Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:56

Ərdoğan 'HƏMAS terrorçu təşkilat deyil' dedi, İsrailə səfərini ləğv etdi


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstinin HƏMAS radikal islamçı qruplaşmasını terrorçu təşkilat adlandıran ölkələri tənqid edib. ABŞ və Avropa İttifaqı bu silahlı qruplaşmanı "terrorçu təşkilat" sayır.

O deyib ki, bu təşkilat “öz torpağının və vətəndaşlarının müdafiəsi uğrunda mücadilə edən azadlıq mücahidləri qrupudur”.

Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasından millət vəkillərinin qarşısında çıxışında habelə İsrailə səfərinin ləğv olunduğunu bildirib.

O deyib ki, Ankara İsraillə münasibətlərini tam normallaşdırmaq niyyətində idi, amma İsrail “Türkiyə tərəfinin xoş məramından sui-istifadə edib və heç bir qarşılıq addımı atmayıb”.

HƏMAS silahlıları oktyabrın 7-də Qəzza zolağından İsrailə keçərək azı 220 nəfəri girov götürüb, azı min 400 nəfər öldürülüb.

İsrailin Qəzza zolağını cavab tədbiri olaraq bombalaması nəticəsində isə azı 5 min 700 fələstinli həlak olub, onlardan 2 min 300-ü azyaşlılardır. Bunu HƏMAS-ın idarə etdiyi ərazinin səhiyyə nazirliyi bildirib.

Ərdoğan İsrail və Fələstin qüvvələri arasında dərhal atəşkəsə çağırıb və deyib ki, müsəlman ölkələri regionda davamlı sülhün bərqərar edilməsi üçün birgə addımlar atmalıdırlar.

Türkiyə prezidenti bu çıxışında Qərb ölkələrinin İsrailin HƏMAS-a qarşı cavab hərəkətlərini dəstəkləməsini tənqid edib.

O deyib ki, “Qərbin İsrail üçün göz yaşları axıtması saxtakarlığın ifadəsidir”.

Ərdoğan əlavə edib ki, “Qərbin İsrailə borcu çoxdur, amma Türkiyənin İsrailə borcu yoxdur”.

İtaliyadan Ərdoğana sərt reaksiya

Reuters agentliyi yazır ki, Türkiyənin NATO üzrə əksər müttəfiqləri HƏMAS-ı terrorçu qruplaşma hesab edirlər.

İtaliya baş nazirinin müavini Matteo Salvini Ərdoğanın bəyanatlarını kəskin tənqid edib və onları “dəhşətli və iyrənc” adlandırıb. Salvini deyib ki, belə bəyanatlar deeskalasiyaya kömək etmir.

Salvini qeyd edib ki, o İtaliyanın xarici işlər nazirinə rəsmi etiraz hazırlamağı və Türkiyə səfirini XİN-ə dəvət etməyi tapşıracaq.

Reuters xatırladır ki, Türkiyə HƏMAS qruplaşmasının İsrail üzərinə 7 oktyabr basqınını pisləsə də, İsraili buna təmkinli bir şəkildə reaksiya verməyə çağırmışdı.

Ankara bunun ardınca İsrailin Qəzza zolağını raket atəşlərinə tutmasını kəskin pisləyib və tərəflər arasında vasitəçiliyini təklif edib.

Türkiyə habelə HƏMAS təşkilatının nəzarətində olan Qəzzaya humanitar yardımlar göndərib.

Reuters yazır ki, öz ərazisində HƏMAS-a sığınacaq verən Türkiyə, İsrail-Fələstin münaqişəsinin “iki dövlət” prinsipi ilə həllinə tərəfdar olduğunu bildirir.

Qarşıdurmanın tarixçəsi

İsrail və Türkiyə ötən ilin sonlarında aralarındakı münasibətləri səfirliklər səviyyəsində tam bərpa ediblər.

Lakin Türkiyə XİN bununla yanaşı bildirib ki, Ankara fələstinlilərin hüquqlarını müdafiə etməkdə davam edəcək.

İki ölkə arasında münasibətlər 2010-cu ildə kəskin pisləşmişdi. O vaxt Türkiyədən Qəzzaya dəstək üçün gedən gəmi İsrail xüsusi təyinatlıları tərəfindən zəbt olunmuşdu.

2018-ci ilin mayında Ankara İsrail səfirini ölkədən çıxarmışdı. Buna səbəb İsrail dövlətinin yaradılmasının 70 illiyi ərəfəsində Qəzza zolağında keçirilən etiraz aksiyaları idi.

Türkiyə habelə ABŞ səfirliyinin Tel-Əvivdən Yerusəlimə köçürülməsinə etiraz bildirmişdi.

O vaxt toqquşmalarda 60 fələstinli həlak olmuşdu.

XS
SM
MD
LG