Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:51

'Necə olur, bir adam o qədər polisin arasında iki polkovniki öldürüb gedir?'


'Gəncə işi' ilə bağlı məhkəmədə qarşıdurma (Geniş video)
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

'Gəncə işi' ilə bağlı məhkəmədə qarşıdurma (Geniş video)

Gəncə hadisələrinə görə həbs olunanların vəkilləri deyir ki, bir tərəfdən prezident məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi haqqında fərman verir, o biri tərəfdən də məhkəmələr qanunsuz, ədalətsiz qərarlar çıxarmaqda davam edir. Bu barədə onlar dekabrın 29-da Gəncə hadisələrinə görə cəzalandırılmış 8 nəfərlik qrupun məhkəməsində danışıblar. Vəkillər deyir ki, «Gəncə məhbusları» haqqındakı hökm sözügedən fərmana ziddir.

Vəkil Əziz Qənbərov deyir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsi onun müdafiə etdiyi Bəkrəm Əliyev haqqında nəinki ədalətli hökm çıxarmadı, əksinə, onun günahsızlığını təsdiqləyən sübutları da görməzdən gəldi.

B.Əliyevə 15 il həbs cəzası kəsilib. İddia olunur ki, o, Gəncədə ötən il 10 iyul aksiyasında polis əməkdaşına xəsarət yetirib, kütləvi iğtişaşların təşkilində iştirak edib.

«Amma videogörüntülərdən də görünür ki, Bəkrəm Əliyev heç kimi vurmayıb, əksinə, özü polisin hücumuna məruz qalıb. Onun vurduğu iddia olunan polis əməkdaşı Samir Bayramov da telekanalların birinə müsahibəsində etiraf edib ki, əvvəlcə özü Bəkrəmi vurub. Həmin müsahibənin diskini də məhkəməyə təqdim etmişdik. Dayandığı yerdə polisin onu vurmasından qəzəblənən Bəkrəm də yerdə olan polis papağına təpik vurub, oradan çıxıb gedir. Buna görə adamı 15 il azadlıqdan məhrum edərlər?», – vəkil belə deyir.

İfadələr sübut kimi qəbul edilib

Müdafiəçilərin hamısı şikayətlənib ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri özlərinin prosesdə canlı eşitdikləri ifadələri bir tərəfə qoyub, adamlara istintaq vaxtı işgəncə altında imza atdırılmış ifadələri sübut kimi qəbul edib, hökm çıxarıblar.

'Gəncə məhbusları'ndan dördü azadlığa buraxıldı
Gözlə

No media source currently available

0:00 0:02:28 0:00

8 il həbs cəzası almış Həbib Qurbanovun vəkili Nazim Musayev 10 iyul aksiyasında təhlükəsizlik kameralarının lentə aldığı görüntülərə apellyasiya məhkəməsinin də baxmasını istəyir. Deyir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsi o görüntülərə baxsa da, obyektiv qərar vermədi. Baxmayaraq ki, görüntülərdə H.Qurbanovun əleyhinə heç bir kadr yoxdur, amma onu sübut kimi qəbul ediblər.

5 il azadlıqdan məhrum edilmiş Asif Cavadovun vəkili isə onun psixi problemləri olduğunu bildirib. Vəkil deyir ki, müvəkkili psixiatriya xəstəxanasında qeydiyyatdadır, amma istintaq orqanı bunu nəzərə almayıb. Məhkəmə də özü heç bir araşdırma aparmadan istintaqın yazdığını təsdiqləyib.

Vəkil Zibeydə Sadıqovanın müdafiə etdiyi Şahin Verdiyev şərti cəza ilə azadlığa buraxılsa da, o, hökmdən narazıdır. Deyir ki, məhkəmə onu kütləvi iğtişaşların təşkilində təqsirli bilib, amma onun bu əməli törətdiyini təsdiqləyən heç bir sübut ortaya qoymayıb.

Vəkillər apellyasiya şikayətlərində Gəncədə 10 iyul aksiyasında iki polis polkovniki öldürülərkən digər polis əməkdaşlarının davranışına da qiymət verilməsinin vacibliyini vurğulayıblar.

«Hadisə vaxtı ətrafda o qədər polis olub, onlar niyə Rəşad Böyükkişiyevi zərərsizləşdirməyib? Necə olur, bu adam o qədər polisin arasında iki polkovniki öldürüb gedir, hadisədən 3-4 gün sonra öldürülür? Bu cür məsələlərə də məhkəmə kollegiyası qiymət verməyib», – onlar bildirirlər.

Gəncə hadisələrinə görə həbs olunanların valideyinləri və yaxınları danışdı
Gözlə

No media source currently available

0:00 0:02:41 0:00

Xatırlatma

Ötən il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.

Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Y.Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edirlər. Məhkəməsi başlanmayan Y.Səfərov bu iddialara münasibətini hələ ictimaiyyətə açıqlamayıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri – İlqar Balakişiyev Səməd Abbasov qətlə yetiriliblər.

Gəncə hadisələrinə görə həbs olunan 80-ə yaxın şəxsin işi bir neçə qrupa ayrılıb. Onların əksəriyyətinə hökm oxunub, 6 ildən 18 ilə qədər həbs cəzası verilib. Sonradan apelyasiya məhkəməsi onların bir qisminin cəzasını azaldıb.

Bu hadisələrlə əlaqədar həbs olunanlardan təxminən 10 nəfər şərti cəzayla azadlığa buraxılıb. 8 və 6 nəfərlik daha iki qrupun apellyasiya şikayətləri üzrə məhkəmələr isə davam edir.

Sabiq icra başçısının güllələnməsində təqsirləndirilən 12 nəfərin işi üzrə istintaq da artıq başa çatıb, yanvarın 7-də məhkəmə başlayacaq.

Həbs olunanlar məhkəmə ifadələrində həm saxlanarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildiriblər.

Daxili İşlər Nazirliyi isə saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri təkzib edib. Bildirilib ki, məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə məhkəmədə həqiqətəuyğun olmayan ifadələr verirlər.

XS
SM
MD
LG