmirəm, çünki sizə də hər şey bəllidir, sadəcə, onu demək istəyirəm ki, cinayət işində obyekt, zərərçəkən yoxdur. Hətta birinci instansiya məhkəməsi son söz verən zaman prosesə zərərçəkən çağrılmamışdı, hətta onun nümayəndəsinə də söz verilməmişdi. Bununla, əslində, məhkəmə də qəbul etdi ki, ortada zərərçəkən yoxdur, amma təəssüf ki, belə bir hökm verildi. Ona görə də Arif Yunus barəsində yalnız bəraət hökmünün verilməsini istəyirəm”.

Prosesdə nə Leyla Yunus, nə də Arif Yunus çıxış etmədi. Hətta hakimin “əlavəniz varmı” sualına Leyla Yunus heç bir reaksiya vermədi, sanki “donmuş” halda onunla üzbəüz oturmuş Arif Yunusa baxırdı.

Buna da bax: Meyiti taplan daha 4 neftçinin şəxsiyyəti müəyyən edildi

DÖVLƏT İTTİHAMÇISINA ETİRAZ

Prosesdə zərərçəkənin nümayəndəsi kimi iştirak edən Şöhrət Allahmanov apellyasiya şikayətini əsassız hesab etdiyini dedi və məhkəmədən birinci instansiyanın çıxardığı hökmü qüvvədə saxlamağı istədi.

Daha sonra dövlət ittihamçısı çıxış etdi. Apellyasiya şikayətinin təmin olunmamasını istədi, bildirdi ki, Leyla və Arif Yunus özlərini təqsirsiz hesab etsələr də, həm istintaq, həm də birinci instansiya məhkəməsində onların təqsiri sübut olunub, şahid ifadələri də bunu təsdiq edir.

Dövlət ittihamçısı danışan zaman onun dediklərinə etiraz əlaməti olaraq Leyla Yunus əlləri ilə qulaqlarını tutmuşdu.

Hakim vəkillərə son çıxış üçün vaxt verildiyini elan etdi və bildirdi ki, növbəti proses dekabrın 10-u saat 15:00-a təyin olunur.

Prosesdən sonra Arif Yunus müsahibə verməkdən imtina edib.

Leyla və Arif Yunuslar keçən ilin yayında həbs olunublar. Onlar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurdular. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb. Bu ilin avqustunda Leyla Yunus əmlakı müsadirə olunmaqla 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bir sıra beynəlxalq qurumlar onların həbsini siyasi motivli sayır.

XS
SM
MD
LG