Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:39

“Pulun varsa, məhkəmə də sənsən, qanun da...”


İllüstrasiya
İllüstrasiya

►Göyçayın Hacalıkənd kəndinin sakini: “Həyətimizə soxulub hər yeri dağıtdılar”

“Pulun var, məhkəmə də sənsən, qanun da... Pulun yoxdur, ayaq altında əziləcəksən. Bax, indi bu vəziyyətə düşmüşük, qızım. Bir qonşu imkanlı çıxıb, bizi məhkəməyə verib, həyətimizdən sahə tələb edib ki, özünə yol açsın. Halbuki, gen-bol yolu da var, həyət-bacası da, ev-eşiyi də... Sadəcə, göz doymur”.

Göyçayın Hacalıkənd kəndinin sakini Zülfiyyə Abdullayeva AzadlıqRadiosuna danışır, bir qonşusu onun həyət-bacasından özünə yol açmaqdan ötrü əvvəl, necə deyərlər, “xoşluqla” təklif edib ki, həyətin bir hissəsini ona versin.

Həyət-baca sahibi razılaşmadıqda qonşu tərəfindən məhkəməyə verilib.

Məhkəmənin çıxardığı qətnamə Abdullayevləri əməllicə heyrətləndirib:

“DEYİRLƏR, “ƏLİMİZDƏ QƏTNAMƏ VAR, İCRA ETMƏLİYİK””

“Əlimizdə hər sənədimiz ola-ola, məhkəmə qızıl-qırmızı üzümüzə dayandı ki, guya həyətyanı sahəni zəbt etmişik. İndi icra məmurları gəlir, deyirlər, “əlimizdə icra kağızı var, qətnamə icra olunmalıdır”. Kasıb ailəyik. Ailədə anadangəlmə əlil var, onun 50 manatı dolanışığa çatmır. Həyətdə pomidordan, xiyardan, kartofdan əkib yeyirik ki, acından ölməyək. Hamısını dağıtdılar, tələf elədilər. Həyət-bacanı xarabaya çevirdilər. Ancaq qərarı icra eləməyə imkan vermədik. Və imkan verməyəcəyik, ailəlikcə özümüzü yandıracağıq, sənədli-sübutlu torpağımızdan bir qarış da qonşuya verməyəcəyik”.

____________________________________________________________

Bunlara da bax:
'Formula 1' və çörək
Ruslar Qarabağ məsələsinin həllini necə görür- [Sorğu]

____________________________________________________________

“KİM FAĞIRDIRSA...”

Zülfiyyə Abdullayeva deyir, qonşu tək ondan yox, onun qardaşının və başqa bir qonşunun da həyətyanı sahəsindən alınıb ona verilməsini tələb edir:

“O yazıqların da gününü qara ediblər. Onlar da bizim vəziyyətdədilər. Kim fağırdır, tutub həyət-bacasını əlindən alırlar. Kömək istəyirəm. İstəyirəm ki, mülkiyyət hüquqlarımızın təminatını üzərinə götürən prezidentim səsimə səs versin. Axı niyə 10 nəfərin yaşadığı kasıb bir ailənin həyətinin yarısı əlindən alınıb qolugüclüyə verilməlidir? Bu qərarı çıxaran hakimin vicdanı sızlamadımı? Mənim evimdə anadangəlmə əlil var. Onun rahatlığını əlindən alan, bircə azuqə yeri olan həyətdəki bostanını dağıdan xeyir tapmaz”.

Göyçay rayon icra şöbəsindən bildirilib ki, qeyd olunan həyətyanı sahəylə bağlı mübahisəyə görə yuxarı instansiya məhkəmələri də Məhəmmədəli Süleymanovun xeyrinə qərar çıxarıblar. Məhkəmə qətnaməsinə görə, Abdullayevlərin istifadəsində olan sahə bələdiyyə torpağıdır və vaxtilə zəbt olunub. Qərar icra olunmaqdan ötrü onlara göndərilib. İcra məmurları da icranı həyata keçirməyə çalışırlar. Abdullayevlərə xəbərdarlıq olunub ki, icraya mane olsalar, cərimələnə bilərlər.

“BİRCƏ YOL QALIR...”

Hüquqşünas Vaqif Alıyev deyir, Abdullayevlər bütün məhkəmələri tükəndiriblərsə, vəziyyət ürəkaçan olmayacaq:

“Artıq Ali Məhkəmə də sözünü deyibsə, Abdullayevlərin bir yolu qalıb ki, iddianı başqa kontekstdə qoyub yenidən aşağı məhkəmələrdən mübahisələndirməyə başlasınlar. Bu zaman hazırkı məhkəmə qərarının icrası dondurulacaq”.

Həyət-baca əldən getməsin deyə, indi Abdullayevlər gecələri yatmayıb keşik çəkirlər.

Buna da bax: Zərdabda Kür daşqınının nişanələri

Zərdabda Kür daşqınının nişanələri
Gözlə

No media source currently available

0:00 0:01:15 0:00

XS
SM
MD
LG