Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:46

Bayden deyir ki, Əfqanıstandan ‘İŞİD təhlükəsinə’ görə vaxtında çıxmaq lazımdır


ABŞ prezidenti G7 qrupu liderlərinin Əfqanıstandan evakuasiyanın müddətinin uzadılması üçün göstərdikləri təzyiqə baxmayaraq bu planı qəbul etmədiyini bildirib

ABŞ prezidenti Co Bayden deyib ki, Əfqanıstandan ABŞ-ın rəhbərliyi altında hava evakuasiyası təyin edilmiş son müddətə - avqustun 31-dək başa çatmalıdır.

Prezident bunu İslam Dövləti terrorçu qruplaşmasının bir qolundan qaynaqlanan təhlükənin artması ilə izah edib.

Onun sözlərinə görə ABŞ qüvvələrinin Əfqanıstanda daha uzun müddətdə qalması “İŞİD-K və İslam Dövləti-Xorasan” kimi tanınan terrorçu qruplaşmanın hücumu üçün kəskin və artan risk yaradır:

"Biz bilirik ki, orada qaldığımız hər bir gün aeroportu, həm ABŞ, həm də müttəfiq qüvvələri hədəfləmək istəyən İŞİD-K qrupunun hücumu ilə bağlı daha bir riskli gün deməkdir”.

Bayden əlavə edib ki, evakuasiyanın hazırkı sürəti qoşunların Əfqanıstandan ayın sonunadək çıxarılması üçün imkan verəcək.

Bu arada Pentaqonun sözçüsü Con Kerbi deyib ki, evakuasiyanın sürətlə getməsi adamların hava limanına çatmasına imkan verən Taliban komandanları ilə koordinasiyaya görədir.

Bayden Əfqanıstandan evakuasiyanın uzadılması təklifini qəbul etmədi

ABŞ prezidenti Co Bayden Britaniyanın baş naziri Boris Consonun və Böyük yeddilərin G7 qrupu liderlərinin Əfqanıstandan evakuasiyanın müddətinin uzadılması üçün göstərdikləri təzyiqə baxmayaraq bu planı qəbul etmədiyini bildirib.

O bunu G7 liderlərinin avqustun 24-də virtual keçirilən təcili iclasında deyib.

Baş nazir Boris Conson deyib ki, evakuasiya “imkanımız çatan son məqamadək” davam etdirləcək, lakin cənab Bayden və Taliban arasında son gün kimi razılaşdırılmış 31 avqust tarixi dəyişdirilməyəcək.

Conson əlavə edib ki, onun ölkəsi həmin tarixədək minlərlə insanın Əfqanıstandan təxliyəsini həyata keçirə bilər. Britaniya indiyədək Talibanın divanından qorxan 9000 əfqanı evakuasiya edib.

G7-nin sammitində Qərb qüvvələrinin evakuaisiya müddətinin avqustun 31-dən sonra da davam etdirilməsinə dair konsensus əldə olunmalıydı, lakin Talibandan gələn son xəbərlər buna olan bütün ümidləri puça çıxarıb.

Hava limanında vəziyyət yaxşılaşmır

Talibanın sözçüsü Zabihulla Mücahid Kabildə avqustun 24-də keçirilən mətbuat konfransında deyib:

“Avqustun 31-i razılaşdırılmış son müddətdir və bunun keçilməsi razılaşmaya ziddir. Bütün adamlar o vaxtadək çıxarılmalıdır. Bundan sonra biz buna imkan verməyəcəyik. Buna bizim ölkəmizdə yol verilməyəcək və biz başqa mövqe tutacağıq”.

G7-nin sammitindən sonra Britaniyanın baş naziri Boris Conson əmin olduğunu deyib ki, evakuasiya 31 avqustadək başa çatacaq:

“Lakin hava limanında vəziyyət heç də yaxşılaşmır. Orada ictimai asayiş problemi, bizim oradan çıxarmağa çalışdığımız insanlar üçün xoşagəlməz səhnələr yaşanır. Qoşunlarımızın da oradan çıxması çətin olacaq”.

Conson əlavə edib ki, G7 liderləri Talibanı avqustun 31-dən sonra da Əfqanıstandan çıxmaq istəyənlərin getməsinə imkan verməyə çağırıb.

Əfqanıstan “narkodövlət” ola bilməz

Conson bildirib ki, G7-nin Talibana təzyiq göstərmək imkanları var və söhbət bu ölkəyə yardımın dayandırımasından və sanskiyalardan gedir:

“Əgər Taliban dəstək və beynəlxalq icmaya daxil olmaq istəyirsə, biz də deyirik ki, Əfqanıstan yenidən terrorun cücərib yetişdiyi məkana çevrilməməlidir. Əfqanıstan narkodövlət ola bilməz. Qızlar 18 yaşınadək və ondan sonra da təhsil almaq hüququna malik olmalıdırlar”.

Əfqanıstan paytaxtının hava limanında hələ də acınacaqlı vəziyyət davam edir. Ora Talibandan qaçmağa çalışan minlərlə əfqan toplaşıb.

Qərb məhz bu insanların tam təxliyə olunması üçün evakuasiya müddətinin uzadılmasını istəyirdi.

Lakin Taliban müddətin uzadılmasına hec cür razılıq verməyəcəyini bildirib.

Avqustun 24-də Talibanın sözçüsü Zabihulla Mücahid “ixtisaslı” əfqanları ölkədən getməməyə çağırıb.

O bunu da vəd edib ki, işçi qadınların statusuna toxunulmayacaq.

XS
SM
MD
LG