Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:39

Azərbaycanda daha 2 şəxsdə koronavirus aşkarlanıb


İran İslam Respublikasından qayıdan iki Azərbaycan vətəndaşında da koronavirus xəstəliyinin əlamətlərinin müşahidə edildiyi açıqlanıb.

Bu barədə bu gün, fevralın 29-da Azərbaycan Nazirlər Kabinetinin yanında operativ qərargahın məlumatında bildirilir.

“Müvafiq qaydalara uyğun olaraq həmin şəxslər xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr nəticəsində onlarda koronavirusa yoluxma faktı qeydə alınıb. Hazırda pasientlərin müalicəsi aparılır, onların vəziyyəti sabitdir. Digər yoluxma hallarının aşkarlanması ilə bağlı həmin xəstələrin kontaktlarının müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər görülür” - açıqlamada yazılıb.

Bununla da Azərbaycanda koronavirusun aşkarlandığı şəxslərin sayı 3-ə çatıb.

Dünən, fevralın 28-də isə operativ qərargahdan bildirmişdilər ki, Azərbaycanda koronavirusa ilk yoluxma faktı təsdiqlənib.

Qurumun açıqlamasına görə, həmin şəxs Rusiya Federasiyasının vətəndaşıdır.

"İran İslam Respublikasından Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub, həmin şəxs xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr və testlər nəticəsində koronavirusa yoluxma testi müsbət nəticə verib..." - məlumatda qeyd edilirdi.

Həmin haldan əvvəl isə İrandan gələrək Azərbaycandan keçən iki şəxsdə də bu virusun aşkarlandığı qeyd edilirdi. Onların da Azərbaycan vətəndaşı olmadığı vurğulanmışdı.

Onlardan biri Gürcüstan, xəstəliyi Belarusda aşkarlanan ikinci şəxs isə İran vətəndaşı idi.Birinci şəxsdə də elə Gürcüstanda virusun aşkarlandığı vurğulanırdı.

Xatırlatma

Ötən ilin sonu Çində yeni koronavirus aşkarlanıb. Bu virusdan ölənlərin sayının Çində 2.8 min civarında olduğu bildirilir. Yeni virusun bir çox ölkələrə də yayıldığı vurğulanır.

Bundan əvvəl isə bu virusun Azərbaycanın sərhədlərinə də çatdığı qeyd edilirdi.

İranda azı 40-dan çox şəxsin bu virusdan öldüyü vurğulanırdı. Hazırda bəzi ölkələr İranla sərhədi bağladıqlarını açıqlayıblar.

Azərbaycan isə İranla sərhədi, yalnız bu gün, fevralın 29-u saat 16-dan bağladığını bildirib.

XS
SM
MD
LG