Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:36

Helikopter qəzasıyla əlaqədar partiya sədri haqqında cinayət təqibi başladı


Əli Əliyev
Əli Əliyev

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev haqqında cinayət təqibi başlayıb. Onun həbsi tələbi ilə xüsusi ittiham qaydasında qaldırılmış iddialar icraata götürülüb və məhkəmə baxışına verilib. Yanvarın 7-də Yasamal Rayon Məhkəməsində bu barədə qərar çıxarılıb. Xüsusi ittihamçılar isə noyabrın 30-da "Qaraheybət" poliqonunda Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopterin qəzasından sağ çıxan hərbçilər - polkovnik Emil Cəfərov və kapitan Ramin Ədilovdur.

Məhkəmə çəkişməsinə səbəb isə VİP sədrinin dekabrın 9-da Youtube platformasındakı "Osmanqızı" kanalında vertolyot qəzasını şərh edərkən səsləndirdiyi fikirlərdir. O bildirib ki, qəzanın necə baş verməsi haqda müsahibə verən bu iki hərbçinin hadisə vaxtı orada olduğuna inanmır.

Yüksək rütbəli zabitlər bir helikopterdə... ekspert bunun qadağan olunmasını tələb edir
Gözlə

No media source currently available

0:00 0:03:52 0:00

"Söz və ifadə azadlığının pozulmasıdır"

Mahiyyət və tələb eyni olsa da, Cəfərov və Ədilov ayrı-ayrılıqda iddia qaldırıb. Bu üzdən iki ayrı məhkəmə iclasları keçirilib. Partiya sədri özü də, vəkili də yanvarın 7-də məhkəmədə vəsatət qaldırıb ki, bunlar bir icraatda birləşdirilsin. Lakin hakimlərin heç biri buna razılıq verməyib.

Əliyevin daha bir vəsatəti isə bu iddialar üzrə məhkəmə baxışına xitam verilməsi olub: "Mən bu adamların heç birini tanımıram, onların adlarını da çəkməmişəm. Mən ifadə azadlığımdan istifadə edərək düşündüyümü demişəm. Mən elə düşünürəm deyə, məni mühakimə etmək söz və ifadə azadlığının pozulmasıdır".

Partiya sədri vurğulayıb ki, onun vertolyot qəzası ilə bağlı fikirləri məhkəməyə təqdim edilən iddia ərizələrində təhrif olunub. Onun sözlərinə görə, sözügedən videokadrlara tam baxılsa, aydın olar ki, onun fikirlərində heç bir böhtan, qarayaxma əlaməti yoxdur.

Əliyevin bu vəsatəti də təmin olunmayıb. Hər iki məhkəmə iclasında qərara alınıb ki, xüsusi ittiham qaydasında qaldırılmış iddialar məhkəmə baxışına verilsin. Beləliklə, Əliyev təqsirləndirilən şəxs statusunda tanınıb.

"Yalnız pilot..."

Bu işlə bağlı məhkəmə araşdırmaları yanvarın 11-də və 13-də aparılacaq.

"Huşunu itirmiş, 3 min metr hündürlükdən düşmüş insanın üzündə heç bir cızıq, çapıq olmaması, yalnız bazu və said sümüyünün sınması o adamın həmin vertolyotda olmasına şübhə yaradır. Vertolyotun hansı səbəbdən partlamasını və ya qəzaya uğramasını salonda olan sərnişin bilə bilməz. Yalnız pilot pozuntunun nədən başlaması, uçuşda olan problem haqda ehtimal irəli sürə bilər...", – Əliyev qəzanı şərh edərkən belə deyib.

DSX-nın Xüsusi Hava Əməliyyatları Qüvvələri qərargahının taktiki hazırlıq və hava atəşi üzrə baş zabiti Emil Cəfərov iddia ərizəsində göstərib ki, Əliyev onu yalan danışmaqda suçlamaqla nüfuzdan salıb: "Xidmət yoldaşlarım və yaxın dostlarımın ölümü ilə bağlı yalan məlumat verdiyimi iddia etməklə məni cəmiyyət və kollektiv arasında nüfuzdan salıb".

DSX zabitləri Əliyevin CM-in 147.1 maddəsi ilə təqsirli bilinib 6 ay azadlıqdan məhrum edilməsini istəyir.

Sözügedən helikopter qəzası noyabrın 30-da Xızı rayonu ərazisində baş verib. İkisi polkovnik olmaqla, 14 nəfər müxtəlif rütbəli hərbçilər həlak olub.

Dekabrın 20-də Baş Prokurorluğun yaydığı açıqlamada bildirilib ki, pilotların eniş zamanı küləyin istiqamətini və sürətini nəzərə almaması, idarəetmədə yol verdikləri kobud səhvlər helikopterin qəzaya uğramasına səbəb olub.

XS
SM
MD
LG