Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:51

Həbsdəki keçmiş deputat: 'Pullar xaricdə torpaq sahələrinə xərclənib'


“Globus Plaza”nın sahibi Dünyamin Xəlilov
“Globus Plaza”nın sahibi Dünyamin Xəlilov

Bir ildən çoxdur məhbus həyatı yaşayan keçmiş deputat, Bakıdakı “Globus Plaza”nın sahibi Dünyamin Xəlilov özünü qətiyyən təqsirli saymır. O, nə Beynəlxalq Bankın, nə də hər hansı başqasının pulunu mənimsəmədiyini və bu üzdən heç kimə pul ödəmək fikrində olmadığını bildirir. D. Xəlilov bu mövqe və fikrini martın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən dilə gətirib.

İttihama görə, Dünyamin Xəlilov dostu - Beynəlxalq Bankın hazırda həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin dəstəyilə, rəhbərlik etdiyi şirkətlərdəki işçilərinin adına milyonlarla manat kredit götürüb və qaytarmayıb. Keçmiş deputat bu yolla Beynəlxalq Banka 50 milyon manatdan çox ziyan vurmaqda suçlanır.

Buna da bax:​ Keçmiş deputatın işçiləri onun əleyhinə ifadə verdi

Bu cinayət işində təqsirləndirilən təkcə Dünyamın Xəlilov deyil. Onunla yanaşı, daha 6 nəfər - Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan Əsgərov, Mənsur Zeynalov və Rauf Əliyev də hakim önünə çıxarılıb. Adları çəkilən şəxslərdən Seyfulla Seyfullayev "Səbail Mebel" ASC-nin baş direktoru, Fərhad Əmiraslanov "Aqora" MMC-nin, Mənsur Zeynalov isə "Kondor Qrup" MMC-nin direktorudur. Amma sabiq deputatdan fərqli olaraq, o biri təqsirləndirilənlər həbsdə deyillər.

“O pulları biz görməmişik, toxunmamışıq”

Dünyamin Xəlilov deyir ki, Cahangir Hacıyevi 1978-ci ildən tanıyır, qohumluqları olsa da, daha çox işgüzar mnüasibətləri olub. Dediyinə görə, 2005-ci ildə - deputat seçiləndən sonra kommersiya fəaliyyətinə son qoyub, ictimai işlərə önəm verib.

Buna da bax: 'Beynəlxalq Bank işi' nə görə tutulmuş biznesmen azad edilib

Keçmiş deputat bildirib ki, 2001-ci ildə Cahangir Hacıyevin yaratdığı “General Construction” MMC-yə direktor təyin olunub. Həmin şirkət baş podratçı kimi fəaliyyət göstərib və 2002-ci ildə Şəki Olimpiya Kompleksini tikib istifadəyə verib. Xəlilovun sözlərinə görə, bundan sonra Cahangir Hacıyev müxtəlif layihələrinin icrasını da ona tapşırıb.

Cahangir Hacıyevin 2001-ci ildə “Ocean Stream İnc.” şirkətini də qurduğunu deyən keçmiş deputatın bildirdiyinə görə, 2002-ci ilin sonu-2003-cü ilin əvvəlində həmin şirkətin fəaliyyətinə nəzarət də ona tapşırılıb: “2001-2005-ci illərdə Beynəlxalq Bankın bir sıra layihələrində iştirak etmişəm. Mən özüm də bir müddət Beynəlxalq Bankın səhmdarı olmuşam. Səhmdar kimi də marağında olmuşam ki, layihələr həyata keçsin, bank mənfəətlə işləsin, biz gəlir əldə edək.

Bank rəhbərliyinin göstərişi ilə hesabatlar hazırlamışam, monitorinqlər keçirmişəm. Bu o demək deyil ki, həmin şirkətlər mənimdir. Prosesləri mənimlə yanaşı, həm də bankın İdarə Heyətinin üzvləri izləyib. Müəssisələrə kreditlərin ayrılması təşəbbüsü də bankdan gəlib. Banka gedib kredit müqavilələrinə qol çəkən şəxslərdən xəbərim olmayıb. Bank əməkdaşları rəhbərliyin göstərişi ilə krediti rəsmiləşdiriblər. O pulları biz görməmişik, toxunmamışıq. O pullar qalıb bankda və sonradan müəssisənin inkişafına yönəlib. Ayrılan vəsaitlər mənimsənilməyib. Kredit ayrılması barədə qərar mən və digər təqsirləndirilən şəxslər tərəfindən verilməyib. Qərarı bank rəhbərliyi verib".

Buna da bax: Cahangir Hacıyev: 'Məndən 20 milyon istədilər'

Dünyamin Xəlilov gələn pulların Türkiyədə (Antalyada), Albaniyada torpaq sahələrinin alınmasına və başqa layihələrə xərcləndiyini söyləyir. Bu işlərə də Beynəlxalq Bankın rəhbərliyi nəzarət edib.

“Ödəməyəcəyəm...”

2015-ci il iyulun 2-dən dekabrın 29-dək dəfələrlə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrıldığını deyən keçmiş deputat onda olan bütün sənəd və bilgiləri istintaqa çatdırdığını bildirir: “Orada istintaqı aparanların maliyyə işlərindən başları çıxmırdı. Mən istintaqla əməkdaşlıq etmiş və lazımı sənədləri onlara təqdim eləmişəm. Əgər nəyisə mənimsəsəydim, sənədləri istintaqa verməzdim, gizlədərdim”.

Keçmiş deputat vergi ittihamını da qəbul etmir və deyir ki, cinayət işinin materiallarında ona yazılan vergi borcunun haradan əmələ gəldiyi özünə də müəmmalı qalıb.

Buna da bax:​ Ali Məhkəmə Cahangir Hacıyevin şikayətinə baxacaq

Dindirmədə vəkillər Dünyamin Xəlilovdan ittiham aktında dəymiş ziyan kimi göstərilən məbləği ödəmək niyyətində olub-olmadığını soruşanda, keçmiş deputatın cavabı belə olub: “Elə bir fikrim yoxdur. Hər deyilən məbləği ödəyə bilmərəm ki…”.

Keçmiş deputatın məhkəməsi martın 16- davam edəcək.

Xatırlatma

Dünyamin Xəlilov və digər təqsirləndirilənlərə CM-in 179 (mənimsəmə), 213 (vergidən yayınma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (vəzifə səlahiyyətini aşma) maddələri ilə ittihamlar verilib.

Buna da bax:​ Vəkil: 'Cahangir Hacıyevə ciddi qərəz hiss olunur'

2015-ci ilin yayından Beynəlxalq Banka kredit borcları olan şəxslərin həbsinə başlanılıb. Bu məsələ ilə bağlı bir çox işadamının saxlandığı bildirilib.

Dünyamin Xəlilovu DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları həbs ediblər. Onun adı Cahangir Hacıyevin məhkəməsində də tez-tez hallanıb. 2015-ci ilin dekabrından həbsdə olan Cahangir Hacıyev mənimsəmə və vəzifə səlahiyyətlərini aşmaqda suçlu bilinərək, 15 il həbs cəzası alıb.

XS
SM
MD
LG