Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:44

“Hökumət demək istəyir ki, hamınız özünüzü yığışdırın”


Əli Kərimli
Əli Kərimli

►“Eşitdim ki, Xalq Cəbhəsinin sədrinin müavini Fuad Qəhrəmanlını Facebookda yazdıqlarına görə tutublar. Burda da yazmaq olmaz? Qorxmağa başlayıram...”

Tural adlı Facebook istifadəçisi Fuad Qəhrəmanlının həbsi ilə bağlı şərhində belə yazır.

Nəsimi rayon məhkəməsi Fuad Qəhrəmanlı haqqında dekabrın 8-də gecə, iş vaxtı bitəndən xeyli sonra – saat 23.30-da 3 aylıq həbs qətimkan tədbiri seçdi. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283-cü (milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələri ilə ittiham olunub.

Vəkili Fəxrəddin Mehdiyev deyir ki, bu ittihamlar Fuad Qəhrəmanlıya Nardaran hadisələri ilə bağlı Facebookda paylaşdığı yazılara görə irəli sürülüb:

“Fuad Qəhrəmanlı məhkəmədə ittiham üzrə özünü təqsirli bilmədi. O, bu ittihamlarla razılaşmır və sosial şəbəkələrdə tənqidi fikirlər səsləndirdiyini deyir. Buna görə də qərardan apellyasiya şikayəti vermişik”.

Buna da bax: Leyla Yunusun ilk videogörüntüləri

“Bəs bu ölkədə siyasətlə necə məşğul olmaq olar?”

AXCP sədri Əli Kərimli deyir ki, müavininə qarşı ittihamlar böhtandır. AXCP sədri bildirir ki, Fuad Qəhrəmanlının həbsi ilə hakimiyyətin bir məqsədi də üzə çıxdı:

“Fuad bəyin həbsi təkcə qanunsuzluq, müxalifətə qarşı təzyiq deyil. Həm də Azərbaycandakı repressiyaların yeni mərhələsinin anonsudur. Fuad Qəhrəmanlı birinci ictimai-siyasi xadimdir ki, məhz Facebookda yazdığı yazılara görə həbs olunur. İndiyə qədər hökumət siyasi mülahizələrlə həbs etdiyi adamları da formal olaraq başqa cinayətlərdə - narkotikadan tutmuş maliyyə saxtakarlıqlarına qədər ən müxtəlif bəhanələrlə ittiham edirdi. Fuad Qəhrəmanlı Facebookdakı yazılarını hamı üçün açıq yazıb. Azərbaycan hökuməti adamları yazdıqlarına, düşüncələrinə görə həbs edir. Bundan utanıb eləmir də. Əgər bu adam öz fikirlərini hətta Facebookda da yaza bilməzsə, bəs bu ölkədə ümumiyyətlə siyasətlə necə məşğul olmaq olar?”

Fuad Qəhrəmanlı ailəsi ilə
Fuad Qəhrəmanlı ailəsi ilə

Əli Kərimli deyir ki, Facebookdakı yazısına görə adamı həbs etməklə hökumət cəmiyyətə mesaj da göndəririr:

“Xüsusilə, son hadisələr zamanı hökumət nə qədər çalışsa da həqiqəti ictimaiyyətdən məhz Facebook-un hesabına gizlədə bimədi. Ona görə də indi Fuad Qəhrəmanlının Facebookdakı statuslarına görə həbs olunması həm cəmiyyətə mesajdır, həm də yeni bir mərhələdən xəbər verir ki, başqalarını da həbs edərik, hamı özünü yığışdırsın. Belə bir idarəetmə ilə uzağa getmək mümkün deyil”.

“Kütləvi informasiya vasitələri haqqında” qanuna edilən son dəyişikliyə görə, internet də KİV sayılır. KİV-ə aid edildən cəzalar internetə də aiddir.

“Özünüsenzura artacaq”

Media üzrə ekspert Ələsgər Məmmədli deyir ki, buna qədər də internet istifadəçilərində özünüsenzura olub. Bundan sonra isə bu özünüsenzura bir qədər də artacaq:

“İnternet üzərindən istər çağırışlar olsun, istər böhtan və təhqir, istərsə də ayrıseçkiliklə bağlı məqamlar cinayət əməli hesab olunur. Azərbaycanda ən böyük problem hüquq sisteminin problemidir. Ədalətli, obyektiv məhkəmə araşdırmasının olmamasıdır. Nə qədər ki, məhkəmələr asılıdr, istintaqın, prokuroluğun istədiyi qərarı qəbul edir, faktiki olaraq, Cinayət Məcəlləsindəki müddəaların sərt və yumşaq, demokratik və antidemokratik olması o qədər rol oynamır. Onsuz da Azərbaycanda sosial şəbəkə itifadəçiləri anonim yox, öz adlarından hesab açıb istifadə edirlərsə, onlar kifayət qədər özünü senzura ilə məşğuldurlar”.

“Elə adamlar var ki, üsyana, dövlət çevrilişinə çağırır”

Millət vəkili Fazil Qəzənfəroğlunun fikrincə, qanunvericiliklə Facebookda çağırışlara görə cinayət işi açıla bilər:

“Məsələn, elə adamlar var ki, üsyana, dövlət çevrilişinə çağırır. Ona görə sosial şəbəkə iştirakçıları da məsuliyyətlərini dərk eləməlidirlər. Fuad Qəhrəmanlıya gəldikdə, ola bilər, hansısa təhrikedici, qızışdırcı açıqlamları olub. Yəqin buna görə belə bir addım atıblar”.

Fuad Qəhrəmanlı 1998-ci ildə də çap olunmamış “Müxalifətin mitinq taktikası” adlı yazısına görə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin vaxt 1 il 2 ay həbsdə qalandan sonra buraxılmışdı. 2011-ci ildə isə İctimai Palatanın razılaşdırılmamış 2 aprel mitinqinə görə, 2 il müddətinə şərti azadlıqdan mərhum edilmişdi.

XS
SM
MD
LG