Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 03:55

Əyalətin 'yatmış' və 'ayıq' saytları...


İnternet senzura
İnternet senzura

Azərbaycanın cənub bölgəsində indi qəzet çapından daha çox internet saytlarının yaradılmasına üstünlük verirlər. Mütəxəssislərin fikrincə, saytlara üstünlük verilməsinin əsas səbəbi internet izləyicilərin sayının artmasıdır. Təkcə Masallı rayonunda 10 minə yaxın internet izləyicisinin olduğu bildirilir.

Ancaq bununla belə, getdikcə tənqidi saytlara təzyiqlərin artdığı da söylənir.

«CENUBNEWS» BLOKLANIB

Xebr44.com, «Cenubnews» internet saytlarında baş redaktor əvəzi işləmiş Masallı şəhər sakini Mirələm Həşimov bunları deyir:

«15 gün bundan əvvəl «Cenubnews» saytının sahibi zəng elədi, işin təhvil verilməsini istədi. Hal-hazırda saytı təhvil vermişəm, mən daha orda işləmirəm. Kim işləyəcək bilmirəm. Azərbaycanda bir çox saytları blokladılar, «Cenubnews» da blokladılar. Hazırda sayta giriş qapadılıb. Yaxın bir ay ərzində özüm sayt açmaq istəyirəm. Onun üçün çalışıram».

M.Həşimovun deməsinə görə, fəaliyyətlərinə görə təzyiqlərlə üzləşirlər:

«2012-ci ildə Xeber44.com saytının baş redaktoru Araz Quliyevi 7 nəfərlə birlikdə həbs etdilər. Ona 8 il iş verdilər. İndi vicdan məhbusu sayılır. 2013-cü ildə o sayta mən başladım rəhbərlik etməyə. Nöqsanları işıqlandırırdıq. Müəyyən qurumlar buna qarşıdır. Ona görə də Xəbər44.com-u bağladılar. İndi də «Cenubnews»u qapadıblar».

«GƏRƏK TƏNQİD ETMƏYƏSƏN»

O deyir ki, yeni saytı yaratmağın da öz çətinlikləri var:

«Bu, ilkin olaraq 500 manata yaxın xərc istəyir. Müstəqil şəkildə əhaliyə informasiya ötürmək çətindir. Onda gərək tənqid verməyəsən. O da ki, olmur. Gördüyün nöqsanları gərək verəsən. Ona da imkan vermirlər. İndi sayta blok qoyurlar, qadağa qoyurlar, təzyiq edirlər. Mən rayonda gördüyüm problemlərin hamısını yayırdım. İcra başçısı məni iki dəfə məhkəməyə verib. Bir dəfə mən qalib gəlmişəm, bir dəfə də o. Məhkəmə məni 100 manat cərimə edib. Bütün bu təzyiqlər jurnalist fəaliyyətimlə bağlıdır».

Zahir Əmənov
Zahir Əmənov

«YATMIŞ» SAYTLAR

Cenubxeberleri.com saytının redaktoru Zahir Əmənov isə deyir ki, rayonlarda çoxlu «yatmış» saytlar var:

«Masallilar.az saytı var idi. Yüksək səviyyədə tərtib olunmuşdu. Sonradan saytın fəaliyyəti dayandı. Sonra ekivan.az saytı yaratdıq. Kəndin xeyrindən-şərindən materiallar verirdik. Təəssüf ki, bu sayt da çox yaşamadı».

Z.Əmənov deyir ki, rayon icra hakimiyyəti aparatlarının da saytları var. Ancaq həmin saytlar gündəlik operativ məlumatlar vermirlər:

«Ay ərzində bu saytlarda 3-4 material gedir. Belə görünür ki, bayram günləri olmasa, onlar ümumiyyətlə material tapa bilməyəcəklər».

«ƏYALƏT JURNALİSTİKASI QOCALIB»

Z.Əmənovun deməsinə görə, rayonlarda saytlar çox çətin şəraitdə fəaliyyət göstərirlər:

«Bakıda fəaliyyət göstərən saytların axşam növbəsində 4-5 nəfər işçi olur. Biz tək çalışırıq. Qeyri-hökumət təşkilatlarından biri, iksi qalıb, onlar da sıradan çıxmaq üzrədir. İnsanlara müstəqil informasiya gəlib çatmır. Partiyaların rayon təşkilatları var, onlardan da xəbər gəlmir. Ziyalılar da bu məsələlərdə passivdirlər. Əyalət jurnalistikası qocalıb. Bütün bunlar müstəqil və operativ informasiya verən saytların yaranmasında çətinliklərdir. Saytın saxlanması üçün də vəsait lazımdır. Çalışırıq ki, fərqli informasiya verək. İnkişafımız internetlə bağlıdır».

Redaktorun deməsinə görə, çətinliklərə baxmayaraq, sevindirici hallar da var. O vurğulayır ki, Cenubxeberleri.com saytının xaricdən də izləyicilər var.

Müstəqil saytların bloklanması barədə nə düşünürsüz?
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00

İCRA HAKİMİYYƏTLƏRİ NƏ DEYİR

Cənub rayonlarındakı icra hakimiyyətləri aparatlarında çalışanlar isə saytlara yerlərdə təzyiqlərin olması ilə bağlı deyilən fikirlərlə razılaşmırlar.

Rayon rəsmiləri deyirlər ki, hər kəs sayt açmaqda azaddırlar. Əgər həmin saytlarda sağlam tənqidə yer verilirsə, heç kimə böhtan atılmırsa, onlarla heç kimin də işi yoxdur.

XATIRLATMA

Xeber44.com saytının baş redaktoru Araz Quliyev və digər 7 nəfər 2012-ci ilin sentyabrında həbsə alınıblar. Onlar Masallıda beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərmək, dinc sakinlərə və polis əməkdaşına xəsarət yetirmək ittihamı ilə üzləşiblər. Sonradan onlardan bir çoxuna silah və narkotik ittihamı da verilib. Ancaq onlar ittihamları qəbul etmirlər.

Bu il mayın 12-də isə Bakıda Səbail rayon Məhkəməsi ölkənin təhlükəsizliyinə hədə yaratdıqları iddiası ilə AzadlıqRadiosunun, «Azadlıq» qəzetinin, Meydan TV-nin, «Azərbaycan saatı»nın və Turan TV-nin internet saytlarının bloklanması barədə qərar qəbul edib.

Azərbaycanın Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi adıçəkilən saytlara girişi məhkəmə qərarından hələ çox əvvəl, martın 27-dən bağlamışdı. Buna səbəb kimi Baş Prokurorluğun məktubu əsas göstərilirdi. Həmin məktubda da bu saytlarda dövlətçilik əleyhinə bir sıra yazıların dərc edildiyi iddia olunurdu. Ancaq məhkəmə prosesində müdafiə tərəfi bir sıra vəsatətlər verərək, bu iddiaların əsassız olduğunu bəyan etmişdi.

Bunun ardınca daha bir neçə saytın da bloklanması ilə bağlı xəbərlər yayılıb.

XS
SM
MD
LG