Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:37

İşgəncə iddiasına görə vəkilə xəbərdarlıq olundu


C.Cavadov
C.Cavadov

İyunun 8-də Yeni Yasamalda həbs olunan şəxslərdən polislərin yarıçılpaq vəziyyətdə apardığı Elvinin və qardaşı Kərim Süleymanlının hüquqlarını müdafiə edən vəkil Cavad Cavadova xəbərdarlıq olunub. Bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.

Qardaşlardan K.Süleymanlıya 15 gün inzibati həbs cəzası verilsə də, bir gün sonra o, azadlığa buraxılıb. Həmin vaxt onun sifətində göyərmələr, qançırlar müşahidə olunub. Vəkil C.Cavadov Süleymanlıların yaşadığı evdə jurnalistlər çəkiliş apararkən canlı yayımda K.Süleymanlıdan həmin xəsarətləri hansı şəraitdə aldığını soruşub. O da vəkilin suallarını cavablandırarkən polis bölməsində 5 saata yaxın döyüldüyünü bildirib.

"Qarşılıqlı hörmətimiz var"

Vəkillər Kollegiyası buna görə vəkilə xəbərdarlıq edib.

"Cavad Cavadov sanki bir jurnalist kimi Kərim Süleymanlıdan müsahibə götürüb, aldığı məlumatları sosial şəbəkələrdə yayaraq, məsələyə geniş ictimaiyyət tərəfindən yanlış fikir formalaşdırılmasına rəvac verib. Onun hərəkətləri "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunun, "Vəkillərin Davranış Qaydaları haqqında" Əsasnamənin tələblərinə ziddir", - Kollegiya xəbərdarlığı belə əsaslandırıb.

Məlumatda bildirilir ki, C.Cavadov iyunun 11-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinə dəvət olunub. Ona xəbərdarlıq edilib ki, gələcəkdə belə hərəkətləri davam etdirsə, daha ciddi tədbirlər görüləcək.

Vəkil C.Cavadov AzadlıqRadiosuna Vəkillər Kollegiyasının qərarını şərh etmək istəmədiyini deyib: "Kollegiyanın qərarını şərh eləmirəm. Vəkillik fəaliyyətimi bundan sonra da qanuna uyğun şəkildə davam etdirəcəm. Sədrlə, Rəyasət Heyətinin üzvləri ilə normal münasibətimiz, qarşılıqlı hörmətimiz var. Aramızda olan söhbətlər haqda danışmaq istəmirəm".

Polis təkzib edir

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev K.Süleymanlının 29-cu polis bölməsində döyülməsi barədə deyilənləri təkzib edib. O bildirib ki, K.Süleymanlının sifətindəki xəsarətlər saxlanıldığı zaman polisə tabesizlik göstərərkən yaranıb.

Daxili İşlər Nazirliyi (DİN) bildirir ki, polis əməkdaşları iyunun 7-də Yasamal rayonu ərazisində sərtləşdirilmiş xüsusi karantin rejimini pozan şəxsi saxlayıb və o zaman həmin binada yaşayan bir qrup sakin mənzillərinin eyvan və pəncərələrindən polis əməkdaşlarının üzərinə müxtəlif əşyalar ataraq onların ünvanına təhqiredici ifadələr səsləndiriblər. Ertəsi gün, iyunun 8-də səhər DİN-in keçirdiyi əməliyyatda 11 nəfərin saxlandığı bildirilirdi. Onlardan K.Süleymanlı bir gün sonra buraxılıb.

Əməliyyat zamanı polisin vətəndaşlarla rəftarı sosial mediada geniş müzakirələrə səbəb olub, tənqid edilib. Sonradan DİN bir polis əməkdaşının xidmətdən xaric edildiyini açıqladı.

XS
SM
MD
LG