Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:35

Türkiyənin BMT sülhməramlıları ilə problemi var


Kipri ikiyə bölən bufer zolağı
Kipri ikiyə bölən bufer zolağı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, BMT sülhməramlılarının Kiprin türklər yaşayan hissəsinə yol çəkilməsinə qarşı fiziki müdaxiləsi qəbul edilməzdir.

Reuters yazır ki, bunu Ərdoğan hökumət müşavirəsindən sonra jurnalistlərə deyib:

"BMT Sülhməramlı Qüvvəsi əsgərlərinin Şimali Kipr Türk Respublikasının suverenliyində olan əraziyə fiziki müdaxiləsi bizim üçün heç vaxt məqbul olmayıb. Kipr türklərinin Pila kəndindən vətənlərinə gələ bilmələrinin qarşısının alınması nə insani, nə də hüquqi addımdır”.

Xəbər verilir ki, ötən cümə günü yolçəkənlərin işinə müdaxilədən sonra Kipr Türk təhlükəsizlik xidmətinin əməkdaşları ilə sülhməramlılar arasında toqquşmalar olub.

BMT bildirir ki, yol çəkilən ərazi bufer zonasında olduğundan onun yurisdiksiyasına aiddir.

Bufer zonasındakı Pila kəndi

Ərdoğan bunu da deyib ki, Ankara müstəqilliyi yalnız Türkiyə tərəfindən tanınmış ŞKTR-i dəstəkləməkdə davam edəcək.

Kiprin türk hakimiyyəti BMT-nin nəzarət etdiyi bufer zonasında yerləşən Pila kəndinə türklərin nəzarətində olan ərazidən yol çəkilməsini istəyir.

Şimali Kipr bəyan edir ki, BMT-nin UNFICYP adı ilə tanınan sülhməramlı kontingenti “sərhədini aşıb”.

Kipr türklərinin lideri Ersin Tatar sözü gedən yolun son dərəcə mühüm olduğunu bildirib.

Nazir ikili standartdan gileylənir

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan BMT sülhməramlı qüvvələrini tənqid etmişdi:

“Biz görürük ki, BMT-nin adadakı mülki və hərbi mövcudluğu özlüyündə anlaşılmazlıq yaradır. Biz qəfildən bu qədər BMT texnikasının neytral zonada cəmləşdirilməsini alqışlamırıq. Biz hesab edirik ki, BMT bu məsələdə neytrallığını itirib...”

Yaranmış gərginliyi şərh edən nazir deyib ki, Yigitler (Arsos, yunanlar yaşayan kənd - red)kəndinə yol çəkilməsi daim diqqət mərkəzində olub. Halbuki bu yol türk əhalisinə humanitar məqsədlər üçün lazımdır:

“Pilanın yunan əhalisi üçün yolun çəkilməsi heç vaxt BMT-nin etirazına və ya işləri bloklamasına səbəb olmayıb. Amma elə ki, söhbət türk tərəfindən gedir biz adada BMT-nin öz vəzifəsindən yayındığını görürük. Lakin indi onlar bu mühüm humanitar layihənin üstünə yırtıcılar kimi cumurlar”.

BMT hələ ki, bu bəyanatlara münasibət bildirməyib.

XS
SM
MD
LG