Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:41

"Formula-1"in 472 dollarlıq biletini kimlər alacaq?


►Bakı Qran Prisinə biletlərin qiyməti 19-472 dollardır

“Biletlə maraqlandım, elə qiymət dedilər ki... Tələbəyəm, düzü, o qiymətə ala bilmərəm. Ancaq yarışlarla maraqlanıram, ucuz olsaydı, gedib baxardım...”

Tələbə Elxan Həmidov iyunda Bakıda keçiriləcək Formula 1 Avropa Grand Prix yarışlarına biletlə maraqlanır. Qiymətləri öyrənincə satış məntəqəsindən uzaqlaşır.

Biletlər, əsasən, onlayn satılır. Ancaq bir neçə gündür, bir satış məntəqəsi də açılıb. Məntəqənin satıcısı gülümsünüb deyir ki, satışın gedişi haqqında heç bir məlumat verə bilməz. Ancaq biletlərin qiyməti əks olunan məlumat vərəqəsini göstərir.

Vərəqədən belə görünür ki, qiymətlər ABŞ dolları ilə müəyyən olunub. Yerlərə görə, 19-472 dollar arasında dəyişir. 19 dollar ayaqüstü yerlərədir.

Oturacaqlı yerlərin biletləri üç günlükdür. "Xəzər" tribunasında (Neftçilər prospektində Muzey Mərkəzinin qarşısında) və "Bulvar" tribunasında (Muzey Mərkəzinin qarşısında Bulvar tərəfdə) bilet 120 dollara olacaq.

“Qız Qalası” və “Filarmoniya” tribunalarında biletlər 188.5 dollara satılır. Bakı Bulvarındakı “Sahil” və “Muğam” tribunalarında qiymət 245 dollardır.

“İçərişəhər” (Gənclər meydanı tərəfdən) və "Azneft" tribunasında bilet 294 dollaradır. Ən bahalı yer isə yarışların başlanğıc və finişini izləmək üçün nəzərdə tutulmuş “Abşeron” tribunasıdır. Burda bir biletin qiyməti 472 dollardır.

Ölkə rəsmiləri bildirir ki, bu cür yarışlar Bakının tarixi yerlərinin tanınması baxımından böyük şansdır, həm də yarışlara xeyli turist cəlb oluna bilər. Gənclər və idman naziri Azad Rəhimov bilet satışından 4 milyona manata yaxın (2,5 milyon dollar) gəlir əldə olunacağını söyləyib. Nazir satışa 30 min biletin daxil olduğunu da deyib.

“Görəsən, 472 dollara kim bilet alar?”

Bəs, biletlərin qiyməti ölkə vətəndaşları üçün əlçatandırmı? Fikrini soruşduğumuz bir neçə şəhər sakininin cavabları belə oldu:

Gözlə

No media source currently available

0:00 0:01:04 0:00

– Düzü, ayaqüstə dayanıb o yarışa baxmaq bir gənc kimi mənə maraqlı deyil. 19-472 dollar bahadır. Ancaq o da var ki, VİP hər yerdə olmalıdır.

– O qədər pulum olsa da, bilet almaram.

– Yarışlarda könüllü kimi iştirak edəcəyəm. Amma könüllü olmasaydım, bilet alıb gedib baxmazdım. Evdə baxardım.

– 472 dollar? Görəsən, bu qiymətə Azərbaycanda kim bilet alar? Mənim heç 19 dollara gücüm çatmır.

– Pulum olsaydı, 19 dollarlıq biletdən alardım.

– Baxır də, kiminsə imkanı var, kiminsə yoxdur. İmkanı olan alacaq, olmayan almayacaq.

– Məni Formula 1 yarışları maraqlandırır. Ancaq büdcə əl vermir. 10 manata bilet yaxşı olardı.

– 470 dollar. Heç maaş bu qədər deyil.

– Çox bahadır.

– Əvvəlki vaxtlar olsaydı, bəlkə də normal qiymətdir. İki oğlum sürücüdür, Formula 1 yarışları ilə də maraqlanırlar. Ancaq pul yoxdur. Qiyməti eləyəydilər 10 manata, kasıblar üçün də 5 manata. Onlar da gedib baxardı.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

“Yolu iplə hasara alıb demək ki...”

İdman şərhçisi Coşqun Eldaroğlu deyir, il ərzində dünyanın 22 şəhərində baş tutan Qrand Prix yarışları turistlərin sıx olduğu yerlərdə keçirilir. Həm də formatına görə tənzimlənən yarış deyil. Ancaq Azərbaycan kimi ölkələrdə bunu inzibati yolla tənzimləməyə çalışırlar:

Gözlə

No media source currently available

0:00 0:01:00 0:00

“Qrand Prix praktikasında bilet satışları var. Amma çox məhduddur. Çünki yarışın formatı elədir ki, yol kənarında baş tutur. Həm də ənənəvi yolda. Daha durub bizim kimi daş yolun üstünə asfalt çəkmirlər. Bu yarışlar xüsusilə turistlərə çox xoşdur. Mən Monakoda keçirilən yarışa baxdım. Orda tənzimləyici sistem də, mexanizm də yox idi. Təşkilatçılar heç bu mexanizmi düşünməmişdilər də. Təhülkəsizlik tədbirləri qorunmaq şərtilə adamlar kənardan yarışı izləyir. İnzibati yolla yolu iplə hasara alıb, “sən 19 dollar verib burdan ayaqüstə baxacaqsan” demək yarışın formatına ziddir. Ən əsası isə biletlərin qiyməti yerli vətəndaşlara əlçatan deyil. Büdcədən maliyyələşən bir çox iş yerlərində adamlara 100 dollardan aşağı məvacib verirsən, ancaq, ən aşağısı, 19 dollara bilet satırsan”.

“Biletlər baha görünsə də, normaldır”

Bilet satışında Azərbaycan vətəndaşlarına güzəşt tətbiq olunur. Bunu isə yarışın Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arparadai söyləyir. Onun sözlərincə, həmin biletlərlə “Formula-1” çərçivəsində konsert və digər əyləncəli tədbirlərə getmək də mümkün olacaq:

Gözlə

No media source currently available

0:00 0:01:04 0:00

“Azərbaycan vətəndaşlarına 20-40 faiz arası endirimlər olunub. Bu o deməkdir ki, Azərbaycan vətəndaşı bizim sayta ölkə ərazisindən daxil olursa, orda başqa qiymətlər görünür. Xaricilər daxil olanda daha yüksək qiymətlər görünür. Müxtəlif tribunalara müxtəlif kateqoriyalı biletlər var. Daha ucuz bilet istəyənlər ayaqüstü yerlərə ala bilərlər. Onu da deyim ki, bu bilet ilk baxışdan baha görünür. Lakin, əslində, normal qiymətdir. Çünki bileti əldə edən şəxs tək yarışı izləmək imkanı qazanmır. O, həm də əyləncə zonasına, xüsusi konsert proqramlarına giriş qazanır. Üç gün ərzində oradakı proqrama qatılır. Avtoqraf sessiyaları və s. də bu qiymətə daxildir”.

Formula-1 yarışı iyunun 17-19-da keçiriləcək. Yarışların dairəvi marşrutu Bakının mərkəzi küçələrindən keçən 6 km-ə yaxın məsafəni əhatə edir.

“Azadlıq” meydanından başlayan marşrut Puşkin, Xaqani, Bülbül prospekti, Zərifə Əliyeva küçəsi, “Neftçilər” prospekti, Əziz Əliyev küçəsindən (keçmiş Zevin) keçəcək. Sonra İçərişəhərin dar dalanları boyunca Gənclər meydanına qalxaraq İstiqlaliyyət küçəsinə çıxacaq. Daha sonra Niyazi küçəsilə aşağı enib yenidən “Neftçilər” prospektilə “Azadlıq” meydanına keçəcək. Yarışlar zamanı müxtəlif çətinlikdə 20 virajla 51 dövrə vurulacaq. Maksimum sürət saatda 340 kilometrə çatacaq.

Yarışlara görə yolların təmirinə 12 milyon manat ayrıldığı bildirilsə də, yarışın ümumi büdcəsi açıqlanmır.

Buna da bax: "Formula 1"in start və finişi Azadlıq Meydanında olacaq- [Fotolar]

XS
SM
MD
LG