Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:24

Kürdəmirdə örüş yerlərinə görə narazılıq


Şikayətçilər yolu bağlayıblar.
Şikayətçilər yolu bağlayıblar.

Aprelin 8-də Kürdəmir rayonunun Ərəbqubalı kəndinin sakinləri etiraz aksiyası keçirib. Aksiyanın videogörüntüləri sosial şəbəkələrdə də yayılıb.

AzadlıqRadiosuna danışan yerli sakinlərdən biri deyib ki, narazılığa səbəb şikayətlərinin yerli icra və bələdiyyə orqanlarında eşidilməməsidir: ​«Kəndin örüş və otlaq üçün ən yaxşı yerləri üç nəfər tərəfindən zəbt olunub. Sənədləri də saxtadır. Bu məsələ dəfələrlə qaldırılıb, amma öz həllini tapmayıb. Bir neçə gün əvvəl gördük ki, bizi Kürdəmir Rayon İcra Hakimiyyətində normal qəbul edən, şikayətimizə baxan yoxdur, qrup halında Bakıya getmək istədik. İcra hakimiyyətinin işçiləri telefonla əlaqə saxlayaraq bizi yoldan qaytardılar. Dedilər ki, gəlin, probleminiz yoluna qoyulacaq. Amma vəd edilən kimi olmadı. Buna görə camaat sözü bir yerə qoyub yolu kəsdi».

«İcra başçısı problemin 10 gün ərzində çözüləcəyinə söz verdi»

Adının çəkilməsini istəməyən sakin bildirib ki, etirazçılar Bakı-Qazax magistral yolunun Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində avtomobillərin hərəkətini 10 dəqiqəyədək dayandırıblar: «Polisin müdaxiləsi və rəsmilərin danışıq təklifindən sonra aksiya dayandırıldı. Rayon icra hakimiyyəti başçısı kəndə gəldi və əhali ilə görüş keçirdi. Dinləmələr zamanı sakinlər ayrı-ayrı şəxslərə verilmiş örüş yerlərinin əhalinin ümumi istifadəsinə qaytarılmasını tələb ediblər. İcra başçısı problemin 10 gün ərzində çözüləcəyinə söz verdi. Görək bu dəfə necə olur...».

İcra nümayəndəsi: «Komissiya yaradılıb»

AzadlıqRadiosunun sorğusunu cavablandıran Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Ərəbqubalı inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhəmmədəli Surxayev bunları deyib: ​«Mübahisə yerli bələdiyyə tərəfindən Ərəbqubalı kəndinin üç nəfər sakininin icarəsinə verilmiş, ümumilikdə 280 hektarlıq sahə üstündədir. İcarədarlar onu 2002-ci ildə qanuni sənədlərlə əldə ediblər. Hətta bu üç nəfərdən birinin istifadəsindəki torpaq ona kolxoz dövründə, yəni bələdiyyələr yarananadək verilib. Amma əhalinin bir qismi daim bu məsələni qaldırıb və həmin icarə müqavilələrinin ləğvini tələb edib. İcra başçısı kəndə gəldi. Torpaq mülkiyyətçisi və sakinlərlə bir yerdə o sahələrə baxış keçirildi. Komissiya yaradılıb və onlar indi kənddə işləyirlər. Yəqin ki, yaxın günlərdə məsələ hamını qane edəcək bir şəkildə həllini tapacaq».

Bələdiyyə sədri: «Əhalini qızışdırıb salıblar ortaya»

Ərəbqubalı bələdiyyəsinin sədri Adıgözəl Şirinov isə etirazı bu işdə maraqlı olan bir neçə nəfər şəxsin təşkil etdiyini iddia edir: «Onların adları da hamıya məlumdur. Bu məsələni bir neçə dəfə qaldırıblar. İndi görürlər yenə çətin dövrdür, əhalini qızışdırıb salıblar ortaya. Əslində kənd əhalisinin örüş problemi olmayıb, indi də yoxdur. Mal-qara otarmaq üçün yer çoxdur. Amma yenə də narazılıq yatsın deyə, icra başçısı tərəflərə güzəştli bir variant təklif etdi. İcarədarlarla söhbət aparıb, onlardan yerlərinin yarısının əhalinin ümumi istifadəsinə qaytarmalarını xahiş etdi. Razılıq əldə olunub. İndi ölçü-biçi, sənədləşmə işi aparılır».

«Pambıq əkini genişləndiriləndən sonra vəziyyət lap pisləşib»

AzadlıqRadiosuna danışan sakin onu da əlavə edib ki, son illər eyni problem Kürdəmir rayonunun əksər kəndlərində yaranıb. O bildirib ki, icra başçısının həftədə bir dəfə rayon mərkəzində keçirdiyi qəbulda hər dəfə bir kəndin qrup halında olan şikayətçilərini görmək olur: «Hər yerdə örüş yerlərinə əl qoyulub. Pambıq əkini genişləndiriləndən sonra vəziyyət lap pisləşib. Kənd əhalisinin əksəriyyəti mal-qara saxlamaqla dolanışacağını təmin edir. Heyvanlar üçün isə örüş, otlaq yerləri lazımdır. Bir neçə gün əvvəl Sığırlı kəndində əhali mal-qaranı vaxtilə örüş yeri olmuş, sonradan sakinlərdən birinin istifadəsinə verilən taxıl əkini aparılmış sahəyə salıblar. Beləcə əhali üz-üzə qoyulub».

Bu deyilənlərə, hələlik, Kürdəmir Rayon İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb.

XS
SM
MD
LG