Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:30

İnvestorları Azərbaycana belə gətirməli...


İnvestor
İnvestor

Dekabrın 11-də Bakıda keçirilən Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında İqtisadiyyat naziri Mikayıl Cabbarov bu qurumun biznes tərəfdaşlarını ölkəsinə investisiya yatırmağa çağırıb.

Bu, ilk belə çağırış deyil və Azərbaycan rəsmiləri vaxtaşırı xarici şirkətlərə belə üz tuturlar. Amma buna baxmayaraq, keçən il Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiya qoyuluşlarının həcmi 30 faizə yaxın azalıb. Ötən il birbaşa xarici investisiyaların 76.5 faizi neft-qaz sektorunun payına düşüb. Qeyri-neft sektoruna gəlincə, ona birbaşa xarici investisiyaların həcmi 967.1 milyon manat təşkil edib. Bu göstəricidə artım var (18.9 faiz), amma onun ümumi investisiyada xüsusi çəkisi 25 faizdən azdır.

«Heç bir işadamı hansısa ölkəyə gözüyumulu getmir»

Keçmiş deputat, işadamı Nazim Bəydəmirli AzadlıqRadiosuna açıqlamasında Azərbaycana investisiyaların yatırımı haqqında çağırışları müsbət qiymətləndirib: «Ancaq biznes o ölkələrə gedir ki, orada biznesə başladıqdan sonra müəyyən preferensiyalar olmalıdır. Bu preferensiyalar vergi güzəştlərdən, azad rəqabət mühitindən, məhkəmələrin azad olmasından, biznes dözümlüyündən ibarətdir. Bazar biznesini araşdırmadan heç bir işadamı hansısa ölkəyə gözüyumulu getmir».

N.Bəydəmirli qeyd edib ki, xarici investorlar, əsasən, daha çox neft-qaz sektoruna vəsait yatırırlar:

N.Bəydəmirli
N.Bəydəmirli


«Özəl sektorda isə vəziyyət ürəkaçan deyil. 2012-ci ildə 20-dən çox metal istehsalçılarına səlib yürüşü başlandı. Bundan sonra daş karxanalarında monopoliya yaradılıb. İstehsal sahələrinə belə hücumlar məmur sahibkarlığından qaynaqlanan məsələ idi. İnternet dövründə bu barədə məlumatlar bütün dünyaya yayıldı».

«Bu göstərici üzrə biz Cənubi Qafqazda ən pis yerdəyik»

İşadamına görə, bir ölkənin biznesinə vəsait qoymaq istəyən normal şirkət müxtəlif reytinqlərdə həmin ölkənin yerinə baxır: «Normal biznes mütəmadi olaraq bank sektoruna müraciət etməlidir. Bank sektorunda kredit faizləri işadamı üçün vacibdir. Azərbaycanda istehlak kreditləri çox yüksək faizlə təklif olunur. Ölkəyə gəlmək istəyən transmilli şirkətlər həm də vergilərə baxırlar. Baxırlar ki, şərti olaraq 100 maliyyə vahidinə nə qədər vergi düşür. Bu göstərici üzrə biz Cənubi Qafqazda ən pis yerdəyik. Azərbaycanda vergi dərəcələri dünya ölkələriylə müqayisədə az olsa da, Cənubi Qafqaz ölkələrinə baxanda daha yüksəkdir. Mikayıl Cabbarov vergilər naziri təyin olunandan sonra bu sahədə müəyyən islahatlar aparıldı, nailiyyətlər əldə olundu, lakin bu, yetərli deyil».

«Məmur sahibkarlığı və monopoliya aradan qaldırılmalıdır»

N.Bəydəmirli vurğulayıb ki, ümumi iqtisadiyyatda rəqabət mühiti normal olmasa, Azərbaycana investisiyaların yatırılması real görünmür: «Düzdür, Rusiyada yaşayan Azərbaycan mənşəli biznesmenlər ölkəyə yatırım edə bilərlər. Lakin böyük həcmdə bu gözlənilmir. Məmur sahibkarlığı və monopoliya aradan qaldırılmalıdır. Gömrük sahəsində ciddi problemlər var və Gömrük Komitəsinin ləğvi vacibdir. Ölkədə vergi funksiyasını yerinə yetirən bir neçə orqanın olması biznes adamlarını investisiya qoyuluşundan çəkindirir. Gömrük Komitəsi ləğv olunub, onun funksiyaları ya Maliyyə Nazirliyinə, ya da İqtisadi Nazirliyinə verilməlidir».

İqtisadçı Rövşən Ağayev də hesab edir ki, Azərbaycan kimi ölkələrin inkişafında xarici investisiyaların rolu çox vacibdir: «Azərbaycan hökuməti dəfələrlə bəyanat verib ki, bizim xarici maliyyəyə ehtiyacımız yoxdur. Lakin bu, yanlış yanaşmadır. Xarici investisiyalar ölkəyə tək maliyyə gətirmir, həm də özü ilə bilik və texnologiya gətirir».

R.Ağayev
R.Ağayev

«Bu, bir ölkədən böyük asılılıq deməkdir»

Ekspert qeyd edib ki, hazırda Azərbaycan üçün Rusiya kapitalından çox Qərb ölkələrinin kapitalı vacibdir: «Rusiya kapitalı iki məsələ baxımından əlverişli deyil. Birincisi, o, ölkəyə böyük bilik və texnologiya gətirməyəcək. Rusiya bu gün daha çox Qərb texnologiyalarına ehtiyac duyan bir ölkədir. İkincisi, Rusiyadan asılılıq yaranır. Onsuz da ölkəmiz həm də xaricdə işləyən miqrantların Azərbaycana göndərdiyi vəsaitdən asılıdır. Ölkəyə köçürülən pulların 90-92 faizi Rusiyadan gəlir. İdxalımızda Rusiyanın payı çoxdur. Üstəlik də, Rusiyadan gələn investisiyalar olsa, bu, bir ölkədən böyük asılılıq deməkdir və bunun öz riskləri var».

İqtisadçı vurğulayıb ki, Azərbaycana gələn xarici investisiyaların böyük hissəsi neft sektorunun payına düşür: «Təəssüf ki, bu sahədə statistika şəffaf deyil».

«Əsas siyasi səbəbdir»

R.Ağayev bildirib ki, xarici investorların Azərbaycanın qeyri-neft sektoruna marağının az olmasının bir neçə səbəbi var: «Əsas siyasi səbəbdir. Azərbaycanda özəl mülkiyyətin toxunulmazlığı ilə bağlı ciddi problemlər var. Bu, xarici kapitala da, yerli kapitala da aiddir. Xarici kapitalla bağlı çox pis tarixçəmiz var…».

İqtisadçıya görə, ikinci səbəb ölkədə qanunun aliliyi ilə bağlı problemin olmasındadır: «Xüsusən də, müstəqil qərar verən məhkəmə sisteminin olmaması investorları böyük sərmayə qoyuluşundan çəkindirir. Bizdə neft sektoruna böyük investisiyalar ona görə qoyulub ki, beynəlxalq zəmanəti var. Xarici investorlar üçün həm də siyasi təsisatlar, vətəndaş cəmiyyəti institutlarının işləməsi önəmlidir. Çünki investorların hökumətlə problemi yarananda məhkəmələrdən əvvəl onların yanında azad media və vətəndaş cəmiyyəti olmalıdır. Həmçinin, investorlar ölkədə hakimiyyət bölgüsünə baxırlar. Bu mənada müstəqil şəkildə qanunlar qəbul edən parlament də çox önəmlidir».

Ekspertə görə, xarici investorlar üçün ən ciddi amil isə korrupsiya indeksidir: «Uzun illərdir ki Azərbaycan «Transparency International» təşkilatının reytinqində pis yerləri tutur və korrupsiyalaşmış ölkələrin sırasındadır. İnvestorlar isə korrupsiya yüksək olan ölkələrdən qaçır».

V.Əhmədov
V.Əhmədov

«Ölkə başçısı bu məsələ ilə əlaqədar irad bildirdi»

Deputat Vahid Əhmədov da «Turan» agentliyinə bildirib ki, ölkəyə xarici investisiyaların qoyuluşu çox vacibdir: «Azərbaycanın qeyri-neft sektorunun inkişafına çox böyük ehtiyacı var. Ölkə başçısı bu məsələ ilə əlaqədar irad bildirdi. Ona görə də, Azərbaycan hökuməti çalışır ki, biznes sektorun inkişafını daha da sürətləndirsin, iş yerləri açılsın. Mikayıl Cabbarov tamamilə düzgün hərəkət edib. Çünki Azərbaycanın Rusiya ilə münasibətlərində canlanma var. Rusiyanın iqtisadiyyat naziri bu yaxınlarda Azərbaycanda olub. Ümumiyyətlə, Azərbaycana investisiyalar qoymaq lazımdır. İnvestisiyalar stabillik olan, biznes üçün ciddi problemlər olmayan ölkələrə qoyulur. Yəni, şərait olduğu üçün cənab Cabbarov müraciət edib. Bəzən deyirlər ki, Azərbaycanın 50 milyard dollar ehtiyatı var, xaricdən vəsait almayaq. Lakin mən hesab edirəm ki, bu vəsait gələcək nəsillər üçün saxlanılmalıdır».

«Azərbaycanda investisiya qoyuluşu ilə bağlı problem yoxdur»

2018-ci ildə Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların həcminin azalmasına gəlincə, V.Əhmədov qeyd edib ki, hazırda keçən illə müqayisədə vəziyyət fərqlidir: «Dövlət başçısı ciddi islahatlar həyata keçirir. Fikir verdinizsə, nə qədər kadr, struktur islahatlar oldu, Milli Məclisə növbədənkənar seçkilər təyin olundu. Bu islahatları dünya görür. İslahatlar gedirsə, onların nəticəsi da olacaq. Azərbaycanda investisiya qoyuluşu ilə bağlı heç bir problem yoxdur».

XS
SM
MD
LG