Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:40

'Instagram' poeziyanı necə xilas etdi


Poeziya
Poeziya

Səhər saat 9-dan axşam 5-dək bankın zirzəmisində adi kargüzar işləyən Tom maliyyə kağızlarından vaxt tapanda şeir yazırdı.

Dünya Tomu T.S.Eliot kimi tanıyır. 1917-ci ildə kargüzarlıq işinə başlayanadək artıq onun ən məşhur şeiri – «C.Alfred Prufrokun sevgi nəğməsi» işıq üzü görmüşdü. Çoxları tərəfindən XX əsrin ən böyük şairi adlandırılan T.S.Eliot bank maaşına baxmayaraq, çox çətinliklə dolanırdı. Hətta özünə alt paltarı və pijama almaq üçün qohumlarının verdiyi pulu götürürdü. Maliyyə çətinliklərinə görə çox böyük psixoloji narahatlıq keçirirdi.

Poeziya daim incəsənət növü olsa da, hətta ən böyük, əfsanəvi şairlər üçün əsas fəaliyyətə, karyeraya çevrilməyib. Məsələn, Uilyam Karlos Uilyams həkim, Uolles Stivens sığorta şirkətinin əməkdaşı olub. Çarlz Bukovskinin isə ümumiyyətlə, çoxlu qəribə peşələri olub – qabyuyan və yük maşını sürücüsündən tutmuş, benzindolduran və poçt işçisinə qədər. Şairin həyatı pul qazanmaqla sənət əsərləri yaratmaq arasında bölünüb.

«Poeziya kirayə haqqını ödəyə bilməz»

Rupi Kaur poeziya dünyasının o zamandan bəri nə qədər ciddi dəyişdiyini göstərən nümunədir. 25-yaşlı kanadalı şairin kitablarının satışı iki il əvvəl Homeri ötüb keçib. Onun «Süd və bal» (milk&honey) adlı ilk şeirlər toplusu 40 dilə tərcümə olunub. Kitabın 3.5 milyon nüsxəsi satılıb. Beləliklə də, kitab ən çox satılan şeir kitabı sayılan «Odisseya»nı ötüb keçib.

Ancaq Kaurun şairlik karyerasında hər şey həmişə belə getməyib. İlk vaxtlar, 2012-ci ildə o öz şeirlərini Tumblr-ə, sonradan Instagram-a yerləşdirməyə başlayıb. Ancaq onun bu sosial media strategiyası yetərincə pul qazanmağa imkan vermirdi.

«Mənim düşüncə tərzim belə idi: poeziya sənin kirayə haqqını ödəyə bilməz», – şairə «The Atlantic» jurnalına müsahibəsində deyir. 2014-cü ildə «Süd və bal» kitabı işıq üzü görür və 2016-cı ildə birbaşa «The New York Times»ın bestseller siyahısına düşür. Kaur anlayır ki, proses dayanmır, daha da böyüyür. «Bəlkə də bu məni dolandıra bilər», – deyə düşünür.

Şairə ötən il ərzində məşhur Cimmi Fellonun şousuna çıxıb, «Forbes»un «Yaşı 30-a çatmamış 30 nəfər» siyahısına düşüb, üstəlik, onun Hindistan və Britaniyaya «World Tour de Force» adlı turnesinin bütün biletləri satılıb. Bu ay onun Amerika turu başa çatır. Hazırda Kaurun Instagram-da 3 milyon izləyicisi var.

«Süd və bal»ın nəşrindən bəri poeziya janrı kitab çapında ən sürətlə böyüyən kateqoriyalardan birinə çevrilib. Bir araşdırma qrupunun məlumatına görə, ötən il ən çox satılan 20 şairdən 12-si Instagram şairləridir (Insta-şairlər). Söhbət öz şeirlərini sosial mediada paylaşılan postlarla kombinə edən şairlərdən gedir. Ötən il ABŞ-da satılan şeir kitablarının yarıya qədəri bu şairlərin qələmindən çıxıb. ABŞ Milli İncəsənət Fondu və ABŞ Siyahıyaalma Bürosunun statistikasına görə, 28 milyon amerikalı şeir oxuyur. Bu, son 20 ildə ən böyük rəqəmdir.

150 min nüsxə

Insta-şairlərin yüksəlişi Rupi Kaurla başlamayıb. 2013-cü ildə Lanq Liv adlı Kamboca əsilli avstraliyalı şair sosial mediada məşhurlaşmağa başlayıb. Sonradan onun «Sevgi və bəlalar» (Love&Misadventures) adlı kitabının 150 min nüsxəsi satılıb. Bu zaman naşirlər bu sahədə canlanmanın başlandığını anlayıblar.

Beş il sonra digər sosial media ulduzları poeziya dünyasını çalxalamaqdadır. 29-yaşlı Kleo Ueyd ilhamverici mantraları ilə tanınır. Onun sözləri Los-Anceles və Nyu-Yorkun məşhur Taymz meydanındakı bilbordlara yazılır.

Kimliyini gizlətmək üçün maska taxan Attikusun fanatları arasında Emma Roberts, Alişa Kiz və Karli Kloss kimi tanınmış simalar var. Bu payız ABŞ və Kanada turnesinə çıxan şairin 12 tədbir keçirəcəyi gözlənilir.

Şeirlərini ilk dəfə 2011-ci ildə Tumblr və DeviantArt-da paylaşmağa başlayan R.M.Dreykin hazırda Instagram-da 1.8 milyon izləyicisi var. Onun 12 kitabı çıxıb. Onlardan bir neçəsi beynəlxalq bestsellerdir.

İnternet mədəniyyəti

2010-cu ildə «n+1» jurnalının redaktoru Çed Harbax yazmışdı ki, Amerikada bir-birindən fərqli iki rəqib mədəniyyət var: institusional, universitetlərdən qaynaqlanan budaq və mərkəzi Nyu-York olan nəşriyyat dünyası. Ancaq indi üçüncü seçim də var: sürətli, demokratikləşdirici, hiperbağlı internet mədəniyyəti. Bu üçüncü kateqoriyadan olan şairlərin çox zaman o qədər də çox formal təhsili olmur.

Instagram-dan marketinq aləti kimi yararlanan sosial media şairləri sadəcə, sənətçi deyil, eyni zamanda, sahibkardırlar. Onların əsas qazanc mənbəyi çap etdirdikləri kitablar və keçirdikləri canlı tədbirlərdir. Ancaq işlərini Instagram-da paylaşmaqla bunların hər ikisini mümkün edirlər. Əsl sahibkar-şair olan Kaur poeziyaya biznes kimi yanaşdığını deyir.

Öz mini brendlərini satan bu şairlər gəlirlərini artırmaq üçün elektron ticarətlə də məşğul olurlar. Bəziləri üzərində şeirləri həkk olunmuş fincanlar, çərçivəyə salınmış, əllə yazılmış şeirlər satırlar.

Bu şairlərin durmadan artan populyarlığı onları digər markalar üçün də cəlbedici edir. Məsələn, Kleo Ueydin şeiri «Gucci»nin reklamında yer alıb, «Nike»ın idman ayaqqabılarına həkk olunub və tanınmış ev əşyaları butiklərində satılan qabların üzərinə yazılıb. Ötən ilin fevralında keçirilən Nyu-York Moda Həftəsində dizayner Treysi Rizin moda nümayişi zamanı modellər podiumda gəzə-gəzə şeir oxuyublar. Hətta «Nationwide» sığorta şirkəti də trenddən geri qalmaq istəməyib. Şirkətin son reklamlar seriyasında şairlər ipotekanın gətirdiyi möcüzələrə şeirlər həsr ediblər.

XS
SM
MD
LG