Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:30

iPhone-la kino çəkənlər


Smartfon
Smartfon

Bəzən iPhone-da çəkilmiş videolar filmə daxil edilirmiş. Martin Scorsese «Uoll-strit canavarı» (The Wolf of Wall Street) filmində iPhone-la çəkilmiş bir səhnənin olduğunu etiraf edib.

Ancaq iPhone-lar daha sadəcə kiçik videolar üçün deyil. Sean Baker, Steven Soderbergh və Claude Lelouch kimi rejissorlar həm yeni, həm də təcrübəli kinematoqrafçıların öz mobil telefonlarının köməyi ilə gözəl filmlər yarada biləcəyini, üstəlik, heç bir bahalı avadanlığa ehtiyac olmadığını nümayiş etdiriblər. Bu yaxınlarda, builki Kann kino festivalında Claude Lelouch mükafatlara layiq görülmüş filminin iPhone-la çəkilməsindən danışıb və bu payız ekranlara çıxacaq ən yeni filminin tamamilə smartfonla çəkildiyini elan edib. Filmin çəkilişi üçün FiLMiC Pro adlı kamera əlavəsindən istifadə olunub.

Ən böyük kommunikasiya inqilabı

Smartfonlar və kinokamera əlavələri kino çəkilişini daha çox insana əlçatan edir və daha rəngarəng hekayələrin kinoya çevrilməsinə imkan verir. FiLMiC Inc şirkətinin rəhbəri Neill Barham nofilmschool.com saytına müsahibəsində mobil kinonun gələcəyindən danışıb.

«Bu, bəşəriyyət tarixində ən böyük kommunikasiya inqilabıdır. FiLMiC bu inqilabda spektrin ucqarında kiçik bir rol oynayır. YouTube, iPhone və ümumiyyətlə, smartfonlar bu dəyişikliyin daha böyük iştirakçılarıdır… Bizim istifadəçilərimizin Sean Baker-in «Naringi» (Tangerine) filmində istifadə etdiyi yaradıcı alətə çıxışı var. Şirkət olaraq heç nə bizi bundan daha xoşbəxt edə bilməz», – Barham deyib.

Onun sözlərinə görə, iri prodakşn şirkətləri get-gedə daha çox tanınmış məhsullara – komiks kitablarına, sekvellərə, rimeyklərə fokuslanır. Bunlar artıq özünün auditoriyası olan və buna görə də filmin istehsalı və marketinqinə xərclənmiş 100 milyonlarla dolları geri qaytarmağa təminat verən şeylərdir. «Bu münasibətdə uduzan tərəf kinoya gedən auditoriyadır. Məncə, o, kiçik, müstəqil filmlərin çatdıra bildiyi orijinal və inandırıcı ssenarilərə acdır», – Barham deyir.

Barham belə müstəqil işlərə misal olaraq Sean Baker-in «Naringi», Steven Soderbergh-in peşəkar idmanın pərdəarxasında olan institutlarını sorğulayan «Yüksəkdən uçan quşlar» (High Flying Bird), Tarell Alvin McCraney-nin «Ay işığı» (Moonlight) filmlərinin adını çəkib.

Daha çox həzz alırlar

«Smartfonla çəkilmiş ilk bədii filmlərdən belə başa düşülürdü ki, rejissorlar büdcənin olmaması səbəbindən bu seçimi edirlər. Ancaq indi biz Oskara layiq görülmüş rejissorların çox sayda bədii filmi …smartfonla çəkdiyini görürük. Məsələn, Steven Soderbergh «Halbahal» (Unsane) və «Yüksəkdən uçan quşlar» filmlərini büdcəsi olmadığı üçün yox, bundan daha çox həzz aldığı üçün smartfonla çəkib.

Yaxınlıq, sürət, həm kadrda, həm də kadrlar arasında kameranı hərəkət etdirməyin asanlığı, tuta bildikləri yeni və orijinal kamera bucaqları onların xoşuna gəlir. Bütün bunlar birlikdə onların yaradıcılıq hissini artırır. Onları yeni və orijinal seçimlər etməyə ilhamlandırır, kinematoqrafçılığı yenidən həzzə çevirir», – N.Barham əlavə edib.

Barham-ın sözlərinə görə, smartfonla çəkilən filmlərin komandasında cəmi üç nəfərin olması mifi mövcuddur. Reallıqda isə sizə prodakşn dizaynı, kostyumlar, qrim, işıq və səs komandası lazımdır. Beləliklə, kamera şöbəsi kiçilmiş olsa belə, yerdə qalan komanda layihənizə uyğun olan ölçüdə ola bilər: ​«Smartfon kamera komandaları üçün o deməkdir ki, bir kameranı daha az adam idarə edir və daha çox adam daha çox kamera ilə çəkir. Smartfon prodakşnlarının hər biri çoxkameralı çəkiliş, hər bir komanda üzvünün cibində B, C, D kameralarının olması deməkdir. …Bunların heç biri üçün ağır kamera icarə haqları, yaxud kamera departamentində adamların sayını artırmaq tələb olunmur. Bu da rejissorlar üçün cəlbedicidir. Bu onları azad edir. Bu onlara əvvəllər ağlasığmaz imkanlar verir».

Yeri gəlmişkən, hazırda FiLMiC Mobil Film müsabiqəsi (#FiLMiCFest) keçirir. Müsabiqənin qalibinə 100 min dollar pul və avadanlıq hədiyyə ediləcək.

XS
SM
MD
LG