Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:39

Köçkün ailəsi iki gündür küçədə gecələyir


İllüstrasiya
İllüstrasiya

►“İki gün əvvəl tavan uçdu, mən də, oğlum da yaralandıq. Beton parçaları uşağın başına düşdü, mənim çiyinlərimə...

İki gündür uşaqlar, yoldaşım və özüm qapının qarşısına çarpayı qoyub elə çöldəcə yatırıq. Evə girməyə qorxuruq”.

Bunu AzadlıqRadiosuna Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki keçmiş “Energetiklər pansionatı”nda məskunlaşan köçkün Şəhla Məmmədova deyir.

Avqustun 6-da köçkün ailəsi məskunlaşdığı otaqda süfrə arxasına əyləşib nahar edirmiş. Qəfil baş verən uçqun ailənin naharına dilxorçuluq qatıb. Ananın çiyinləri zədələnib, beton parçasının daha böyük hissəsi 5 yaşlı Həsənin başında “sınıb”.

Buna da bax: Köçkünlər evlərini satışa çıxarıb...

“BU DƏFƏ ÇƏNLƏR DƏ BAŞIMIZA DÜŞƏCƏK”

Şəhla xanım bu binadakı vəziyyətlə bağlı müxtəlif qurumlara ən çox yazıb-pozan köçkünlərdəndir. Zarafatca deyir, “axırda tavan da öz başımızda sındı”:

“Biz birinci mərtəbədəyik. İkinci mərtəbədə otağın üstü dəhlizə düşür. Ağır su çənləri tavanımızın düz üstündədir. Bu dəfə çöksə, çənlər də başımıza düşəcək. Qorxumuzdan otağa girmirik”.

Şəhla xanımı qəzəbləndirən odur ki, hadisədən dərhal sonra yerli icra hakimiyyətinə məlumat verməsinə baxmayaraq, yalnız bir gün sonra – avqustun 7-də hadisəylə maraqlanıblar. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və “Qaçqınkom”dan nümayəndə gəlib. Baş verənləri qeydə alıb gediblər.

Buna da bax: 'Suraxanının icra başçısı əlilləri işsiz qoyub'

45 MİN MANAT VƏD OLUNUB

Köçkünlər bir neçə dəfə “Qaçqınkom” sədri Əli Həsənovun qəbulunda olublar.

Şəhla Məmmədovanın deməsinə görə, Komitə sədri onları sonuncu dəfə qəbul edib dinləyəndən sonra tezliklə binadan köçürüləcəklərini və hər ailəyə 45 min manat kompensasiya ödəniləcəyini vəd edib. Ancaq o vaxtdan bu günədək köçkünlərə bir daha Komitə sədrinin üzünü görmək nəsib olmayıb.

Xəzər rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, bina 2014-cü ilin mayından qəzalı bina kimi siyahıya alınıb. Köçkünlərin binadan köçürülməsi üçün “Qaçqınkom”a müraciət olunub.

“Qaçqınkom”dan AzadlıqRadiosunun suallarını cavablandıran olmayıb.

Ötən il AzadlıqRadiosu yataqxananın vəziyyətini işıqlandırıb. Köçkünlər bildirmişdilər ki, dördmərtəbəli binada əlacsızlıqdan məskunlaşıblar. Binanın çirkab sular yığılan zirzəmisində bir neçə dəfə çökmə baş verib. Bina elə vəziyyətə düşüb ki, burada yaşamaq qeyri-mümkündür.

ÖTƏN İL DƏ SÖZ VERİLMİŞDİ

Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsindən ötən il AzadlıqRadiosuna isə bildirilmişdi ki, binanın qonşuluğundakı başqa qəzalı binada yaşayan 23 ailə köçürülüb. Tezliklə bu qəzalı binada məskumlaşmış köçkünlərin də taleyinə əncam çəkiləcək.

Sovet vaxtı energetiklərin pansionatı kimi istifadəyə verilmiş binada 90-cı illərdə Qarabağdan gələn köçkünlər məskunlaşıb. Əvvəllər binada azı 100 ailə məskunlaşıb. Hazırda isə 21 ailə həyatla mücadilə etməkdədir.

Yeri gəlmişkən, bu binanın sakinləri yay-qış çimməyə suyu yaxınlıqdakı çimərlikdən daşıyırlar.

XS
SM
MD
LG