Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:44

ABŞ Konqresi “Səudiyyəni hiddətləndirən qanunu” qəbul etdi


ABŞ Konqresinin Nümayəndələr Palatası, Obama administrasiyasının veto hədələrinə baxmayaraq, 11 sentyabr qurbanlarının yaxınlarına Səudiyyə Ərəbistanını məhkəməyə çəkmək imkanı verən qanunu səs çoxluğu ilə qəbul edib.

Senat bu qanunu hələ ötən may ayında qəbul etsə də, prezident administrasiyası qanunun ölkənin mühüm müttəfiqlərindən biri ilə münasibətlərinə ziyan vuracağını əsas gətirərək onun qəbulunu əngəlləməyə çalışırdı.

Prezidentə imza üçün göndərilən bu qanun 3 min amerikalının ölümünə bais olmuş terror aktlarının 15-ci ildönümünə iki gün qalmış qəbul edilib.

Nümayəndələr Palatasının spikeri Paul Ryan diplomatik və hüquqi çevrələrdən bu qanunun yaradacağı presedent barədə xəbərdar edilsə də deyib ki, “qanun senatda böyük səs çoxluğu ilə qəbul edilib, bu isə bütün nəticələrin nəzərə alındığını göstərir”.

11 sentyabr terrorunu törədənlərin 19-dan 15-i səudiyyəli idi
11 sentyabr terrorunu törədənlərin 19-dan 15-i səudiyyəli idi

Cümə günü Ağ Ev bu səsverməyə heç bir münasibət bildirməmişdi.

Ötən may ayında bu qanun layihəsi Senatda səsə qoyularkən Ağ Evin söçüsü Josh Earnest demişdi ki, prezident çətin bu akta imza atsın.

O bildirmişdi ki, millət vəkillərinin bu qanun layihəsinin hazırlanmasında bütün incəliklərin nəzərə alındığını bildirməsinə baxmayaraq, bu sənədin qeyri-ixtiyari nəticələri ola bilər.

Earnest bunu da əlavə etmişdi ki, prezident qanunun ABŞ-ı başqa ölkələrdə hüquqi cəhətdənmüdafiəsiz qoya biləcəyindən narahatdır.

Təqsiri olmayan qorxmasın

Konqresin Hüquq Komitəsinin sədri Bob Goodlatte bu narahatlıqları rədd edərək deyib ki, qanun başqa ölkələrin suverenlyini pozmur.

Səudiyyə xarici işlər naziri Adel al-Jubeir
Səudiyyə xarici işlər naziri Adel al-Jubeir

Konqresmen əlavə edib ki, amerikalıları öldürənlərin toxunulmazlıq pərdəsi arxasında gizlənməsinə bundan sonra haqq qazandırıla bilməz.

"Diplomatik mülahizələr daim ədliyyənin yolunu kəsir. Lakin əgər məhkəmə 11 sentyabr hadisələri ilə səudların əlaqəsini aşkar edərsə, onlar məsuliyyət daşımalıdırlar – deyib qanun layihəsnin təşəbbüsçülərindən senator Chuck Schumer, - Əgər onlar qanunsuz bir iş görməyiblərsə, narahat olacaqları bir şey yoxdur”.

ABŞ mətbuatı yazır ki, Səudiyyə Ərəbistanı indiyədək 11 sentyabr terror aktları ilə əlaqələrinə dair bütün iddiaları rədd etsə də, terror hücumunu törədən 19 nəfərdən 15-i Səudiyyə əsilli olub.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel al-Jubeir xəbərdarlıq etmişdi ki, belə bir qanun qəbul edilərsə, onun ölkəsi ABŞ-a yatırılmış 750 milyard dollarlıq investisiyalarını geri çəkəcək.

ABŞ mediası yazır ki, son vaxtlarda üzərindəki məxfilik qaldırılmış bəzi sənədlər terror aktında iştirak edən təyyarə qaçıranlardan bəzilərinin Səudiyyə hökuməti ilə bağlı ola biləcəyinə işarə edir.

ABŞ hökumətinin 11 sentyabr hesabatının indiyədək məxfi saxlanan 28 səhifəsində də Səud monarx ailəsinin əl-Qaeda ilə əlaqələrinə işarə edilir, lakin eyni zamanda bildirilir ki, bu bağlılığı sübut edən dəlillər yoxdur.

XS
SM
MD
LG