Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:42

Ekspertizanın Elmar Vəliyevlə bağlı rəyi bəlli olub


E.Vəliyev və Y.Səfərov
E.Vəliyev və Y.Səfərov

Gəncə şəhərinin keçmiş icra hakimiyyəti başçısı Elmar Vəliyevin səhhəti ilə bağlı ekspertiza rəyi verilib.

Bu barədə vəkil Cavad Cavadov bildirib. Vəkilin qeyd etməsinə görə, ekspertizanın rəyinə əsasən, E.Vəliyevin psixi vəziyyəti onun məhkəmədə dindirilməsinə imkan vermir. C.Cavadovun vurğulamasına görə, ekspert hesab edib ki, məhkəmə prosesi zamanı Vəliyevin vəziyyəti pisləşə bilər.

Məhkəmə prosesi iyulun 15-də davam edəcək.

Vəkilin bu dediklərinə, hələlik, prosesdə digər maraqlı tərəflərin münasibətini öyrənmək mümkün olmayıb.

Bu ilin mayında məhkəmə Gəncənin keçmiş icra başçısı E.Vəliyevin anlaqlı olub-olmadığının müəyyənləşdirilməsi üçün onunla bağlı tibbi ekspertizaya qərar vermişdi. Bu üzdən də proses qeyri-müəyyən vaxta ertələnmişdi. Amma E.Vəliyevə sui-qəsddə təqsirləndirilən şəxslərin vəkilləri və yaxınları bunu gecikmiş qərar sayırdılar. Onlar deyirdilər ki, məhkəmə davam etdiyi bir ildən artıq müddətdə vəkillər belə bir ekspertizanın keçirilməsi barədə dəfələrlə vəsatət vermişdilər. Amma bu il mayın 25-də bu məsələdə "hə" deyən hakimlər əvvəllər onların heç birini təmin etməmişdi.

Keçmiş icra başçısına qarşı sui-qəsddə suçlanan Yunis Səfərov və daha 11 nəfərin işi üzrə məhkəmə istintaqı tamamlanıb. Prokuror Y.Səfərova ömürlük, digərlərinə isə 18 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası istəyib. Bununla belə, sözügedən qərar ilə məhkəmə prosesi bir aydan çox idi ki, dayanmışdı.

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və onu mühafizə edən polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Səfərov həbs edilib. Hüquq-mühafizə orqanları bunu terror əməli sayır, Səfərovun əsas məqsədinin Azərbaycanda islam dövləti qurmaq olduğunu iddia edirlər. Səfərov isə bu iddianı təkzib edir, keçmiş icra başçısını özbaşınalıqlarına, əhaliyə zülm etdiyinə görə öldürmək istədiyini bildirib.

Sui-qəsd hadisəsindən bir həftə sonra - iyulun 10-da Gəncənin mərkəzi meydanında keçirilən aksiyada iki polis polkovniki qətlə yetirilib. Gəncə hadisələrindən sonra ümumilikdə həbs olunan 70-dən artıq şəxsin əksəriyyəti 10 iyulda baş verənlərə görə kütləvi iğtişaşların təşkili, polis əməkdaşlarına qarşı zor tətbiq etmə və s. əməllərdə suçlanıb. Ayrı-ayrı qruplar şəkilində keçirilən bu proseslərdə onlara 6 ildən 18 ilə qədər həbs cəzası kəsilib. Sonradan bir çoxunun cəzası azaldılıb, azadlığa buraxılanlar olub.

Gəncə hadisələrinə görə həbs olunanlar həm saxlanarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildirsələr də, rəsmi qurumlar bu iddiaları təkzib edib. Y.Səfərovun məhkəməsi də ayrı qrupda gedirdi.

XS
SM
MD
LG