Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:52

Hollande: 'Hakimiyyətdə olduğum müddətdə burkini yasaqlanmayacaq'


Francois Hollande
Francois Hollande

«Nə qədər ki prezidentəm, qeyri-konstitusion olduğu qədər, tətbiqi də mümkün olmayan qanunun qəbulundan söz gedə bilməz».

Fransa prezidenti Francois Hollande ölkədə burkiniyə qadağa qoyulması fikrinə açıq və qəti münasibətini belə bildirib.

Prezident bu sözləri Fransada demokratiya və təhlükəsizlik məsələlərinə həsr etdiyi birsaatlıq çıxışında dilə gətirib.

İndi Fransada siyasi liderlər müsəlman qadınların üzündən və əl-ayağından başqa bütün bədənini örtən burkini adlı çimərlik paltarının ölkə miqyasında yasaqlanmasına çağırırlar. Bu qadağanın əleyhdarları onu cinsi ayrıseçkiliyin və islamanifrətin təzahürü sayırlar.

Hollande öz çıxışında Fransadakı son terror aktlarının ölkədə gərginlik və xof yaydığını da söyləyib. Bununla belə, o, digərləri kimi İslam dinini də normal qəbul etmək və dözümlülük göstərmək gərəkdiyini vurğulayıb. Dinləyənlər onun bu sözlərini gurultulu alqışlarla qarşılayıblar.

Çimərlikdə burkinili qadın
Çimərlikdə burkinili qadın

KONSTİTUSİYA ELASTİK MƏTN PARÇASI DEYİL, AXI...

«Fransa Konstitusiyası addımbaşı düzəliş ediləcək elastik mətn parçası deyil. Biz istədiyimiz tərzdə yaşamaq alışqanlığımızı qurban vermədən öz təhlükəsizliyimizi təmin etməliyik. Mən fundamentalistlərə imkan verməyəcəyəm ki, bizim respublika quruluşunun imkanlarını zorlasınlar. Onlara müsəlmanları gözdən salmağa fürsət də verməyəcəyəm».

Hollande yaxın ay və illərdə Fransanın imicini və nüfuzunu qoruyacağına da söz verib. Bir çox müşahidəçi onun bu sözlərini son zamanlar populyarlığı çox aşağı düşmüş bir liderin təkrar seçilmək iddiası kimi yozub.

Buna da bax - Hacı Şahin burkini haqda: 'Qadının bədən cizgiləri...'

Fransa cəmiyyətini fərqli düşərgələrə bölən gərgin ictimai-siyasi müzakirələr, o cümlədən terror aktları və burkini qadağası Francois Hollande-ın dörd illik prezidentliyinə daim kölgə salıb.

Onlarla şəhər bələdiyyəsi ölkə çimərliklərində burkini geyinilməsini yasaqlayıb. Hətta Ali Məhkəmə bu qadağanın mülki azadlıqlara zidd olduğuna qərar verməsindən sonra da bir çox yerdə qadağa qüvvədə qalır. Ona riayət etməyən qadınlar cərimələnir, bəzənsə insanların gözü önündəcə burkinisini soyunmağa vadar edilir.

Burkini ölkədə böyük ictimai-siyasi müzakirələr və nəticə etibarilə, cəmiyyətdə qütbləşmə doğurub. Etiraz nümayişləri Fransanın sərhədlərini də aşıb.

Nicolas Sarkozy
Nicolas Sarkozy

NICOLAS SARKOZY: «BURKİNİ QADININ PARÇADA HƏBSİ DEMƏKDİR»

Siyasətçilər arasında da burkiniyə münasibət bir-birindən çox fərqlənir. Prezident burkiniyə dözümlü münasibətini açıqlasa da, baş nazir Manuel Valls tam fərqli düşünür. O, hələ ötən ay demişdi ki, bu cür geyim Fransa Respublikası dəyərlərinə uyğun deyil. Sabiq prezident Nicolas Sarkozy də burkiniyə çox tənqidi yanaşır. «Burkini qadının parçada həbsi deməkdir», - deyən sabiq prezident onun ölkə miqyasında yasaqlanmasına çağırır. İstər Valls, istərsə Sarkozy baş örtüyünün universitetlərdə də qadağan olunmasına tərəfdardırlar.

Hollande gələn il keçiriləcək növbəti prezident seçkilərinə qatılmağa qərar versə, onun əsas rəqibi məhz Sarkozy olacaq. O bu səbəbdən elə indidən öz rəqibindən nə ilə fərqləndiyini aydın göstərməyə məcburdur.

Hollande çıxışında fransız cəmiyyətinə xas birlik və həmrəylik kimi dəyərləri daha çox vurğulayıb: «Tarix göstərir ki, öz prinsiplərindən kənara çıxmaq dünyanı nə daha xoşbəxt, nə də daha təhlükəsiz edir. Demokratiya bizə savaş açmış barbarlıqdan daha güclü çıxacaq».

'İntəhası, nacins kişilər gəlir dəə'- Lənkərandakı qadın çimərliyindən reportaj

"İntəhası, nacins kişilər gəlir dəə"- Lənkərandakı qadın çimərliyindən reportaj
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

XS
SM
MD
LG