Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:43

İsmayıllı sakini: '47 manat əlillik pensiyası alıram, çörəyə də çatmır'


Çörək (arxiv fotosu)
Çörək (arxiv fotosu)

"İş üçün çox dirəşəndə də deyirlər, ‘gedin Bakıda başınızı birtəhər saxlayın’. Niyə gedim axı... Evim-eşiyim, ailəm, qohumum, yaxınım - hamısı burda ola-ola, niyə kəndimi, rayonumu atıb Bakıya getməliyəm? Üstəlik, indi Bakıda da əvvəlki kimi iş yoxdur. Vaxtilə paytaxta işləməyə gedənlər indi geri qayıdırlar".

Buna da bax:​ 'Çudo Peçka' şəbəkəsində təkrar maaş qalmaqalı

İsmayıllı sakini, 27 yaşlı Cavid Həsənov AzadlıqRadiosu-na tab gətirə bilmədiyi dolanışıqdan, çətinliklərdən danışır:

"Yaşım elə də çox deyil, 27 yaş nədir ki... Ancaq elə qocalmışam, vallah, anam saçlarıma baxanda ürəyini tutur. İki uşağım var, özüm də üçüncü qrup ömürlük əliləm. Burda həyat dayanıb, insanların yaşayışı sıfıra bərabərdir, kim kimi aldatdı, kim kimə dələduzluq etdi, həmin gün bir tikə çörəyi var. Başqa əlac qalmayıb, torpaqları bir ucdan pambıq əkmək bəhanəsi ilə əlimizdən alırlar. Hərçənd, əlimizdəki torpaqları da əkməyə, biçməyə, məhsul götürməyə imkanımız yoxdur. Su varlı təbəqənin sahəsinə axır, toxumun keyfiyyətlisini varlı alıb səpdirir, məhsul yığımı vaxtı texnikaların yaxşısı varlıların sahəsinə sürüb gedir".

Buna da bax:​ Əlil: '9 il öncə tikilmiş binalar dağılır'

KƏNDLƏRİNƏ QAYIDIRLAR

Cavid Həsənov 47 manat əlillik pensiyası alır, deyir, heç çörəyə də çatmır. Rayonda iş yeri yoxdur. Vaxtilə iş üçün paytaxta üz tutmuş adamlar da dəstə-dəstə geri – kəndlərinə qayıdırlar:

"3 ildir ki, işsizəm. Nə bir zavod, müəssisə yoxdur ki, işləyək, həm başımız qarışsın, həm çörəyimiz olsun. İşsizlik, bekarçılıq gəncləri də pis yola çəkir, cinayət artır. Gənclər boş, bekar vaxtlarını pis məşğuliyyətlərə sərf edirlər. Halbuki, iş olsa, başları qarışar. Kimə baxırsan, bir-birindən siqaret dilənir, çörəkpulu dilənir. Adam xəcalətdən ölüb yerə girir".

C. Həsənov işə görə rayondakı məşğulluq mərkəzinə də müraciət edib:

"Məşğulluq mərkəzinə gedirsən, deyir, get filankəsin əkin sahəsində işlə... Bu işlərsə günəmuzd və mövsümidir. Adamlara sabit maaşlı, daimi iş lazımdır ki, ayağa qalxsınlar, özlərinə gəlsinlər. Məşğulluq mərkəzinə mənim qədər müraciət edən olmayıb, onları da bezdirmişəm".

Buna da bax:​ Çernobıl əlili 30 il əvvəli necə xatırlayır?..

“BİZİM GÜNAHIMIZ DEYİL Kİ İŞ YOXDUR”

Rayonun Məşğulluq Mərkəzindən "Qaynar xətt"ə bildirilib ki, inzibati idarələrdəki iş yerləri məhdud olduğundan, daha çox mövsümi işlərə işçi axtarıldığından Mərkəz də müraciət edən işsizlərə yalnız belə işlər təklif edə bilir: "Onlar da təklifi qəbul edirlər. Bizim günahımız deyil ki, iş yoxdur... Dövlət idarələrində iş olanda müraciət edən işsizlərə təklif edirik. Belə işlər də həmişə olmur axı..."

Rayonun icra hakimiyyətindənsə bildirilib ki, rayondakı bir çox işsiz quruma müraciət edib. Qurum imkanları daxilində işsizlərin müraciətlərini cavabsız qoymayıb: "Biz də öz tərəfimizdən çalışırıq ki, insanların işi olsun. Xeyli insan işlə təmin olunub. Lakin iş daha çox özəl sektorda olur. Orda da işçi-müdir münasibətləri mübahisəli olur. Adamlar müqaviləsiz işləməyə məcbur olurlar, nəticədə əksər hallarda pulları verilmir, adamların müqaviləsi olmadığı üçün əllərindən heç nə gəlmir. Uyğun qurumlar bu məsələni diqqətdə saxlamalıdırlar".

Buna da bax:​ Əmək pensiyası üçün 18 illik çarpışma

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov bu il Azərbaycanda işsizlik səviyyəsinin 5 faizə endirildiyini deyib. Ekspertlərsə nazirin açıqlamasını "qeyri-səmimi" adlandırırlar və işsizliyin günbəgün artdığını bildirirlər.

XS
SM
MD
LG