Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:24

İqtisadçı: 'ÜDM-də azalma 4 faizdir'


Neft
Neft

İyunun 17-də Azərbaycan Milli Bankının sədri Elman Rüstəmov deyib ki, ilin sonuna kimi çox cüzi resessiya olacaq (Resessiya iqtisadiyyatda iqtisadi artım templərinin zəifləməsini və istehsalın çox da kritik olmayan həddə aşağı düşməsini bildirir).

"Sanki havadan danışırlar"

İqtisadçı Nemət Əliyev isə AzadlıqRadiosuna bu açıqlama ilə bağlı müsahibəsində qeyd edib ki, Mərkəzi Bank rəhbərinin bu fikirlərini o qədər də real saymır: "Adama elə gəlir ki, sanki havadan danışırlar. Azərbaycan iqtisadiyyatının önəmli sahələrinin, əsasən, xarici ölkələrdən alınan ehtiyatlar və xammal əsasında fəaliyyət göstərdiyini bilməyən yoxdur".

N.Əliyev
N.Əliyev

İqtisadçının xatırlatmasına görə, Dövlət Statistika Komitəsi açıqlayıb ki, 2020-ci ilin yanvar-aprel aylarında idxal edilən məhsulların həcmi 40 faiz azalıb: "Bu da onu deməyə əsas verir ki, yerli istehsalda əhəmiyyətli dərəcədə tənəzzül yaşanır. Ən azı yerli istehsalda istifadə olunan xammalın, avadanlıq və qurğuların çatışmazlığı göz önündədir. Belə olan halda nəyə əsasən deyilir ki, çox cüzi resessiya olacaq?".

N.Əliyev vurğulayıb ki, Mərkəzi Bank bu ilin ilk rübündə ölkənin tədiyyə balansında 1 milyard 344 milyon dollarlıq kəsir əmələ gəldiyini açıqlayıb. Onun qeyd etməsinə görə, bu, hələ xam neftin orta ixrac satış qiymətinin 57 dollar səviyyəsinə uyğun dövrünü əhatə edib (hazirda neftin bir barreli 40 dollardır. Azərbaycanda ixracın 90 faizi neft və qazın payına düşür-red.):

"Sözümün canı odur ki,..."

"Sözümün canı odur ki, Azərbaycanın ixracdan əldə etdiyi valyuta gəlirləri də kəskin azalıb. Bu ilin yanvar-may aylarında isə Ümumi Daxili Məhsul (ÜDM) göstəricisi üzrə gəlirlər 4.2 milyard manat həcmində azalıb (1.7 faiz azalma). Gəlirlərin azalması isə ölkə daxilində fəaliyyət göstərən müəssisələrin maliyyə vəziyyətinin kəskin pisləşməsi anlamına gəlir. Bu halda istehsalda cüzi resessiya gözləntisindən necə danışırlar? Mənə belə gəlir ki, onların bu açıqlamaları real gerçəkliyə əsaslanmır".

ÜDM göstəricisinin yanvar-may dövründə 1.7 faiz azalması barədə rəsmi rəqəmləri də N.Əliyev gerçəkliyə uyğun saymır. O, hesab edir ki, azalma 4 faizdir: "Bir sözlə, reallıqdan və gerçəklikdən uzaq danışırlar".

Ə.Əlirzayev
Ə.Əlirzayev

"ÜDM-in mövcud həcmini saxlaya bilsək, yaxşı olar"

Başqa bir iqtisadçı, keçmiş deputat Əli Əlirzayev isə hesab edir ki, dünya iqtisadiyyatındakı gözlənilməz meyllər şəraitində onsuz da güclü iqtisadi artımdan danışmaq yersiz olardı. Onun fikrincə, digər tərəfdən, real iqtisadiyyatın qanunları var və burada imkanlar dəyərləndirilməlidir: "Biz ÜDM-in artım sürətini, əvvəllər olduğu kimi, 3-5 faiz hesablamalı deyilik. Yaxud MDB məkanında ön yerlərdə olmağı hədəfləməməliyik. ÜDM-in mövcud həcmini saxlaya bilsək, yaxşı olar. Bu, mühafizəkar iqtisadiyyat, özünü qorumaq iqtisadiyyatıdır".

Keçmiş deputatın vurğulamasına görə, ölkədə investisiya qoyuluşu normallaşdırılmalıdır. Onun fikrincə, elə sahələrə investisiya qoyulmalıdır ki, həmin vəsaitlər ÜDM-in artımına təsir etsin.

Ə.Əlirzayev hesab edir ki, belə investisiyalar məhsul istehsalına sərf olunmalıdır, həm daxili tələbat ödənilsin, həm də xaricə çıxarılsın: "Mənə elə gəlir ki, bizim iqtisadiyyat daha sıçrayışla yox, mühafizəkar iqtisadi üsulla inkişaf etməlidir".

İqtisadçı vurğulayıb ki, indi (koronavirus pandemiyasının hökm sürdüyü bir dövrdə) insanların gündəlik tələbatının ödənilməsi, əmək haqlarının verilməsi və yeni iş yerlərinin açılması yüksək inkişaf sayıla bilər.

"Əgər azalma olacaqsa..."

Keçmiş deputat habelə hesab edir ki, iqtisadiyyat şaxələnməlidir: "Burada şaxələnmə özü məqsəd deyil, əksinə, istifadə olunmamış ehtiyatları dövriyyəyə cəlb etmək deməkdir".

Neftə gəlincə isə, Ə.Əlirzayev deyib ki, bu xammala güvənmək lazım deyil: "Əgər ÜDM-də müəyyən azalma olacaqsa, bu, elə həddə olmalıdır ki, insanların həyat səviyyəsinə mənfi təsir göstərə bilməsin".

XS
SM
MD
LG