Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:38

Lavrov Azərbaycanda Türkiyə bazası söhbətini 'şayiə' sayır


Sergey Lavrov
Sergey Lavrov

Kremlin sözçüsü Dmitri Peskov isə deyib ki, Moskva Azərbaycanda potensial Türkiyə bazası ətrafında baş verənləri diqqətlə izləyir

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Türkiyənin Azərbaycanda hərbi baza qura biləcəyi ehtimalını “şayiə” adlandırıb.

Türkiyə Prezidenti Receb Tayyib Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevlə iyunun 15-də imzaladığı Şuşa Bəyannaməsi çərçivəsində Azərbaycanda hərbi baza qurmaq ehtimalını istisna etməyib. Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsində Ankarayla Bakı arasında hərbi sahədə əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.

Lavrov iyunun 18-də Belarusun Xarici işlər naziri Uladzimer Makeylə görüşüb. Jurnalistlər ondan Azərbaycanda Türkiyə bazasının mümkünlüyü barədə soruşublar.

Lavrov bu mövzunun müzakirə olunmadığını deyib, “biz şayiələri şərh etmirik” deyə sözlərinə əlavə edib.

Peskovun dedikləri

Kremlin sözçüsü Dmitri Peskov isə iyunun 18-də deyib ki, Moskva Azərbaycanda potensial Türkiyə bazası ətrafında baş verənləri diqqətlə izləyir.

O deyib ki, NATO üzvü Türkiyə tərəfindən belə bir addım Rusiyanın xüsusi diqqətinə, özəlliklə öz təhlükəsizlik və maraqlarını təmin etməkdən ötrü addımlara əsas yaradar.

Peskov deyib ki, ötən payız baş vermiş altı həftəlik müharibədən sonra Rusiya Cənubi Qafqazda vəziyyətin sabitləşdirilməsi üçün Türkiyə ilə sıx ünsiyyət saxlayır.

Ankara 2-ci Qarabağ müharibəsində Azərbaycana diplomatik və hərbi dəstək göstərib. Azərbaycan Qarabağın bir hissəsini və ətraf 7 rayonu işğaldan azad edib. Laçın dəhlizinə və qoşunların təmas xəttinə isə Rusiya hərbçiləri yerləşdirilib.

10 noyabr atəşkəs razılaşmasına əsasən Türkiyə hazırda Ağdam rayonu ərasizində Rusiya ilə birgə monitorinq mərkəzini idarə edir.

XS
SM
MD
LG